Qonaq Kitabı
FELYETON

“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehinnən bunu annadım ki, Gəncədə müsəlman cavanları rus dilində bir qəzet çıxarmaq istəyirlərmiş. Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbəlayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməd başa düşəcək?

Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir.

“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzetə ilə bir də Gəncədə rus dilində bir qəzetə qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun, o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayi Sadığın canına ki, Naseh yazan qəzetəni bəzzaz Səməd açıq üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzetəni yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə və bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetəsindən bir mətləb çıxartsın.

Bu hələ indi belədir, amma bir az da belə getsə, bir az da irşadlarımız poçtadan gələn məktubların dilinə əhəmiyyət verməyib tələsik mətbəəyə göndərsələr, o vədə çox çəkməz ki, Gəncədə baqqallarımız və bəzzazlarımız qəzetə oxumaq istəyəndə, əlbəttə və əlbəttə, rus qəzetəsini axtaracaqlar, o səbəbə ki, müsəlman qəzetlərimiz oxunmaq üçün yazılmırlar, şöhrət üçün yazılırlar.

Çox təəccüb.

Hər kəsdən soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qələm alanda çıxırlar göyün üzünə, heç biri cavab verə bilmir. Ancaq bu gün dostum “Yetim cücə” mənim bu sualıma belə cavab verdi:

− Müsəlman dər əsləş insan bud, ma xastim ki, müttəfiq, müttəhid, sahibi-əql, elm və ədəbi eliyək. Əlif ki, əlaməti insaniyyət idi, əvvəlindən və ortasından atdıq, “nsən” oldu, yəni özgələr sual elədilər: nə sən? O səbəbə s ki, əlaməti-əql və şüur idi və iki nunlar ki, əlaməti-ittihad və tərəqqi idilər, yenə atdıq, yerində bir şey qalmadığından labüd, laəlac m ki, müxəbbətlik, s səfahət, l lallıq, m məzlumluq, a axmaqlıq və n ki, naümidlik əlamətləri idi, be yekcə cəm kərdim, müsəlman şod, yəni müxəbbət, səfih, lal, məzlum və axmaq dərhali-hazır və dər zəman ayənde...

Allah Gəncə mədrəseyi-ruhaniyyəsinə bərəkət versin.

 

Lağlağı.

“Molla Nəsrəddin”, 8 oktyabr 1911, â„– 35.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info