Qonaq Kitabı
POÇTXANA

Mən indiyə kimi hələ qana bilməmişəm ki, bu poçtxananı urus nədən ötrü icad eləyib. Deyirlər ki, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Gənə dəmir yolu olmaya, araba yolu olmaya, adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçün bəlkə poçtxana...... Tiflisdən Gəncəyə gecən var, Şəkidən Şirvana gedən var – dəxi poçt nəyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi, ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.

Yəni maşallah, bizim müsəlmanlar bu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim səliqəmdi, onlar da elə rəftar eləyirlər.

Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: “Cənab Molla Nəsrəddin, mən Kərbəlayi Əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəlimci nömrədən başlayıb göndərəsiniz”.

Çox əcəb. İki gün keçər, xəbərimiz olur ki, “Qeyrət” mətbəəsinə bir adam gəlib və deyib: “Mən Molla Nəsrəddini görəcəyəm”. Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə və filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eliyirlər ki, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir də görürsən ki, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra həmin şəxs gəlir çıxır Mollanın idarəsinə.

– Salaməleyküm.

– Əleykəssəlam, haralısan?

– İrəvanlı.

– Adın nədir?

– Məşədi Cəfər.

– Nə qulluq?

– Bir elə qulluq yoxdur. Ancaq ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məəttələm. Neçə dəfə fayton ilə mətbəəyə getmişəm, sizi tapmamışam, deyiblər ki, Molla hamama gedib.

– Bəli, bağışlayınız, indi nə qulluq?

– Xeyr, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin, ürəyim yanıb, bu gün səhərdən sizi gəzirəm. Çünki Kərbəlayi Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam.

 

Bir gün Salyandan belə bir kağız alırıq: “Cənab Molla Nəsrəddin, mən bu gün burada bəradəran Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovların şəriki cənab Hacı Ələsgər Hacl Nəcəf oğlundan alasınız”.

Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazarına ki, görsün cənab Hacı Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, tapa bilmədim. Sabahısı gün genə həmin adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gəlib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama. Şagirdi də dedi ki, mən bilmənəm. Bir gün keçir, genə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, mənə bu barədə bəradəran Hüseynovlardan bir sifariş gəlməyib, gələndən sonra baş üstə, verərəm. Bir həftə gözləyib genə adam göndəririk.hacı Ələsgər cavab verir ki, sən get, mən pulu özüm gətirərrəm Mollanın xidmətinə.

Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradavoylardan müsəlmanca Molla Nəsrəddin idarəsini soruşurlar. Bu dəfə tapmayıb geri qayıdırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəkə və qışqırıq ilə girirlər içəri, kəhildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su içəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib bəradəran Hüseynovlara ki, sizə yetişsin.

İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir “perevod” kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə Molla Nəsrəddin idarəsinə, filankəsin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticarət aləmində bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ilə bir kəsə 5 manat göndərə bilsin?

Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbət edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. mən istəyirdim haman nömrədə cəfəngiyyat əvəzinə bir siyasi məqalə yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti nə vaxt, haradan başlanıb, istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu və ildə bir dəfə Osmanlı sultanları paşaları və yanıçarları göndərib serblərin bir az başlarına tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət edərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa və məşrutəli bir kraliça oldu. Hərçəndi məxluqu iki milyondan bir azca artıqdır, amma di gəl ki, başladılar məktəblər açmağa, darülfünunlar açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ilə kəllə-kəlləyə vuruşsunlar. Hə, nə üstə? Bosnya üstə. Bosnya nədir?

Xülasə, istəyirdim buna oxşar bir söhbət başlayam, amma öz-özümə dedim ki, ay Molla Nəsrəddin, sən dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır, məgər bu cür camaat üçün rəvadırmı yazmaq ki, nə bilim, Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayidə ilə 5 manat göndərmək.

Hələ qabaqca bunu bilmək lazımdır.

Genə deyəsən uzun oldu.

 

 

 

Lağlağı.

“Molla Nəsrəddin”, 22 fevral 1909, â„– 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info