Qonaq Kitabı
HİCAB MƏSƏLƏSİ VƏ CAVABIMIZ

Dünyada hər nə cür çətin və xariqüladə bir məsələ bəsirət və insafa müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu istilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdır. Bu səbəblədir ki, “ixtilafi-ümməti rəhmətun” buyurulubdur. Amma heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli və şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyətini həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda öz qaydası ilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, milllət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar. Amma vallah yalandır: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar, milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar, lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox: cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqeyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adətin” ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki, bunların hamısı avam aldatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim, Haqq-Taala cümləni biz mollaların fəndü felindən, riyasət və mənfəət təmahından, ikiüzlülük sifətindən uzaq eləsin.

Mən, Molla Nəsrəddin, keçən nömrədə yazdım ki, filan ayeyi-kərimələrə görə və bir para üləmanın rəyinə nəzərən arvadların üz örtməyini ixtilaflı bir məsələ hesab edirəm və üz açmağı caiz bilən üləmanın rəyin xoşlayıram. Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddinin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadın üz və əllərindən savayı yerlərini açmağı isə haramdır. Bunda heç bir zərrə şəkk yoxdur. Amma üz və əllərin açılmağında üləma ixtilaf edib: bir qismi deyir ki, üz və əli açmaq ancaq namaz vaxtında ola bilər, özgə vaxt ola bilməz. Bizim sözümüz elə bundadır ki, bu məsələ şərab və zinanın olmağı kimi deyildir, ixtilaflıdır.

Biz üz açmağı haram bilən rəy və qövmlərin çoxunu bilirik. Bizə “Tazə həyat” sütunlarında uzun-uzun etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazırdılar. Məsələ madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə dair də.

Sözün canı bundadır ki, aya, üz və əlləri örtmək “icmai” və “zəruri”dir, ya “ixtilaflı”? Əgər ixtilaflı isə, nahaq başınızı ağrıtmayın, öz xəyalatınızla təkfirə cürət eləməyin. Yox, üz və əlləri açmaqda zərrə qədər ixtilaf yoxsa, isbat edin, kəmali-məmnuniyyətlə qəbul edib səhvimizi iqrar edərik.

Biz üz və əlləri göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq:

Şeyx Tusi mərhum “Nəhayə” və “Tibyan” adlı kitablarında, Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”də, Şeyx Yusif Bəhrani “Hədayiq”də və Şeyx Küleyni və sairlər qədim üləmadan və bir cəmaəti-mütəəxxirindən deyirlər ki: “Şəriəti-Məhəmmədiyyədə əcnəbiyyə, yəni yad arvadın üzünə və əllərinə baxmaq biduni-ribə və tələzzüd caizdir. Arvada üzünü örtmək caiz deyildir”.

Seyid Sahibi-Riyaz “Şərhi-kəbir”dən savayı bu barədə xüsusi bir risalə yazıb orada üzü açıqlığı haram bilən alimlərin dəlillərini birbəbir rədd edib isbat edir ki, “Yad arvadın üzünə və əllərinə baxmaq caizdir”.

Vəla yubdina zinətəhunnə illa ma zəhərə minha.

Övrət ya əcnəbiyyədir, ya məhrəm, əcnəbiyyə olduqda ya azadədir, ya kəniz. Əgər əcnəbiyyə və azadə isə, cəmi bədəni övrətdir və caiz deyildir baxmaq məgər üzünə və əllərinə. Ondan ötrü ki, övrət möhtacədir üzünü açmağa alqı və satqı vaxtında və əllərini çıxartmağa, aldığı şeyi almağa və satdığı şeyin pulunu verməyə.

Amma şərti odur ki, baxmaqda fitnə olmaya (“Təfsiri-kəbir” Əllameyi-fəxr Razi, səhifə 375).

Övrətin kişiyə baxmağı: əgər kişi əcnəbi isə, övrət yeri göbək ilə dizlərinin arasıdır. Bəzi deyibdir ki, cəmi bədəni övrətdir, övrətlərdən ötrü (yəni övrətlər kişinin heç yerinə baxa bilməz) məgər üzünə və əllərinə. Amma əvvəlinci qövl səhihdir ondan ötrü ki, arvadın bədəni fizzatə övrətdir, bu dəlil ilə ki, övrət bədəni açıq olduğu halda namazı səhih deyildir. Amma kişinin namazı səhihdir.

Və əgər kişi övrətə məhrəm isə ya zövcüdür ya zövcündən qeyri, əgər zövcündən qeyri isə göbək ilə dizlərinin mabeyni övrətdir və əgər zövcü isə və yainki övrət kəniz isə cəmi bədəninə baxa bilər və habelə zövcə və kəniz zövcün və ağasının (“Təfsiri-kəbir”, səhifə 377).

