Qonaq Kitabı
PİŞİK*

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi – ay buz, sən nə zalımsanmış? Buz dedi: mən zalım olsaydım, gün məni əritməzdi. Dedi: ay gün, sən nə zalımsanmış? Dedi: mən zalım olsaydım, üstümü bulud almazdı. Qərəz, bulud da bir başqasına zalım deyib, axırı hamıdan zalım pişik çıxır. Amma hər kəs nağılı axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının pişiyə nə dəxli.

İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab edir, biz də başlıyaq soruşmağa görək təqsirkar kimdir.

–  Ay əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?

– Biz heç zalım deyilik.  Bizim zəhmətimiz çox, məvacibimiz az, xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar.

– Ay qəzetçilər, siz nə zalımsız, niyə əmələlərin məvacibini artırmısınız?

– Biz zalım deyilik, zalım millətimizdir. Əgər millətimizin yüzdən biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik.

– A millət, siz nə zalımsınız, niyə qəzet oxumursuz.

Biz zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!

– Bəs niyə uşaqlıqdan məktəbə getmədiz ki savadsız olduz.

– Getmişik! Hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də əlif-zəbər demişik. Bununla belə indi yenə heç zad bilmirik.

– Bəs niyə özgə millətlərin uşaqlarının hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür yazmaq-oxumaq bilir?

– Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş elə evdə öz-özündən hərfləri tanıyırlar, zalım bizim əlifbamızdır!!!

Doğrudan belədir! Vallah belədir! Billah belədir! Qəzetlər yerimir camaatın savadsız olmağına görə, camaat savadsızdır əlifbamızın pisliyinə görə!!!

Məni dünyada bir şey çox yandırır: məsələn, üləmaya söz demək olmaz və demirik də, çünki vərəseyi-ənbiyadırlar. Seyidə söz demək olmaz – zaçem? – çünki əksəri övladi-peyğəmbərdilər. Falçıya, cindara söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var. Bircə bilmirəm, bu ərəb əlifbası nədir ki, toqi-lənət olub keçib boğazımıza? Niyə cəsarət edib onun boynunun ardından vurub salmırıq eşiyə!!! A canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yarayan bir əlifba düzəltsək yanı qiyamət qopar? Qafqazdan sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb və nə işqol, amma tamam meydanların və restoranların qapısında viviskaların və işçərisində stolların nömrələrini oxuyurlar. Və bir yerə məktub göndərəndə də paketin üstündə özləri yazırlar. Rus qəzetlərinin hürufatından oxuyurlar. İntəhası dilini başa düşmürlər. Nə olar, yanı biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi olan əlifba düzəldək? Onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir günahi-kəbir etmiş olarıq? Görəsən, tazə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əgər görürlər, bəs niyə dinmirlər? Hər kəs mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tək Qafqazdan yarım milyon qəzetə müştərisi verim. Hə, gər hünərin var, gəl mərc eləyək, onda bilərsən ki, müsəlman qəzetlərinin bağlanmağına səbəb nə əmələdir, nə qəzetçidir, nə camaat, qarı nənənin buz üstündən yıxıldığına səbəb pişikdir, qəzetlərin də bağlanmağına səbəb əlifba!

Di gül, büz dodağuvu, nə qədər güləcəksən gül !!!

 

 

* Ömər Faiqin bu sərlövhə ilə bir neçə yazısı var.

 

Çoban.

“Molla Nəsrəddin”, 22 avqust 1910, â„– 32.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info