Qonaq Kitabı
NƏ ÜÇÜN HAQQIMIZI İSTƏMİRİZ?

Zəmanəmizdə bizim kimi boş xəyal və quruntu ilə vaxt keçirən, fürsətdən istifadə etməyən heç bir millət olmasa gərəkdir. Hərçəndi bu malxulyanın bir qismi bir az əvvəl hakim və müstəqil olan bir millətin övladı olduğumuzdan keçmiş parlaq tarixlərimizin, siyasətdəki şan-şöhrətimizin hələ ürəklərimizə verdiyi sevincdən, ümid və qeyrətdən meydana gəlirsə də, böyük və zərərli qismi cəhalət və qəflətimizdən zühura gəlməkdədir. Öylə cəhalət ki, hər kəsin öz vəzifəsini, borcunu, xeyrini unutdurub ismi var, cismi yox Ənqa (Qaf dağında yaşayan əfsanəvi bir quş – Tərtibçi) kimi yuxarılarda, Qaf dağlarında ərşi-əlalarda gəzdirir. Öylə qəflət ki, gözümüzün önündə duran ac, çılpaq, səfil, yetim, gözü yaşlı, yurdsuz, kimsəsiz uşaqlarımızın halını bir dəqiqə olsun mərhəmət nəzərinə verməz. Öylə cəhalət ki, təlimsiz, tərbiyəsiz, tənbəl, səfih, mirasa, ata qazancına göz dikən ləyaqətsiz, millətin gələcəyi üçün vəbadan daha qorxulu, ilandan daha zəhərli, zəhərdən daha kəskin, ölümdən daha iztirablı olan əxlaqsız bir çox dövlət cavanlarımızın halını, gələcəyini düşünmürüz də. Məsələn, Tibetdə ingilislərin hankı yol ilə irəli getdikləri, rəislərinin adı nə olduğu, hankı dağdan, dərədən aşdıqlarını, keçdiklərini və bu barədə Londonda parlamentdə Çemberlenin[1] söylədiyi nitqini incədən-incəyə düşündürür. Yaponiyalıların Port-Arturdan neçı verst və hətta sajen və arşın məsafədə durduqlarını “Lyaoşin” təpəsinə yaponiyalıların hansı saat və dəqiqədə və hansı dağın ətəyindən gəldiklərini və davada vəfat edən əfsərlərin adlarına qədər – bir tükü, qılı qırx parça edərcəsinə bir diqqətlə o dərəcə uzaqdakı keçən hüdudları bizə öyrətdiyi halda, ingilislərin nə qüvvətlə, səbəblə dünyanın o gözəl-gözəl yerlərini topsuz-tüfəngsiz, qansız-qışqırıqsız zəbt etdiklərini və yaponiyalıların bu jnisbətdə qeyrət və şücaətlərini və bu davanın əsl səbəbini bildirməz. Öylə qəflət ki, bu gün ən böyük üləmamızdan başlayıb da ən aşağı bir kəndlimizə varıncaya qədər hər kəsin gecə və gündüz fikrini, zikrini bizdən minlərcə verst uzaqdakı davanın zahiri, adi vüquatları ilə məşğul etdiyi halda dörd gözümüzün önündə millətimizin səfalət, zillət, həqarət, uçurumuna doğru sürükləndiyini göstərmək deyil, xəyala belə gətirmir. Halbuki bu gün bizim ölüm-dirim məsələsi maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də bir tərəfdən davaya məşğul olduqları halda digər tərəfdən onu da əldən buraxa bilmirlər. Bəlkə bir tərəfdən davaya ianə toplanırkən, digər tərəfdən də maarifə sərmayələr ayrılır. İanələrin davaya yağdırıldığı bir vaxtda, keçən ayda Moskvada bir dövlətlinin təzə yapılacaq bir məktəbə 50 000 manat ianə verməsi, rus və Yaponiya hökümətlərinin bu yaxında Berlində məktəblərin islahı xüsusunda qurulan konqreyə dərhal əzalar göndərmələri, böylə bir vaxtda belə maarifə olan təşəbbüs və hərəkətləri, bir millətin canı və ürəyi yerində olan maarifin əhəmiyyət və lüzumunu gözəl isbat edir.

Bununla bərabər, tarix həqiqətlərindəndir ki, neçə minlərcə səlib əhlinin bir ovuc mərifətli müsəlmanlara məğlub olmaları xristianların gözlərini açmış və qovğa Avropa üçün maarif başlanğıcı, səadət mübdəsi olmuşdur. Bunun kimi hər hansı millət olursa olsun məğlubiyyətdən sonra nöqsanlarını bilib, hamı güclərini maarif tərəfdən sərf etməkləri hökumət və nicat qanunu iqtizasından əvvələn gəlmişdir. Bu barədə tarix misallar ilə doludur. Biz müsəlmanlar ki, iki-üç yüz ildən bəri hər cəhətlə məğlub ola-ola gəlməkdəyiz. İtirdiyimizi qazanmaq və yenidən maariflə qüvvətlənmək üçün gündüz deyil, gecə belə çalışmaq fərz olunduğunu yazmaq belə artıqdır.

