Qonaq Kitabı
QAYIRMA HƏDİSLƏR

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.

Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

İndi Allaha şükür olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlunun mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin nitqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətləri haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaq və ayrılığı salan qayırma hədislərdir”.

Bə indiyə kimi Molla Nəsrəddin nə deyirdi?

Keçən vaxtlarda Qapazlı kəndində mənim bir əmim var ki, adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmimgilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib.

Bir dəfə soruşdum ki, əmi, maşallah, nə çox məşğuliyyət eləyirsən? Əmim mənə belə cavab verdi: bala, sən hələ uşaqsan və Molla Tarqulu buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki, “cinabət qüslünün hər bir zərrəsindən yetmiş iki min məlaikə xəlq olunur və bu məlaikələr qiyamət günü qüsl sahibini qanadlarının üstünə alıb qalxızacaqlar göylərə və gəzdirəcəklər”.

Əmimin sözünü mən o vədə başa düşmədim, amma sonra başa düşdüm.

Bəli, qayırma hədislərdən danışırdıq.

Allah Hacı Mirzə Əbutürab cənablarını salamat eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban.

 

 

 “Molla Nəsrəddin”, 21 aprel, 1907, â„– 16.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info