Zinət xüsusda bəzi qail olub arizi zinətə: libas, rəng, həna, sürmə, vəsmə, xatəm, bilərzik, xalxal və gərdənbənd kimi. Bəzi xaliq olubdur xilqəti-zinətə. Əqrəb budur ki, xilqəti-zinət daxildir “zinətəhünnə”yə. Zinəti-arizi və sonra əmələ gəlmə zinətə qail olanlar münhəsir ediblər zinəti fövqdə zikr olunan şeylərə.

Zinəti-xilqətə həml edənlərdeyiblər ki, “ma zəhərə minha”nın mənası budur ki, adət cari olubdur o yerləri zahir etməyə, məsələn, övrətdə üz və əllər, çünki şəriəti-hənəfiyyə və səhlə və səmhədir və zərurət təqaza edir, üz və əlləri zahir etməyə və ona binaən üləma ittifaq ediblər ki, üz və əllər övrət deyildir (“Təfsir-kəbir, səhifə 378).

“İlla ma zəhərə minha” – işə məşğul olan vaxtda alət görsənər üzük, sürmə və xizab kimi, bu dəlil ilə ki, onları örtməkdə aşkar çətinlik var. Bəzi deyibdir ki, zinətdən murad zinətin özü deyildir, bəlkə zinətin yeridir. Və zinət ibarətdir xilqəti və ariz zinətlərdən və üz ilə iki əl hökmdən xaricdir. Ondan ötrü ki, onlar övrət deyildir (“Təfsiri-İbn-Səud”, səhifə 259).

“Təfsiri-Qazi” həmin fövqdə yazılan qövl və ibaratın eynini nağıl etdikdən sonra bu qövlü də əlavə edir ki, üz və əllər övrət olmamaq namaz vaxtındadır, nəinki baxmaq vaxtında (“Təfsiri-Qazi”, səhifə 138).

Zinət bir rəvayətdə zinəti-zahiri: sürmə və üzük, xalxal, bilərzik, bir rəvayətdə üz və əllər və iki ayaqdır (“Təfsiri-Qazi”, səhifə 342).

“İlla ma zəhərə minha” ibarətdir üzdən və əldən. Pəs ona əcnəbinin baxmağı caizdir əgər fitnəyə bais olmaya (“Təfsiri-Cəlalin”, səhifə 156).

Vəl yəzribnə bixumuruhinnə əla cuyubihinnə.

Zəmani-cahiliyyət övrətləri baş örtüklərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı və boğazı və gərdənbəndləri görsənərdi. Ona görə əmr olunur ki, “baş örtüklərini boyunlarına salsınlar ki, boyunları və boğazları və tükləri və qollarında, boyunlarında olan zinətləri məstur olsun” (“Təfsiri-kəbir”, səhifə 379).

Haman ibarətlə və qərar ilə yazılıbdır Təfsiri-İbn-Səudda, səhifə 359.

Örtsünlər başlarını və boyunlarını və sinələrini çarqatları ilə (“Cəlalin”, səhifə 156).

Vəl yəzribnə bixumuruhinnə əla cuyubihinnə, yəni boyunların örtsünlər (“Təfsiri-Safi”).

Hicab ayəsi (53-cü ayə):

Ya əyyuhəlləzinə amənu lə tədxulu buyutən-nəbi illə ən yu’zənə ləkum ilə taamin ğeyrə nazirinə innəhu və lakin iza duaytum fədxulu fəaizə taəmtum fəntəşiru valə mustanisinə lihədis innə zəlikum kənə youzin-nəbi fəyəstəhiy minkum vallahu lə yəstəhiy minəlhəqq və izə səəltumuhunnə mətaən fəs’əluhunnə min vəraa’ hicab zalikum athar likulubikum və kulubihinnə.

Yəni ey o kəslər ki, iman gətiribsiniz, daxil olmayın peyğəmbərin evlərinə, məgərin ki, sizə inz verilə yeməyə (yəni yeməyə dəvət olunan vaxtdan qabaq getməyin) o halda ki, müntəzir olmayasınız təam gəlmək vaxtına (yainki gözləriniz təamın qabına müntəzir ola ki, nə vaxt gələcək). Amma zəmani ki, çağırıldınız, daxil olunuz, zəmani ki, yediniz, dağılıb gediniz və bir-biriniz ilə tələbi-üns etməyin, betəhqiq sizin bu əməliniz peyğəmbərə əziyyət verər, o sizdən həya edər (sizə gediniz deməyə). Və illah həya etməz haqqı deməyə.

