Qonaq Kitabı
DİLİMİZ BƏ İMLAMIZ

Ədəbiyyatı olmayan bir millətin, dilsiz insana oxşuyacağını söyləmək üçün dəlilə, təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi... dilləri, sonra da bizim türkcəmiz. Mədənilik ləzgilər, çərkəzlər arasında yayıldıqca öz dilləri də yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, Həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bu günkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur.

Bu qorxu, millətini sevən hər həmiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilin saxlamaq üçün varını yox, canını belə fəda edir. Nə edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ilə danışsalar darıxırlar. Bir kazanlı ilə bir qafqazlının beş, on dəqiqə türkcə danışa bilmələri isə çox az görünür. Yazıları da bunun kimi. Bu suç, bu təqsir hərçəndi adamlardan başqa, əql imdada varsa, böyük və bağışlanmaz təqsiri yenə bizdədir. Hər kəs bilir ki, Kazan və Tiflis kimi uzaq məmləkətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxın məmləkətlərin dilləri arasında belə az-çox bir ayrılıq var.

Havanın, təbiətin, adətin bu təsiri inkar edilməz. Burası bəlli. Həm bu hal yalnız bizdə deyil, dünyanın hər tərəfində də böylədir. Nə hacət! Cənub məmləkətlərin rusları ilə şimaldakıların ahəngi, şivəsi bir dərəcədəmi? İstanbullularla ərzurumluların söyləmələri birmi? Əsla. Amma o ayrılıq, bu təfavüt ilə bərabər qaydada və imla dillərinə məhəbbət sayəsində bir şəhərlilər kimi dərdləşir, anlaşırlar. Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur. Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda və imla xüsusi indiyə qədər bizdə nə üçün meydana gəlməmiş? Burasını yazmaqdan irəli buna münasibəti olan bir balaca təfsil verim: bu gün özü ilə danışanları mədəniyyətliyin yuxarı qatlarına çıxaran hər dilin mütləq və mütləq nizamla bir sayaq da yüngül əlifbası qaydası, imlası, ədəbiyyatı vardır. Bunlar da yenə mütləq öz başına, halına görədir. Bununla bərabər, heç bir dil bugünkü mükəmməlliklərinə öz sözlərilə çatmamışdır. Hamısı bir-birilərinin köməklərinə, yardımlarına möhtac olmuşdur. Dildə ən varlı bildiyimiz ərəbcə belə əbrani, əsuryani, yunanidən... bir çox sözlər almış, bu gün də Avropadan hər vaxt almaqdadır. Hələ fransızların latınlardan, ərəblərdən; rusların fransızlardan, ərəblərdən, tatarlardan aldıqları sözlərin çoxluğu insanı heyrətə salır. Rusların özgələrdən aldıqları sözlərin sayı 75 mindən artıq olursa, bizimkini qiyas etməli. Bəli, hər dil özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu, bir təbii qaydadır. Nə cürə ki, aciz, elmsiz bir adamın güclü, elmli bir adama ehtiyacı var; öylə də maarifdən geri qalan millət dilinin mədəniyyətli, zorlu millətin dilinə ehtiyacı var. Dillər ayrı olduqca bu ehtiyac qiyamətə qədər də olacaqdır. Sözüm, qəsdim bunda deyil. Hər dil özgə dildən minlərcə söz almış, lakin hamısı öz təsrifini, səltənətini də sürəkləmişdir. Bizimki kimi özgələrin kefinə, qaydasına əsir olan heç bir dil yoxdur. Məsələn, fransızlar ərəblərdən aldıqları “qəmbiz”i (köynəyi) “şəmis”, “əmirəlbəhr”i “amiral” (ruslar – admiral), “firəqəteyn”i “fəraqat”; latınlar ərəblərin “darül-sənaye”sini “tərsanə”; ruslar ərəblərin “tərifə”sini “tarif”, “xəzinə”sini “kazna”, “əlcəbr”ini “algebra”; ərəblər yunanların “asterolab”ını “usturlab”, “yevangeli”ni “incil”, “ətir”i “isir”, “nomuz”u “namus”, farsların “sütun”unu “üstəvanə”, “əndazə”sini “həndəsə”, bizim “əntar”ı “əntəri”, “arvad”ı “övrət” surətində, biçimində yazmışlar. Bunlar bu kimi dəyişdirilən sözlərin milyonda biridir. Mənim qəsdim ancaq bir-iki örnək, nümunə göstərməkdir. İştə anlaşılır ki, hər dil özgələrdən aldığı sözləri öz danışığına uyğun hala çevirmiş, pozmuş, yazmış ki, təbii hal da budur. Özgələrin “qayidə”sini olduğu kimi qəbul etmək təbiətsizliyində, yolçuluğunda isə türk ilə farsdan özgə bir dil tapılmamışdır. İştə tarix, iştə meydan, iştə dillər! İndi gələk məqsədə: farscanı özlərinə buraxaq; türkcəmizin bu zamana, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda və imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cəhalətindəndir, fars, ərəb dillərinin hər cürə gərəkli, gərəksiz sözlərini, hələ bizə əsla gərək olmayan qaydalarını dilimizə doldurduğumuzdandır: hər barədə onları təqlid etmək dərdini istəyimizdəndir. Bu müqəllidlik, bu cəhalətlə dilimizin ahənginə əsla girişməyən, şəə, zifda, löhm, mütərərri, xübz, müzəmmə, müsəlləsat, müavvizəteyn...daha bunlara rəhmət oxudacaq böylə minlərcə yad sözləri xatirlərinə, könüllərinə heç dəymiyərək olduğu kimi almışız, yazmışız, yazırız. Böylə tək-tək sözlərin dərdinə yenə səbr etmək olar. Amma dilimizi bərbad edən, anlaşılmamağına səbəb olub bizə çox gərək olmayan (...) minlərcə ərəbcə, farsca qaydalar və ibarələrdir. İndilik bir neçə fənn, şəriət kitabları ayrı olduğu halda türklərin dillərinə heç yaraşmayan bu kimi qaydaları yazmağa, işlətməyə nə zorumuz, nə məcburluğumuz var. Hələ yad sözlərin, qaydaların ən sadələrini yazdım. Mənimlə bərabər hər kəs deyə bilər dilimizdə öylə çətin sözlər, öylə ibarələr var ki, Allah göstərməsin, onları saymaqmı olar?!

