Qonaq Kitabı
PİŞİK

Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən də başladım.

Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər nə gizlədirdisə, tapıb yeyirdi. Çox harami idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gələrəm, yeyərik.

Analığım dolma bişirməyə başladı. Mən də mollaya oxumağa getdim. Nahar vaxtı gəldim. Atamı çox gözlədim ki, gələ, bərabər nahar edək, gəlmədi. Mən isə acından ölürdüm. Analığıma yalvardım ki, bir az mənə yemək versin, vermədi. Kəpcəyi başıma vurub qovdu və dedi:

– Atan gəlməmiş sənə bir zad yoxdur.

Dişarı çıxdım. Lakin acından gəzməyə halım yox idi. İkindi keçirdi. Dəxi səbr edə bilmirdim. O biri qapıdan yavaşca girdim evə, dolmadan bir az cibimə doldurdum, dişarı əkildim. Divarın arxasında gizlənib yedim. Yeyib qurtarandan sonra ağlım başıma gəldi. Fikirləşdim ki, analığım axşama dolmanı görəcək, yeyildiyini anlayacaq. Məni atama kefi istədiyi kimi döydürəcək. Düşündüm, mən nə qayırım, qurtulum. Xeyli fikirləşəndən sonra bizim oğru pişik (o da görünür aclığından oğurluğa çıxmışdı) yanıma gəldi. Yavaşca tutub mətbəxə saldım. Qapını möhkəm qapadım. Özüm də gəlib analığımın yanında oturdum. Bərabər atamı gözlədik ki, gəlsin, nahar edək. Axşama yovuq atam gəldi. Analığım mətbəxə yüyürdü. Bir az sonra dizlərinə vura-vura gəldi və ağlayan kimi edib dedi ki, torpaqlar başıma, yanı qara, gəbərəcək pişik dolmanın hamısını yeyib. Atam acıqlandı. Süpürgəni aldı. Hamı bərabər pişiyi döyməyə getdik. Qapını qapadıq. Atam süpürgə ilə, analığım başmaq ilə pişiyi o qədər vurdular ki, harada gizlənəcəyini şaşırdı. Miyo...miyo – deyə yanıqlı bağırırdı. Özünü bu bucaqdan o bucağa vururdu. Analığım tutmaq istədi, ətəyi ilişib arxası üstə yıxıldı. Atam daha da acıqlandı. İstədi ki, pişiyi lap öldürsün. Pişik qandı ki, qurtulmağa çarə yox, birdən atamın üstünə tullandı. Əllərini elə bərk cırmaqladı ki, qan axmağa başladı. Atam gördü ki, işin orası deyil, qapını açdı, pişiyi azad etdi.

 *  *  *

Mən hekayəmi qurtardım. Sonra Məşədi Mozalan bəyə dedim ki, sən çox yerlər gəzmişsən, çox kitablar oxumuşsan, əqilli bir zad söylə mən də eşidim.

Məşədi Mozalan bəy – Lağlağı, Bakının üstündə “Hilal” (1911-ci ildə Bakıda çıxan “Hilal” qəzetinə işarədir) niyə elə ləkəlidir? Afərin deyərəm bilsən.

Mən:

– Bəlkə camaatdan utanıb əlini üzünə tutub.

– O da bir yenilikdir, lakin elə deyil.

– Bəlkə məhərrəmlikdə Bibi-Heybətdə başını yarıb.

– Afərin, indi bildin. “Arı”nın[1] da vızvızını eşidirsənmi?

– Eşidirəm, nə var? Yoxsa o zarıltını da musiqiyə oxşatmaq istəyirsən. axır mən sənə dedim ki, ağıllı-başlı şeylərdən danış. Sən götürüb uşaq işlərindən söz açırsan.

– Yaxşı, onları buraxaq. Sən bu yazıçıların və ağıllı-başlı adamların sözlərinə nə deyirsən ki, hey deyirlər: “Adam elə yazmalı, elə mülayimanə söyləməli ki, heç bir kəsin əqidəsinə, adətinə, işinə, nəfinə toxunmasın, kefinə dəyməsin”. Məsələn, arvadlarımızdan danışanda nəbadə “hicab” sözünü dilinə gətirəsən. Əgər gətirsən, millətə, insaniyyətə xəyanət etmiş olursan. Çünki camaat səndən, həm də maarifdən nifrət edər, uşaqlarını oxutmazlar. Arvadlardan danışanda ancaq oxumağın yaxşı olduğunu deyəsən. Oxuyandan sonra nə cür olacaqlar, nə edəcəklər, burasının üstünü açmayasan. Bir sözlə, qaş qayırarkən göz çıxarmayasan.

