Qonaq Kitabı
XANPƏRİ BACIYA CAVAB

Hörmətli Molla əmi! Keçən nömrənizin birisində imansız Xanpəri qarğış dilin açıb olmazın sözləri mənim haqqımda demişdi: Nə eləyim, bir orucluq olmayaydı, görərdin onun cavabında nələr söyləyərdim, bir yandan oruc-namaz, bir yandan çolma-çocuqların küyü, qalmaqalı və gecələr də cəhrənin dızıltısı məni lap taqətdən salıbdır. Yoxsa indiyə kimi o həyasızın abrını ətəyinə bükərdim. Bircə bundan xəbər alasan ki, a utanmaz, söylə görək, həyasızlığa kim qurşanıbdır ki, bu qədər həyadan danışasan. Arvad gərək arvadın namusunu çəksin, səndə ki, heç namus yoxdur, başındakı yaylıq sənə haram olsun. Mən yamanlıq eləmədim ki, yazdım, Molla əmi, arvadları bu qədər biləyinə dolama, onların olar-olmaz eyblərini açıb lağa qoşma. İndi sən razılığın əvəzində başlayırsan mənə qarğış eləməyə və arvadların bir para gizlin sirrlərini açmağa. Məsələn, deyirsən ki, Zeynəb bacı ərinin cibindən pul oğurlayıb məhəbbət duası yazdırır. Bir özün fikir elə, mənim qəzetə əhval yazmağımmı çox eyibdir, yoxsa biz arvadların sirrini açıb kişilərə bildirməkmi? Və bir də görünür ki, sən molla əminin 12-ci nömrəsində çəkilən şəklə heç baxmayıbsan? Bir gör nə çəkilib: kişi öz gözəl, Allahın əmrilə aldığı arvadını körpə balası ilə gözüyaşlı qoyub gedib uyubdur urus ləçərinin birisinə. Habelə işlər olanda arvad başına nə daş salsın, a canı yanmış! Ürəyi yanan məhəbbət duası da yazdırar, ocağa da qaçar. Allah bir eləsini sənin qabağına çıxartsın, onda dadını görərsən. Və bir də məhəbbət duası yazdırmaq və kişilərin cibindən pul oğurlamaq, başına cürbəcür oyunlar gətirmək bizim aramızda olan sirrlərdir, bunların hamısını açmağa dursaq, onda kişilərin yanında bizim nə hörmətimiz olar? Məgər sənin rəhmətlik qoca nənən Xanpəri ki, adı sən başı küllüyə qoyulubdur, tutduğu əməllər sənin yadından çıxıbdır. Eşitməyibsən ki, o rəhmətlik Məstəli şaha cadu qurdurub bir dəqiqədə Parij şəhərini necə dağıdıb altını üstünə çevirdi və biçarə Müsyö Jordanı dəli edib çöllərə saldı? Şəhrəbanu xanım bunu görəndə rəhmətlik nənənə dedi: Xanpəri, Parijin dağılmağı təəccüb deyil, təəccüb odur ki, kişilər həmişə bizə deyirlər caduya, pitiyə inanmayın. Necə inanmamaq olar ki, adam öz gözü ilə belə işləri görür? Və rəhmətlik nənən cavabında dedi: “Eh xanım, kişilərin əgər ağlı var, niyə biz onları hər qədəmdə min yol aldadırıq və öz bildiyimizi edirik”. İndi biz də gərək sənin böyük nənənin yolu ilə gedək, yoxsa bir qara pulluq da bizim qiymətimiz olmaz.

 

 

Cəhrəçi xala,

Molla Nəsrəddin”, 10 noyabr, 1906, â„– 32.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info