Qonaq Kitabı
QORXURAM

“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”

Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.

Məndən soruşardılar ki, nədən qorxursan?

Mən dinməzdim.

Sonra eşitdim ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda, Vladiqafqazda, Gəncədə və qeyri şəhərlərdə “İrşad”a pul yığırlar.

Bu xəbəri eşidəndə həmişə mən yanımda oturanlara deyərdim “qorxuram”. Məndən soruşardılar ki, nədən qorxursan.

Mən dinməzdim.

Sonra bir övqat da “Tazə həyat”da müsəlmanlar başladılar “İrşad”ı tərifləməyə ki, məsələn, “İrşad” müsəlmanlara bu cür və bu cür xidmət edirdi, yazdılar, amma mən genə yanımda oturanlara dedim ki, “qorxuram”.

Həqiqət mən çox qorxurdum.

Qorxurdum ki, “İrşad”ın barəsində haray-dad eliyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, “İrşad”a pul verənlər cəmi var-yoxların verələr, “İrşad”a və özlərinə bir qəpik də saxlamayalar (ki mütrüb zad oynadanda şabaş verələr). Qorxurdum ki, qəzetlərdə o qədər “İrşad”ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qəzetbazlığına mat və heyran qalalar.

Vaqiən, mən çox qorxurdum.

İndi pəs necə oldu!

 

 

Dəli.

“Molla Nəsrəddin”, 12 avqust 1907, â„– 30.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info