Sözümüzün qısası, türkcəmizin varlığını, yaşamağını hamımızın bilikli, hünərli olmamızı, avam üçün yazılan kitabların, qəzetlərin anlaşılmasını istəyirsək bacardığımız qədər “gərəksiz” və “artıq” olan ərəbcə, farsca sözləri, hələ qaydaların çoxunu buraxıb, türkcələşdirdiyimiz təxum, adəm, övrət, dəva, ərəq, mütbəx, əba... daha bu kimi türkcələşmiş sözləri toxum, adam, arvad, dava, arağ, mətbəx, aba... yazmağı sınamalıyız. Bilirəm, bu fikrim indi qəbul edilməyəcəkdir. Nasıl ki, vaxtilə imdiki kimi bir az türkcə yazmaq eyib idi. Öylə də bunlar bu gün eyib sayılacaq, yazanın biliksizliyinə hökm ediləcək, zərəri yox, bir vaxt olar, mənim bu günkü fikrimdə eyib görülməz. Yavaş-yavaş qəbul edilər.

Bu gün məktəblərimizin çoxunda qəbul edilən söfti üsulu öyrətmək qaydasına görə də bundan sonra imlamızın bacarıldığı qədər danışıldığı kimi, yəni səsli hərflərlə yazılacağı anlaşılmaqdadır. Zaman ən böyük düzəldən, tərbiyə edəndir. Bu həqiqəti də bir vaxt meydana çıxaracaqdır. Bu barədə hamı öz ürəyinə və vicdanına sorsun, müraciət etsin. Boş yerə etiraz edəcəklərinə işim yox. İnsafla cavab yazanlarla danışırız, bilmədiklərimi öyrənərəm. Bitirmədən burasını söyləyim ki, türkcə yazmaq yüngül, asan iş deyil. Bu yazdığımda belə nə qədər ərəbcə sözlərin yerinə türkcə yazmaq istədim, bacarmadım, biləmədim. Məqsədim işə başlamaqdır. Əlbət, yavaş-yavaş öyrənəriz. Sonra yüngül, dadlı olar. Yazacağım hələ bitməmişdir.

 

Nemanzadə.

“Şərqi-Rus” qəzeti, 7 aprel 1904, â„– 40.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info