Qonaq Kitabı
OYUN-OYUNCAQ

Yox, vallah, belə olmaz! Axır yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.

Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah, biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.

Mən də dinmədim, dedim, qoy hələ görək axırı nə olacaq.

Sonra eşitdim ki, işlərimiz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Mən o vədə istədim qələmi götürəm əlimə. siz genə mənə yazdınız ki, “sən Allah, ay Molla, hələ bir az səbr elə, işlər yavaş-yavaş düzələr”.

Mən də dinmədim, dedim “qoy hələ görək axırı nə olacaq”. Sonra eşitdim ki, “Cəmiyyəti-xeyriyyə”nizin, “Nəşri-maarif”inizin və “Drama cəmiyyəti”nizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən Allah, hələ səbr elə, Allah Kərimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur, cəmiyyətimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah camaatımız kasıbdı, yoxsa sən bizim Gəncə müsəlmanlarını o qədər də həmiyyətsiz və biar hesab eləmə, vallah, pulları yoxdur, yoxa da çarə yoxdu”.

Mən dinmədim, çünki doğrudan da, yoxa heç bir çarə yoxdur. Və dedim ki, qoy hələ görək axırı nə olacaq.

Hərçənd o vədə mənə bir para şeytan adamlar əl altından yazıb xəbər verdilər ki, a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eliyərsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var, amma mən genə dinmədim və gözlədim ki, görək axırı nə olacaq.

Amma sonra nə gördüm!!!

Mən görəni heç bir kafir də görməsin, yazıqdı!

İndi mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər!

Pəs bu nə işdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdı, kimdən pul istəyək?” Yox, vallah, bunlar hamısı zarafat oxşayır. Əgər ki, siz düz adamsınız, niyə keçən il bu qədər şövq ilə “sirk”ə getmirdiniz? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan sarısaçlı urus qızları nagəhan bəlaya düçar olsunlar! Onları görüm yaman yara çıxartsınlar!

Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onları o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüç gecə səhərə kimi yuxlamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahu naləsi sizi tutsun, ay gavur qızları!

Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola.

Yoxsa vallah bizim yazdıqlarımız da zarafat oxşayır, gəncəlilərin işləri də zarafata oxşayır.

Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah işlər gərək belə qalmaya!

 

Lağlağı.

“Molla Nəsrəddin”, 16 dekabr 1907, â„– 47.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info