Qonaq Kitabı
[Molla dayı!]

Molla dayı!

Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olmaq, özünə də yazığın gəlsin, bizə də. dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağına bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.

Bir də Zeynəb bacı buyurdu ki, Molla dayı tövbə eləsin pirlərə şəkk gətirməsin, Babaratma pirinə bir kök qoyun göndərsin. Əgər Babaratmaya əli çatmasa tezliklə getsin Kürdəmirdəki Şeyx qurban olduğumun hüzuruna ki, bəlkə o, Mollanın günahından keçə.

Sən olasan səni yaradan tanrı, sən bu qoca Dərdməndin sözün yerə salma, bunlara əməl elə.

 

 

 Dərdmənd.

“Molla Nəsrəddin” jurnalı, 24 iyul 1907, â„– 27.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info