Zəmani ki, peyğəmbərin övrətlərindən (yainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu günə hicab dalısından sual və cavab etmək pakizəraqdır həm sizin qəlblərinizə və həmi övrətlərin qəlblərinə (pis gözlə baxmaqdan ibarətdir).

Bu tərcümə mütabiqdir cümlə təfsir ilə.

“Təfsiri-Qazi”də rəvayət olubdur ki, Ömər radiyallah anh dedi: ya Rəsulallah, sənin yanına cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz ümməhati-möminin pərdə dalısına oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu. Yainki bir gün ziyafət məclisində bir adamın əli Ayişəyə dəydi, bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra Allah-Təala buyurur ki, (Lə cina əleyhən fi abaihən...iləs)

Ləfzən tərcüməsi:

Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladlarında və öz cinsi övrətlərə və o kəslər ki, o övrətlərin əlləri malik olubudr (qul və kəniz) və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah-Taala hər şeyə xəbərdardır.

“Təfsiri-Qazi”də: zəmani ki, hicab ayəsi nazil oldu (53-cü ayə) atalar və övlad və qohumlar  ərz etdilər Həzrət Rəsul əleyhissalama ki, ayə öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalından danışaq? Pəs bu ayə nazil oldu.

“Təfsiri-Safi” bunun misli.

“Təfsiri-Kəbir” Fəxri Razi: zəman ki, hicab ayəsi nazil oldu, o hökmdən Allah-Taala məhrəmləri istisna etdi.

Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izn özgə evinə daxil olmaq barəsindədir.

Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).

Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsl dəlil bu xüsusda ayeyi-şərifdir: “La yubdinə zinnətəhunnə mazəhərə minha”. Ümumi səhaba buna qaildir ki, zahir zinətdən murad sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər. Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz namaz vaxtı övrət deyildir (“İxtiyar”).

Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri Allah-Taala həzrətlərinin “vəla yubdinə zinnətəhunnə illa mazəhərə minha” fərmanına görə İbn Abbas buyurubdur ki, ziynəteyndən murad sürmə və üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir (“Kitabi-İxtiyar”).

“Və cəmi bədənulhürrə övrətün illa vəchuha və kəfiha və qədəmiha və ləza təmtənu min kəşifə vəchuha beynərical lilfit-nətu vəla yəcuzinnəzəru ileyha bişəhvətin kivəchuləmrədu və əmma yədunəha fihəl”.

Mənası: üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnudur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa halaldır. “”Müntəqi-Fitva” kitabı).

Əllameyi-mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtun ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bundan ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyri-məqbuldur icma vasitəsi ilə. Amma iki əllər üz kimidir bizim üləmanın yanında. Və buna qail olubdur Şafeyi, Övzayi və Əbu Sur. Bu dəlil ilə ki, “vəla yubdinə ziynətəhunnə illa mazəhərə minha”nı İbn Abbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə.

Fazili-hindi “Kəşfül-lisan” kitabında ki, əllameyi mərhumun “Qəvaid” kitabının şərhidir 5-ci fərdə buyurur:

Vacibdir övrətə bədənini namaz vaxtında örtmək məgər üzünü və əllərini necə ki, bu məsələ yazılıbdır: “Məbsut”, “Mötəbər”, “İsbah” və “Cami” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz. Çarqat da üzü örtməz. O hədis mövcibilə ki, Fatimə əleyha səlamullah namaz qılırdı əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükü və qulaqlarını örtmək qədərindən artıq deyildi.

“Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir (təzkirə Əllamənindir). “Müxtəlif” və “Mötəbər” kitablarında və “Müntəha”da sərahətə zikr olunubdur üləmaların icması iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir ki üzü və əlləri açmağa və İbn Abbas təfsir edibdir: “illa mazəhərə minha”nı üzə və əllərə və əlavə həramdır üzü örtmək niqab ilə ehram vaxtında. “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək.

“Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvali nəql etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişiyə övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nəql olunacaqdır). Genə, çox istilaldan sonra buyurur: “vəlayubdinə zinətəhunnə illa mazəhərə minha” belə təfsir olunubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.

Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq. Hətta bu xüsusda da Qurani-Kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qurdların sözünə aldanırsınız.

Camaat, şükr Allaha, öz fikriniz, mühakiməniz var.

Görürsünüz nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilirlər. halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.

Həmd olsun, özünüz görürsünüz: kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib camaatı aldadıb ələ salanlar!

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907, â„– 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info