– Mənə qalsa, onlar Keçəllər məhəlləsinin və Şeytan bazarının sözləridir. Çünki “hicab” məsələsindən sonra qızların oxumaları, xüsusilə, rus işkollarına getməkləri daha çox artdı.

– Yoldaş, doğrusu, onların sözləri mənim də beynimə batır. Hər şey gərək yavaş-yavaş ola. Bu cahil camaata birdən-birə hər şeyi demək olmaz. Onlardan ayrılmaq da olmaz. Onlar məscidlərdə mərsiyə oxudurlar, sən də qəzetini gərək mərsiyə şerləri ilə doldurasan. Mollalar bilməyə-bilməyə xurafatı dini ehkam deyə vəz edirlər, sən də gərək bilə-bilə hədərən-pədərən ilə “va şəriəta” ilə camaatı öz tərəfinə çəkəsən. Görmürsən, yaz gəlməmiş çiçək açılmır. Vaxt gəlməmiş İran oyanmır. Məgər təkamül qanununu danırsanmı? Görünür, İran güclü təkmə və zor görməyib, yoxsa nəinki oyanmaq, bir-iki addım da o yana tullanar. Fransa, Osmanlı inqilabı, yəni ora pişiklərinin çırmaqları olmasaydı, o məmləkətlər bu gün bu halətdəmi olarlardı?

– Osmanlı inqilabı ilə pişik cırmağının nə münasibəti?

– Münasibəti budur ki, döyülməkdən, xurafatdan, əsarətdən, cəhalətdən qurtarmaq üçün arabir “cırmaq” da lazımdır. Bir kərə qüvvətli, kəskin bir əl meydana çıxıb ona mane olanları cırmaqlasa, sırakılara yol açılar, iş asanlaşar.

– Boş fəlsəfə, daha doğrusu, səfsətə: insan niyə işini elə tutur ki, cırmaqlanmağa möhtac qalır. Ağıllı adam sözlərini elə mülayimanə və yavaş-yavaş söyləyə bilər ki, heç kəsin əqidəsinə, adətinə toxunmaya, nifrət qazanmaya. Həm özü rahət eyləyə, həm də işini görə.

– Bu sözlər Şəki mollalarının sözləri kimi zahirən xoş, batilən boşdur. Həzrət Məhəmməddən, Musadan, İsadan, Qalileydən, Tolstoydan, İbn Rüşddən, Midhət Paşadan daha böyük peyğəmbər, alim və həmiyyətli kimlər var? Görək bunlar camaatla nə cür rəftar ediblər. Halbuki həmişə bunların izləri ilə getməyə, bunlara tabe olmağa can atırıq. Əgər həzrət Məhəmməd öz ata-babasının, öz qonşu və camaatının əziz və müqəddəs olan əqidələrinə, adətlərinə, dolanmaqlarına toxunmayıb, onların xoşuna gedəcək surətdə yavaş-yavaş rəftar etsəydi, camaatın öldürməyindən qurtulmaq üçün gecə ilə Mədinəyə qaçmağa məcbur olardımı? Əgər həzrət Musa firon və camaat ilə mülayimanə dolansaydı daha çöllərdə qalarmıydı?

Əgər həzrət İsa milləti ilə xoş keçinsəydi, onların əqidəsinə toxunmasaydı dar ağacından asılıb ölərdimi?

Əgər həzrət Zəkəriyyə öz camaatına bəli-bəli deyib müdara etməsəydi xızarlanıb tələf olardımı? Əgər həkim Qaliley dünyanın hərləndiyini inkar edib xoş rəftar etsəydi, dırnaqlarından çəkilərdimi? Əgər İbn Rüşd, İbn Sina mollaların və avamın ziddinə danışmasaydılar, təkfir olunarmıdılar?

Əgər Midhət paşa ümumin fikrinə riayət etsəydi, zindanda köməksiz qalıb boğularmıydı? Əgər Tolstoy öz əqidəsi üstə durmasaydı, kilsələrdən qovularmıydı? Dəxi hansı birini sayım!

– Dəxi bir zad lazım deyil, peşman oldum pişik hekayəsinə qulaq asmağa. Ax pişik, pişik.

 

 

Lağlağı.

“Molla Nəsrəddin”, 1911, â„– 3.



[1] 1910-1911-ci illərdə Bakıda nəşr olunan satirik jurnal.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info