Qonaq Kitabı
ZİYARƏT

Sən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sən hər şeyi eşidirsən? Eylədə de görüm, eşidirsənmi mənim nəvəm Güllünün əhvalatını? Heç eşitməyibsən. Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.

Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma mən getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgilə və başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qıza necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən...”

Xülasə, başa gəlmədi. Yeznəm sözümü qəbul eləmədi. Bəs sən deyirsən ki, “mənim qulağım var, hər şeyi eşidirəm”. Bəs sən hər şeyi eşidirsən, eylədə de görüm, niyə bu əhvalatı eşitməyibsən?

Əlacım kəsilib nəvəm Güllüyə dedim: “Balam, bunun özgə çarəsi yoxdur. Dur səni səni xəlvətcə aparım ölümüzün və dirimizin sahibi şəriətmədar Hacı Seyidağagilə. Çünki o bir mömin dindar və etibarlı vücuddur və bundan başqa ümidgahımız yoxdur”. Nəvəm Güllü razı oldu.

Bəs əgər sənin hər bir şeyi eşitməyə qulağın var, nə səbəb bu vaqiəni eşitməyibsən? Nəvəm Güllünü aparıb qoydum Hacı Seyidağagildə və ağanın ayaqlarına düşüb yalvardım ki, bir neçə gün mənim nəvəmi saxlasın. Amma bunu deyim ki, Güllü nə Güllü, Allah sizə də belə nəvə qismət eləsin: ətli, canlı, sərv qamətli, saçlı, buxunlu, özü də ki, yeni yetişmə. Yanaqları da elə bil ki, sensuz alması. Sənəm və sərv qədər laləzar və... xülasə.

Sən deyirsən ki, mənim gözüm var, hər şeyi görürəm. Bəs bu surətdə ki, sənin gözün var, niyə bu işləri görmürsən, bir de görüm, nəyi görürsən?

Bizə məlum olur ki, sən bircə əba və qabanı görürsən. Müxtəsər, mən evə qayıdandan sonra Hacı ağa bir qədər nəvəmə tamaşa edib qıza deyir: “Qızım, əvvəla sən xətircəm ol ki, mən heç kəsə sənin nikahını oxumanam, əgər razılığın olmasa. İkinci də budur ki, sənin burada qalmağın şəriət üzrə dürüst deyil. Ya gərək burdan çıxıb gedəsən, ya da ki, mən gərək sənə bir siğə oxuyum ki, mənə məhrəm olasan, bunu da görürsən ki, mənim övrətim gedib Kərbəlaya ziyarətə. Övrətim gələnə kimi sən də mənə qulluq eləyərsən. Həm Allah səndən razı olar, həm də peyğəmbər, vəssalam”.

Dəxi də sən mənə demə ki, qulaqlarım var eşitməkdən ötrü, gözlərim var görməkdən ötrü.

Görsənən budur ki, sən bircə əba və qabanı görürsən və “E”nin boğazdan gələn məxrəcini eişdirsən. Görsənən budur ki, dəxi bundan başqa sən nə bir şey görürsən, nə də bir şey eşidirsən.

Haman gün nəvəm Güllü başmaqlarını da Seyidağaya qurban edib ayaqyalın qaçıb gəldi yenə mənim yanıma.

Bəs deyirsən “mənim gözüm var”.

Bəs deyirsən “mənim qulağım var”.

Bəs hanı?

Nəql eləyib Məşədi Xəkəndaz, yazıya götürüb Lağlağı.

 

 

Lağlağı.

“Molla Nəsrəddin”, 1908, â„– 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info