Bəli, maarifdən xeyli pay götürmüş, bu gün qovğa kimi ən təhlükəli bir halda bulunmuş dövlətlilərin bor gözü yenə maarif cəhətində olursa, biz də hənuz başlanmış olan maarifimiz üçün yas gətirməyib qeyrət etməyimiz meydana çıxır. Xüsusilə, şövkətli padşahımızın və böyük dövlət kişilərimizin bu günlərdə bizə olan daha artıq hörmət və əmniyyətləri bizim bu yolda çalışmamız üçün böyük bir nemət və qənimət olur. Biz, Rusiya müsəlmanları hökümətimizin ədalətinə qarşı hər vaxt sədaqət göstərməyi borc bildiyimiz halda dava kimi dar günlərdə hər dürlü ianə və köməklə ixlas və sədaqətimizi bir qat daha artırmağı da gözəl biliriz. Bu cəhəti boş sözlə deyil, yaralı vətəndaşlarımız üçün hər tərəfdən topladığımız ianələr, etdiyimiz dualarla çox möhkəm isbat etdik. Buna görə çox fəxrlə, cürətlə aləmə bildirmək istəyirəm ki, ruslardan sonra hökumətimizə, Vətənimizə sədaqət göstərən bu qədər müxtəlif millətlərin ən birincisi biz müsəlmanlarıq. Rus qəzetlərinin də təsdiq etdikləri vəchlə bir islam quberniyasından – fəqir cəmaətimizdən toplanan ianənin məcmuu ümumi polyakların ianəsindən artıqdır. Digər millətlər də bu nisbətdədir. Sürməli uyezdinin naçalnikinin rəsmi kağızında, oradakı kasıb, fəqir müsəlmanlardan beş-altı manat toplandığı halda, öxgə varlı millətlərdən ancaq ancaq üç yüz manat toplandığını hər kəs “Şərqi-Rus”da oxumuş, sədaqətimizi qiyas etmişdir zənn edirəm. Burasına da diqqət lazımdır ki, bu ianələrin çoxu millət başçılarımız olan üləmamızın qeyrəti ilə toplanmışdır. Hətta bizim bu dərəcə müavinət və dualar ilə göstərdiyimiz sədaqət və ixlas əsərləri bir çox rus məmurlarını heyrətdə qoymuş və bir para yanlış, əsassız fikirləri də zehinlərindən çıxarmışdır. Bir çox müsəlman əfsərlərinin, saldatlarının bu davadan rus vətəndaşları kimi kökslərini düşmən güllələrinə qarşı verib vətənin mühafizəsinə çalışdıqlarını söyləmək belə artıqdır. İştə bu surətlə həm can, həm mal ilə əmniyyət və etibarını qazandığımız hökumətin bizdən qanun daxilində bir şey əsirgəməyəcəyini bilməliyiz. Boş xülya və xofla indiyə qədər itən və qalan haqqımızın meydana çıxmasına hökumətimizin sühulət göstərəcəyinə əmin olmalıyıq. Hər vaxtın, halın bir təqazası var. Elə bilirəm ki, indi bir az vaxt gəlmişdir. Fürsəti fot etməyək! Bizim həyatımıza vasitə olacaq tazəliyin çox lazımlı bəzi xüsusiyyətlərini hökumətimizdən yavaş-yavaş istəyək. Bu gün millət başçıları yerində olan bəzi üləma adlılarımızın, axundlarımızın, mollalarımızın milləti xaki-əndraz və pərişanə doğru sürütdəyib götürdüklərini hər kəs qışqırır. Bu halda bunların islah və tərəqqi çarəsi milləti batmaqda olduğu tədənnidən xilas etmək demək olduğundan nə qədər gücümüz, həmiyyətimiz varsa, onların zəmani-müqtəziyyata müvafiq tədris və tərbiyələrinə sərf etməkliyimiz lazım görünür. Buna görə indiyə qədər bir-iki zəif təşəbbüslə edilməyən müsaidəyə əsla məyus olmuyaraq indi və bundan sonra şiddətlə çalışmalıyıq. Ümumi Qafqaz üçün bir mədrəseyi-ruhaniyyə meydana gətirməliyik.

Prixod mollalarına camaatın qaydasız, keyfi olaraq verdikləri “imanlıq xərci”nin bundan sonra məzbut və nizami üsul ilə verilib o millət başçılarının məişətlərinin rus, gürcü, erməni ruhaniləri kimi vaxtilə təmin etmək üçün mühəllinə təvəsüt etməliyiz. Cəmaətin kefinə, mərhəmət və insafına qalacaq zaman deyil. Məişət darlaşdı. Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik. Yoxsa irəlidə quru namaz qıldıran da tapılmayacaqdır.

Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkə böyük bir hissəsini biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki cəmaətimizn göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr  zəbt etməkdədir. Bu kimi yerlərə dörd göz olub millət balalarımızın rus məktəblərinə girmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir.

Balalarımızı bir tərəfdən rus məktəbinə göndərməklə bərabər, buralara gedəmiyənlər üçün də hər şəhərdə, hər böyük kənddə xüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız. Bu barədə fikr və xof lazım deyil. Qanun müsaidədir. Ancaq o qanunu bilib ona görə çalışmalıyız. Bu kimi işlərimizə şayət (olmaz ya) mane olan nizamdan bixəbər kiçik məmurlar bulunursa, böyüklərə müraciət etməli.

Hər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, göydə ildızlar, “fin xuançin”dən xəbərlər axtaracağımız yerə gözümüzün önündəki milli, vacibli hallarımıza fürsətdən vaxtında istifadə edib, çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?

 

 

Nemanzadə,

“Şərqi-Rus” qəzeti, 5 may 1904, â„– 52.



[1] Cozef Çemberlen (1838-1914) Böyük Britaniyanın dövlət xadimi, fabrikant. İngilislərin müstəmləkə siyasətinin əsas ilhamçısı və təşkilatçısı. 1895-1903-cü illərdə İngilitərənin müstəmləkə naziri olmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info