Qonaq Kitabı
BİLMƏLİ XƏBƏRLƏR

“Molla Nəsrəddin” nəzr edib məcmuəsini il başınadək göndərsin o şəxslərə ki, bu aşağıda yazılan suallara cavab yazıb göndərə idarəmizə:

1. O hansı şəhərdir ki, qlava divanxanasının on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir?

2. Bir qabdan ki, sünnüməzhəb su içə, o qabdan şiəməzhəb su içə bilər, ya xeyr, o qabı təmizləmək lazımdır, ya xeyr?

3. Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana?

4. Yas evinə plov yemək üçün zor ilə hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir?

5. Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?

6. Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarından çıxır?

7. Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgələri sancmır?

8. Bu nə sirrdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla oldular ki, təbiblər onların çölə çıxmağını rəva görmədilər?

9. İrəvanda teatr məclisində “Uşi” camaatı üçün cəm olunan dörd yüz manat hara təşrif apardı?

 

 “Molla Nəsrəddin”, 7 aprel 1906, â„– 1.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info