Qonaq Kitabı
SÖHBƏT

 Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında

 

Mütəəllimə − Müəllim əfəndi, görünüz, nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefinə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xəidcə xanım![1]

Müəllim – Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyəyə müvafiq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl etmək istəyirsiniz, o vaxt kef genə bizimdir.

Mütəəllimə − Bu nə söz, şəriət kişilərin kefi deyil ki?

Müəllim – Kefi deyilsə də, kefinə müvafiqdir.

Mütəəllimə − Heç vaxt !

Müəllim – Hər vaxt !

Mütəəllimə −Başa düşmürəm, bu nə cür ola bilər?

Müəllim – Nə cür olacaq, şəriət kitablarında açıq yazılıbdır ki, kişilər arvadların qivami sahibidir. Namaz qılmasanız döyərik, oruc tutmasanız söyərik, rüsxətsiz evdən bir addım atsanız ənginizi əzərik. Kefimiz istəyəndə boşarıq. Birimci arvadın yaşı bir az ötəndə onu aşxanada buraxıb ikincisini, üçüncüsünü, hətta dördüncüsünü də alarıq.

Mütəəllimə − Öylə, amma eşitmişəm ki, şəriətə müvafiq ikinci arvad almaq çox çətin.

Müəllim – Çətin o vaxt olardı ki, heç rüsxət olmuyaydı. İndiki var, yol tapmaq nə çətin şey? Allah “hiyleyi-şəriyyəmizə” bərəkət versin.

Mütəəllimə − A müəllim əfəndi, siz bu gün lap özgə cür danışırsınız.

Müəllim – Söz açıldı da deyirəm. Çox da sevinmə ki, “İşıq” çıxdı, insanlıq yolu ilə istədiyimizi elərik.

Görürsən, İstanbulda bir xanım fotoqrafiyasını aldırmış ki, uzaqda olan bacıqardaşına göndərsin. Bu xəbəri “İşıq” duyan kimi bax o xanım üçün nə qiyamətlər qopartdı. O xanımı şəriətdən çıxmış bir böyük günahkar hesab etdi və həqqi də var idi.

Mütəəllimə − Bağışlayınız, bunda bir yanlışlıq olmalı. Fotoqraf çıxartmaqda nə var? Xədicə xanımın özü də çıxarıbdır. Özü də Tiflisdə həmişə üzüaçıq gəzirdi. Avamı aldatmaq üçün ikiüzlü olmağı Xədicə xanıma layiq görmürəm.

Müəllim – Öylə, amma Xədicə xanım bu gün “mühərrirə” oldu, borcudur ki, elə yazsın, şəriət xadiməsi görünsün.

Mütəəllimə − Öylə isə atamın sözü həqdir ki, deyirdi: müsəlman mühərrirlərinin öz əməl və əqidələri ilə yazıları arasındakı fərq mollaların ağ sarıqları ilə qara qəlbləri arasındakı fərqdən artıqdır.

Müəllim – O bəhsləri buraxaq, “İşıq”ı oxuyun, görək nə qanırsınız.

Mütəəllimə − 3-cü nömrə 7-ci səhifə: “Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsən nədir?” Müəllim əfəndi, “rahində” sözünü başa düşmədim, nə deməkdir?

Müəllim – “Rah” farsidir, yol deməkdir.

Mütəəllimə – Öylə isə onu yazan Həyat xanımın sualına mən cavab verim: Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsən “yol” sözünün yerinə bilgi satmaq üçün “rah” yazanlardır.

Müəllim – Bir az daha oxuyunuz.

Mütəəllimə – (oxuyur) “Zülmət niqabı bizim ruyimizdən götürülməyəcəkmi?” Burada da “ru” sözünü bilmədim.

Müəllim – Türkcə “üz” deməkdir.

Mütəəllimə – Öylə isə zülmət niqabı bizim üzümüzdən o vaxt götürülər ki, öz “üzümüzün” qədrini bilək və üzümüzü tanıtmamaq üçün “maska” keçirməyək. Burada genə atamın sözləri yadıma gəldi. Rəhmətlik deyərdi ki, müsəlman əlinə qələm aldımı, deyəsən özgələşir, türklüyündən, özlüyündən çıxır. Axtarır ki, harda bir ərəbcə, farsca söz varsa tapıb yazsın. Doğrudan da belədir. Budur, Xədicə xanım yazır: ”Əli əl-cəmalı qəsəbi-hüquq...”

Müəllim – Hər şeyin gözəlliyi cövlündən, işindən bilinər. məsələn, arvadı gözəlliyi əlindən, kişinin yaxşısı bığlarından (müəllimin bığları gözəldir), yazıçının böyüklüyü və hünəri də türk sözlərinə fars və ərəb sözlərini qarışdırmağından bilinər.

Mütəəllimə – Böyük millətlər qalsın, qonşumuz gürcülər belə bu bəhsi yüz il əvvəl qurtarıblar. Amma heyf ki, biz indi başlayırıq. Qərəz buraya keçək.

Müəllim – Öylə qanıram ki, siz üzüaçıq gəzməyə də tərəfdarsınız?

Mütəəllimə – Əlbəttə, kim öz həya və ismətinin yoxluğundan qorxursa və kim özünü saxlaya bilmirsə, qoy onlar qapansın. Bəli, zülmət niqabını, bu vəhşi adəti, bu uşaq oyuncağını götürək.

Müəllim – Sonra din?

Mütəəllimə – Din ağıldır, ağıla yaraşmayan gərək dinə də yaraşmasın.

Müəllim – Şüytanın ağılı olsaydı, ilanın ağzından cənnətə girdikdən sonra bir də çıxıb başını bəlalara salarmıydı?

Müəllim – Qədri, yazısı öylə imiş.

Mütəəllimə – Bəlkə biz arvadların da qədri yalançı hicab niqabını atmaqdadır.

Müəllim – Siz məktəblilər ilə şeytan da başarmaz. Şükür Allaha ki, Xədicə xanım sizə çox oxşamır.

Mütəəllimə – Xədicə xanımın qələminə baxma, ürəyinə bax. Bax ki, hər nömrəsinin birinci səhifəsində balaca qıza işığı göstərən arvadın nəinki üzü, hətta döşü də açıqdır.

Müəllim – Hələ ver görüm. (“İşıq”ı alıb baxandan sonra) Tfu şeytan sənə, atalarımız onunçün deyiblər ki: “Ata, itə, arvada inanmaq olmaz”.

(Sonrası lazım olsa yazılacaq).

 

 

Lağlağı.

“Molla Nəsrəddin”, 9 mart 1911, â„– 10.



[1] Xədicə xanım Əlibəyova – Azərbaycanın ziyalı qadınlarından biri. 1911-1912-ci illərdə Bakıda “İşıq” adlı ilk qadın jurnalı nəşr edirdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info