Qonaq Kitabı
BAKININ ƏLACI

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.

Bakı özü də yavaş-yavaş inşallah üz qoyub puça çıxmağa. Amma Bakı cəhənnəm, qeyr şəhərləri də öz gününə salacaq. Bu işə bir çarə, aman günündür bir çarə.

Bakının əlacı bir neçə şeyə bağlıdır.

Əvvəla, lazımdır ki, Bakı bir az kasıblasın. Pulun çoxluğundan camaat bir az beistilahi-türk, məsələn, necə ki, müsəlman arasında deyərlər, flankəs qudurub. Doğrudan, Bakıda pulu saxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, get filankəsi öldür. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər, o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin.

Bakını şişirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cəmi neft mədənlərini köçürtmək yarısını İrəvana və yarısını Gəncəyə və mədənlərin mədaxilini vermək məktəblərin rəisinə ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (yoxsa vallah acından ölərlər).

İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçularını göndərmək ki, gedib düzülsünlər Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtsınlar.

Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünki oranın havası çox sərindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəştə ki, gedib Hacı Hümam cənablarını ziyarət etsinlər.

Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazları Naxçıvan mahalına – Nehrəm kəndinə, uşaqbazları göndərmək Varşava şəhərinə, arvadbazları göndərmək Xorasana, qumarbazları Nuxaya, çaxırbazları Salahlı kəndinə və mütrübbazları Peterburq şəhərinə.

Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şəhər məktəblərini bağlamaq və müsəlman müəllimlərini göndərmək Frəngistana – Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik.

Altıncı əlacı budur ki, lazımdır İran hammalları bir yekə arx qazsınlar ki, Mühit dəryası gəlib qarışsın Bakı dəryasına və su o qədər qalxsın, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar.

Əgər bu saydığımız əlacların hamısı mümkün olsa demək olar ki, Bakı düzələr.

Yoxsa bundan savayı biz bir çarə bilmirik.

 

Dəli.

“Molla Nəsrəddin”, 20 avqust 1907, â„– 31.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info