Qonaq Kitabı
BİR ARVADIN CAVABI

Hörmətli Molla əmi!

Yazıb Sizdən təvəqqe edirəm bizim bu kağıza yer verəsiniz.

Keçmişdə jurnalınızda hamamdan, tiryəkdən, molladan, falaqqadan, cadu-bitidən, üzərrikdən, ilandan, qurbağadan və s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin ki, sözünüz qurtarıb, yapışmısınız biz arvadları yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicişəndə qaşıyır, əgər qaşınmaq arvadlara eyibdir, pəs kişilər niyə qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagörmüş bir müsəlman qardaş şəkər maşasilə boynunu qaşıdığı və hətta qulağını qurtdadığı və dırnağını təmizlədiyi məgər sizin yadınızdan çıxıbdır?

24-cü nömrənizdə yazırsınız ki, arvadlar pul hesabı bilmirlər. bunu gərək siz heç yazmayaydınız. Arvadlar başına nə kül töksün, hansı məktəbdə arvadlara elmi-hesab oxudubsunuz ki, pul hesabı bilsinlər və bir də mən görüb və eşitmişəm ki, çox kişilər də pulu barmaqları ilə hesab edirlər və iyirmiyə iki on, yüzə iki əlli deyirlər.

25-ci nömrədə arvadların saqqız çeynəməyinə lağ eləyirsiniz, guya müsəlman xanımlarının adı çəkiləndə onların saqqız çeynəməyi yadınıza düşür. Saqqız çeynəməyin nə eybi var? Bəs saqqızı nədən ötrü qayırıblar və saqqız olmasa çərçilər nə ilən alış-veriş elər.

Niyə rus xanımlarının semiçka çırtdamağı eyib deyil, bizim saqqız çeynəməyimiz eyibdir? Və mən çox kişilər görmüşəm ki, arvadları saqqız çeynəyəndə deyir ki, “ay arvad, ondan bir az qır, mənə də ver”.

26-cı nömrədə arvadların başmağına lağ edirsiniz. Bəs sən özün molla kişisən, insafla söylə, rus və erməni tikən çəkməni geyib pirə getmək olarmı və o ziyarət qəbul olunarmı? Və bir neçə nömrənizdə müsəlman arvadlarının libasını çəkib başlayırsınız üstünə gülməyə, məsələn, jurnalınızın 17-ci nömrəsində atlar müsəlman arvadlarını küçədə görüb ürkürlər, məlumunuz ola ki, o atlar rus atlarıdır, onlar heç müsəlman arvadları görməyiblər. Hərgah rus xanımlarının libasını və onların at minib üzüaçıq kişilərlə gəzdiklərini müsəlman şəhərlərində, məsələn, Təbrizdə ya Mazandaranda görsələr, nəinki o yerin atları, hətta adamları da onlardan ürküb qaçarlar. Və xülasə, sizdən təvəqqe edirəm ki, müsəlman arvadlarının şəklini jurnalınızda çəkməyisiniz, çünki bizim rusca təlim alanlarımız o şəkilləri görüb bizdən vahimələnirlər və rus qızlarının dalınca düşürlər və çox ittifaq olur ki, dönüb rus qızı alırlar, bu da siz mollalara heç xeyir deyil. Çünki kəbin pulu sizin cibinizdən çıxıb keşişlərin cibinə girir.

 

 

Cəhrəçi xala,

Molla Nəsrəddin”, 13 oktyabr, 1906, â„– 28.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info