Qonaq Kitabı
ALLAHA RÜŞVƏT (Axalsixdən)

Ay Molla dayı, keçən həftə qoca atam Allahın rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin.

Vallah ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlarımı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atamın ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi, bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qarışqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağ başlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov... Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalarıyla mollaların Quran oxumaları bir-birinə qarışanda nə qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəlilə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”.

Elə ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”.

Çarəsiz çəkildim kənara.

Molla dayı, görəydin qoca fağır atamı nə mədh, nə tərif edirdilər, deyəsən, zəmanənin tək mücahidi, məmləkətin dirəyi, camaatın biləgi idi. Sənin bəyənmədiyin arvadlar nə muğamlar, nə havalar oxuyurdular! Bunların mədhiyyələrini eşitdikcə az qala özüm də atama şəkk gətirirdim. Halbuki, doğrusunu demək lazım gəlsə, rəhmətlik atam Allahın ən yazıq, dilsiz, bisavad bir bəndəsi idi, öz şəhərindən savayı dünya bilməzdi, bozbaşdan özgə bir zad tanımazdı, saqqalına xına qoymaqdan qeyri əlindən bir şey gəlməzdi.

Ay molla, arvadların ağlaşma dərgahı, mollaların bu çay-çörək büsatı bir cür ötüşdü. Bir neçə yüz manatla rədd və dəf olundu. Bunlar da cəhənnəm, amma mənim sözüm bunlarda deyil, dərdim özgə dərddi. Bilmirəm, mənim evimi yıxan “dövr” büsatı sizin tərəflərdə də varmı?

Qoy “dövr”ü sənə anladım... Bizim tərəfdə biri öləndə çoxlu molla və mollaya bənzəyənlər ölü evinə yığılıb həlqə otururlar, nə cür ki, cavanlar durub dirədöymə oynarlar. Ölü sahibi öz gücünə görə min manat, iki min manat, beş min manatlıq qızıl, gümüş umarəti (məsələn, boğazlıq, bilərzik, sırğa, kəmər, gərdənbağı...kimi zadları) bir yaylığın içinə qoyub gətirir, hər kəsə cərgə ilə verir, yenə geri alır. Verən kimi belə deyir: bu pulu sənə Allah rizası üçün verdim, qəbul etdinmi? Alan şəxs də deyir: Allah rizası üçün qəbul etdim. Yenə sənə hibə etdim. Əgər həlqədə oturanların sanı əlli olsa və yaylıqdakı umarətin qiyməti iki min manatlıq olsa, ölü sahibi ölünün xeyrinə, yəni sağlığında qılmadığı namazın, tutmadığı orucun, vermədiyi zəkatın əvəzinə yüz min manat kasıb-kusuba paylanmış hesab olunar və hamı günahı bağışlanar. Yəni günahı bu “dövr” pulu ilə əvəz edilir, anadan doğulmuş təki məsum və günahsız olur.

Molla dayı, elə bircə özünü ağıllı bilirsən. Görürsən üsulu, görürsən alveri: ölü sahibi bu cür “dövr” şəri ilə heç bir fəqirə bir qəpik verməmiş ölünün xeyrinə minlərcə manat vermiş hesab olunur. Bu cür şəri-əməl ilə həm cibdən bir qəpik çıxmaz, həm də şəriət əmri yerinə gəlib Allah da razı olar.

Bizim bu şəri “dövr”ümüz qədimdən bəri həmişə bir qayda ilə əmələ gəlirdi: ölü sahibi bir-iki min manatlıq umarəti götürüb hələqədə oturanlara cərgə ilə verirdi, yenə geri alardı. Amma bədbaxtlığa bax ki, heç ağla gəlməyən iş mənim başıma gəldi. Rəhmətlik atamın “dövr”ündə qonşumuz Gülsüm xaladan min manatlıq gümüş-qızıl umarət əmanət alıb götürdüm. Necə ki, şəri qatdamızdır, “dövr”də oturanlara bir-bir verib geri alırdım. Növbə molla Süleyman molla Osman oğluna gələndə dedim, Allah rizası üçün bu pulu sənə verdim, qəbul etdinmi? Molla Süleyman: Allah rizası üçün qəbul etdim – deyib aldı, cibinə qoydu. Hey istəyirəm, vermir və deyir: Allah rizası üçün verdin, mən də qəbul etdim. Keyfim istər verərəm, istəməz verməm. Zorla istəməyə nə haqqın?

On gündür ki, Gülsüm xala gəlib əmanət istəyir və məhkəməyə şikayət edəcəyəm – deyir. Bilmirəm nə edim. Cənab qazının yanlna getdim, molla Süleymandan şikayət etdim ki, umarəti geri versin. Hələ qazıya bax, nə cavab verir: şərən onun malıdır.

A kişi, belə zad olar ki, molla Süleyman min manatlıq müftə-müslüm yesin? Kim görmüşdü indiyədək bu cür xilafatı-adət iş olsun? Kimin yadına gələrdi ki, “dövr” pulunu alıb verməsin.

Vallah, molla dayı, bu bəlaların hamısı səndəndir. Camaatın indiki biclikləri hamısı sənin kələyindi. İndiyəcən 1325 il keçib heç bir yerdə belə zad görünməyib ki, bu kişi “dövr” pulunu alıb yesin, həm də desin ki, şərən mənim malımdı, halalımdı.

Haraya varırsam, bir çarə tapmıram. Gülsüm xalanın əlindən haraya qaçacağımı bilmirəm. Amandı, molla dayı, nə cür ki, bu biclikləri sən xalqın yadına saldın, elə də dərmanını tap, məni Gülsüm xaladan qurtar.

 

 

Mozalan.

“Molla Nəsrəddin”, 1908, â„– 8.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info