Qonaq Kitabı
TƏŞƏKKÜR

İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir.

Bu eylə əhəmiyyətli bir məsələdir ki, həyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun təhti-təsirində bulunmuş və əlan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən də arzu edərdim. Lakin bunun üçün cəsarətli, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi[1] həzrətləri “Səda”[2]nın 10, 11, 12, 13-cü nömrələrində alimanə nəşriyyatı ilə “sətrin” şəri olmadığını, yəni müsəlman arvadlarının üzüaçıq gəzə biləcəklərini möhkəm və şəri dəlillər ilə isbat və bəyan edib məqami-fitva pənahidən bu çətin məsələyə nəhayət verdi.

Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edirəm.

 

 

Ömər Faiq Nemanzadə.

“Molla Nəsrəddin”, 25 yanvar 1911, â„– 4.



[1] Azərbaycanın məşhur maarifpərvərlərindən biri olan Hüseyn Əfəndi Qayıbov (1830-1917) nəzərdə tutulur. O, 1881-ci ildən ömrünün axırına qədər Zaqafqaziya müftisi olmuş, mütərəqqi qüvvələrə, yeniliyə rəğbət bəsləmiş və əlindən gələn köməyi göstərmişdir. Qori müəllimlər seminariyasında Azərbaycan bölməsinin açılmasına ilk təşəbbüs göstərənlərdən biri də Qayıbov olmuş və bir müddət orada dərs demişdir. Qayıbov ədəbiyyatla da maraqlanmış, klassik və müasir şairlərimizin irsinin toplanması ilə məşğul olmuş və dörd cilddən ibarət “Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” adlı əsər hazırlamışdır. Burada yüzdən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilmişdir.

[2] 1909-1911-ci illərdə Bakıda Haşımbəy Vəzirov tərəfindən Azərbaycan dilində nəşr olunan qəzet.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info