Qonaq Kitabı
BİR NEÇƏ GÜNLÜYƏ (Zövci-axər məsələsi)

Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.

Dəxi bu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.

Şəriət sahibi belə oyun-oyuncaq adətləri heç bir surətlə müsəlmanlara rəva görməzdi və belə qulü biyabani əməllərini şəriətə isnad vermək özü küfrdür.

Şəriətdən əbədi xəbəri olmayan ordubadlı Kərbəla və Məşədi qardaşlarımızdan xahiş edirik, qulaq verib görsünlər ki, şəriətdə “zövci-axər” məsələsinin mənası nədir.

Şəriət buyurur ki, “üç təlaqdan sonra ər övrətini dəxi ala bilməz, illa gərək övrət gedə özgə ərə və aradan o qədər keçə ki, kişi övrəti öz xoşu ilə boşaya, övrət yad övrət kimi ola, sonra haman övrətə əvvəlinci əri təsadüfən rast gəlsə, məhz o vədə haman övrəti ala bilər”.

Eşitsinlər bizə böhtan deyənlər, eşitsinlər bizi təkfir edənlər, qulaq versinlər Ordubadın qırmızı saqqallıları, sarı beyinləri.

Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır. Zəmani ki, biz görürük ki, Nuxadan Dərdimənd övrətini üç talaqdan sonra verir kor Hafizə, üç gündən sonra gedib yalvarır ki, “sən Allah, övrətimi ver özümə”, zəmani ki, biz görürük Naxçıvanda Hacı Zeynal üç talaqdan sonra övrətini verir tulambarçasına və üç gündən sonra gedib yalvarır ki, “sən Allah, mənim övrətimi boşa, mən alım” – biz bu biçarələri görəndə qəm və qüssə edirik ki, nə səbəbə bizim müsəlman qardaşlarımız peyğ\mb\rin şəriətindən bu dərəcədə kənara çıxıbdır və nə səbəbə qardaşlarımız belə ismətsiz adətlərə mürtəkib olublar.

Biz qüssə edirik ki, nə səbəbə bizim bir parə mollalarımız Allahın yolunu binəva müsəlmanlara necə ki lazımdır göstərmirlər. Biz dərd edirik ki, nə səbəbə bizim millətimiz insaniyyətdən, mərifətdən, namus və qeyrətdən, dindən və şəriətdən bu dərəcə kənar düşüblər. Budur bizim sözümüz.

Qoy hər kəs nuxalı Dərdiməndin və naxçıvanlı Hacı Zeynalın adətlərini və məzaqlaını xoşluyur xoşlasın, qoy hər kəs bu cənablar etdikləri Gülsüm nənə əməllərini təsdiq edirsə etsin, qoy üç talaqdan sonra övrətlərini bir neçə günlüyə özgə kişiyə ərə verənlər versinlər, amma biz deyirik ki, şəriət bir müqəddəs və ali aləmdir və belə məzhəkəli işlərdən şəriətin əsla xəbəri yoxdur.

Bizim sözümüz budur. Qulaq sahibləri eşitsinlər.

 

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907, â„– 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info