Qonaq Kitabı
FATMA XALA

Dünyada çox arvadların başmaqları düşüb, xah at üstündə gedən vaxt, xah arabadan, ya faytondan, xah dəmir yol ilə gedəndə.

Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enib-çıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma, başmağım düşdü” çığırtısı düşər yadıma.

Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ilə bircə dəfə də nəinki səfərə, bəlkə həyətdən küçəyə də çıxmamışam.

Soruşuram, niyə, deyir – məhz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra: “A kişi, qoyma, başmağım düşdü”.

Xülasə, dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdaı, düşdü, deyərsən “A kişi, qoyma, başmağım düşdü”, kişi də faytonu olsa, faytonu saxlar, dəmir yol qatarı olsa dəmir yol qatarını saxlar (hərçənd bu evi xarab dəmir yolu sürənlər heç sözə baxan adam deyillər).

Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallahi, billahi başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib.

Fatma xalanın əri Qatır ürküdən şəhərinin sakini Kərbəlayı Xalıqverdi Təzəkli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi təzə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə - köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonrayı Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəklidən atı gətirərdi evinə.

Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən Allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi, ay arvad, sən Allah əl çək, amma axırda razı oldu.

Qatırlı şəhəri ilə Heydərli piri arası iki saatlıq yoldur.

Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır.

Heydərli piri çox kəramətli pirdi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq.

Kərbəlayı Xalıqverdi atı çəkdi küçəyə və arvadı Fatma xalanı tərkinə alıb düşdü yola.

Ər və övrət söhbət edə-edə gedirdilər. Ər, məsələn, belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb.

Övrət belə söhbət edirdi: a kişi, sən Allah, bir mənə de görüm, bu başıdaşlı nalbəndlər necə qorxmuyur atın qıçlarına mıx vururlar: bəlkə birdən at təpik atdı?

Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa, adama heç zad olmaz.

Bir qədər bu cür söhbət edə-edə getmədə idilər ki, birdən naqafil Fatma çığırdı: A kişi, qoyma, başmağım düşdü. Kərbəlayı Xalıqverdi atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yerə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım.

Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox, başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!”. At bir qədəm də götürdü. Fatma xala qışqırdı: “Ay aman!”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət etməyə. Bir az da keçəndən sonra Kərbəlayi Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı.

Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxarı qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi.

At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə.

Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belə danışırdı:

–  Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarını salıb aparırlar qohum-qardaş evinə.

Kəndlilərin biri üzünü Molla Qurbanquluya tutub dedi:

–  A molla, and olsun bizi yaradan məxluqə, mən bircə dəfə də, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam.

O biri kəndlilər də and içdilər ki, bir belə günah iş görməyiblər. Molla Qurbanqulu başladı:

–  Övrətinki odur ki, qatasan evə, qapısını qıfıllayasan.

Məşədi Nurəli üzünü tutdu mollaya və dedi: “a molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfıllayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn, gedib su gətrisin”.

Molla Qurbanqulu ucadan cavab verdi: pəh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su gətirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki, qoyasan çıxa küçəyə? Övrətinki odur ki, qatasan dama, qapısına qıfıl vurub açarını qoyasan cibinə.

Bir qədər də söhbətdən sonra Molla Qurbanqulu Məşədi Nurəlidən soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülküdənli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xalıqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə:

–  Bax, nə demişəm, əsl müsəlman Kərbəlayı Xalıqverdidir. Mən o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayı Xalıqverdiyə qonaq olaram. Kişi doğrudan da Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görəm. Ay Məşədi Nurəli, halal olsun o atı ki, Kərbəlayı Xalıqverdiyə satıbsan.

Mollanın bu sözlərini Məşədi Nurəli də təsdiq elədi və dedi ki, vaqiən Kərbəlayı Xalıqverdi çox dindar və namuslu adamdır.

Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nəhlət sənə, kor şeytan”. Molla Qurbanqulu dedi: Əstağfürulla.

Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxa-qorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara baxdı mollanın üzünə.

At  Məşədi Nurəlinin qapısına yetişib özünü soxdu həyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxıb bir tüpürdü yerə və sonra dedi: Allah sizə lənət eləsin, ay övrətlər! Sizin səbəbinizə dünyadan xeyir-bərəkət də götürüləcək.

Qeyri kəndlilər də Fatma xalaya lənət oxuyub dağıldılar.

At həyətə girib getdi başını soxdu çardağın altındakı öz axırına və daraşdı ot və saman çöplərini axtarıb yeməyə.

Sonra Məşədi Nurəlinin övrəti və bir neçə sair övrətlərdən yığışıb bir tövr Fatma xalanı atdan yendirdilər.

Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı.

Yazıq Fatma xala!!!...

 

LAĞLAĞI

Molla Nəsrəddin”, 29 sentyabr,

6 oktyabr 1906, â„– 26, 27.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info