Qonaq Kitabı
XORTDANA MƏKTUB

Hörmətli, izzətli fəxrül-cənab ağa Xortdan ağa!

Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz, əlhəmdülillah, siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq. Salisən, bəndeyi-həqirin bir az məşğələsi olmağa görə xidmətinizə gəlməkdə bir az təxir eləyirəm, inşallah bir səbəbi-xeyir olar, onda qulluğunuzda olaram. Bakıda belə səbəbi-xeyirlər tez-tez olur, yəni müsəlmanlar atışan vaxt bir güllədir taraq adamın təpəsindən, o saat o xoşbəxt qulluğunuzda hazır olar. Rabiən, mənim bir qulluğum var. Bağışlayın, hərçənd mənim dərdim sənə məlumdur, ona görə ki, dünyada hər nə iş olsa ölülər bilər. Çünki onlar diridirlər, biz dirilər bunu hələ başa düşmürük. Xülasə, hər bir iş sizə məlumdur.

Yadındadır, “sirkə” mənim başıma nə müsibət gətirdi? Mənim evimi yıxdı! Allah şeytana lənət eləsin! O məlun məni yoldan çıxartdı, gözəl-göyçək uşaqların anasını üç talaqdan saldım! Bəli, sonra çox peşiman oldum...gedib ağlayıb uşaqların anasınnan barışdım, tövbə-istiğfar elədim. Qohum-qardaş və mollalar yığılıb dedilər ki, bu sənə övrət ola bilməz və kəbin dübarə düşməz. Vay, vay! Bəs neyləmək? Dedilər, gərək zövci-axər olsun, yəni bir neçə günlüyə övrəti verməli özgə ərə, sonra o boşansın, onda sən ala bilərsən.

Qaldım lap mat-məəttəl... Çox fikirdən sonra belə məsləhət gördük ki, bu övrəti verək qonşumuzdakı kor Hafizə... A başına dönüm, bu məlun kor arvadı boşamır. Nə qədər pul verirəmsə, təvəqqe eləyirik, kor deyir: belə övrəti mən dəli deyiləm boşayam.

İndi qalmışam əli qoynumda. Cadu-pitik bu məluna kar eləmir. Biçarə Hacı İsmayıl da cadu yazmaqdan, tas qurmaqdan lap yorulub. Əzizim Xortdan, ümid sənə qalıb, sən gərək mərhum Pobedonosevlən[1] dost olasan, çünki o mərhum müsəlmanların xeyirxahıydı və müsəlman ruhanilərimizin çox müddət rəisi olub.

Amandı, təvəqqe elə o mərhumdan ki, bu barədə bir zakon düzəltsin ki, bizim uşaqların anasını kor Hafiz boşaya. Xülasə, bu əlim, bu ətəyin, mənə bir çarə.

 

 

Dərdimənd,

Molla Nəsrəddin”, 18 may, 1907, â„– 19.



[1] Pobedonostsev (1927-1907) – Çar Rusiyasının dövlət xadimi, sinodun baş prokuroru, inqilabi hərəkatın qəddar düşməni olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info