Qonaq Kitabı
DƏRDİMİZ VƏ DƏRMANIMIZ

Şükür xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir.

Bir çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbübslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi-həqiqət müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi-maarif, fikri-üxuvət və insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birilərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərin yetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.

Ən həqir bir otun, nəbatın surəti-təkəvvünündən cənabi-həqqin əzəmət və səmadaniyyəti təqdir olunur.

“Hər vərəqəş dəftər ist mərifəti-gerdigar” (Tərcüməsi: “Hər vərəqi varlıq mərifətinin bir dəftəridir”.) ilə “olsa istedad arifi-qabil idraki-vəhy… Həqq irsalına hər zərrədir bir Cəbrayıl” (Tərcüməsi: “Arifin istedadı ilahiyyəti dərk etməyi qabil olsa…haqqa çatmağa Cəbrayıl bir zərrədir”) hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb və himəti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, həqq-təala təbiətin təsir və iqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir. Buna binaən heç bir şeyin bilasəbəb zühuru gözlənilmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən tənbəllər, səfehlər kimi həqqin ən böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin məhəli-təhəmmülü olan əql boş yerə çevrədilmir. Məsələn, su, atəş və ya bir otun, meyvənin nə surətlə Allahın verdiyi, hansı səbəblə vücuda gəldi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsulə gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərarətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiət tədqiq və təqlid edilir. Məxsusi bir məhəl yapılır, soyuq olmamaq üçün üzəri çalma, ayna ilə örtülür. Qışın ağ qar çiçəkləri arasında süni çiçəklər, meyvələr meydana gətirilir. Böyləcə təbiəti-əsliyyə səbəbi ilə hüsulixeyl zamana müvafiq olan məhsulat elm və əql qüvvəti ilə süni olaraq zühura gətirilir.

İndi buraya qədər saydığım elm və əql xarüqələri, əsərləri hər kəs bilər və təsdiq edər ki, (haşa) bizlərin deyil, mədəni mərifət sahiblərinindir, ya bizlər bütün-bütün pərişanmıyız? Xeyr, eylə işmi olar? Qədim, xalis, mütəddiyyin, elmi-islamların vaxtilə vücuda gətirdikləri əsərləri avropalılardan tərcümə edilən kitablarda oxuyuruz. (tövbə!) İndiki mədənilərin yapdıqlarını görürüz. Ağzımızı bir qarış açıb sərsəm, mədhuş qalırız. Bu qədərmi? Xeyr, gördüklərimizdən ibrət alayız.

Bəli, biz də keçmiş islam mədəniyyətlərindən indiki Avropa tərəqqisindən ibrət alırız. Amma nə cürə? İştə bilinəcək cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qədim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edirlər və bu gün də o fəsad, kar-görməz fikirlə guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat!

Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə də onların rəftarlarını, hallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək, uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirlər, hər kəsin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovannı olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!) firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar.

Başlarında elmdən, mərifətdən, aləmdən xəbər yox! Mədəni ərəblərin “əlvəqt seyfun-qateun, əlvəqt naqdun” (Tərcüməsi: “Vaxt kəskin bir qılıncdır, vaxt qızıldır) hikmətini bunlar “əlvəqt bizzovqi billabiyə”yə (Tərcüməsi: “Vaxt kefdə, damağda) çevirmişlər. İştə bu nazəninlər nə müttəqi, nə də mədənidirlər. Arada sərsəm, avara, yarım cahil (özlərincə obrazovannı), meymunca müqəllid qalmışlar. Bir sözlə, nə axirətləri var, nə dünyaları. Qardaşlar! İndiyə qədər nə oldu, oldu, nə zərər etdik, getdi. Bundan sonra olsun, bir kərə aləmə nəzəri-ibrətlə baxalım, baxalım ki, hər gündə, bəlkə hər saatda yerdə-göydə indiyə qədər neməti-ilahiyyə, qüvvəyi-təbiyyə aşkara çıxarılır. “Neməti bilməz əsiri-cəhl olan, qismətin eylər füzuntər əhl olan” qayidəsinə həqlə əməl edilir. Allahın ən böyük neməti olan əql səfeh və axmaqca boş yerə tələf edilməyir, bizlərin:

Fərz bil ürfanı, təhsildar ol,

Ümurundan vaqifi-əsrar ol.

Mərifət can oldu, insan cism olur

Mərifətsiz laşeyi-biism olur –

hikməti fərzi insaniyyət kimi tutulur. Əqli-salim qüvvəti ilə hər anda əsrari-təbiyyəyi kəşf edib elmi insaniyyətə xidmət edəcək ali fikirlər, böyük işlər, faydalı alətlər, dərmanlar, əczalar, vasitələr meydana gətirilir. Bir gör də özümüzə baxalım! Hanı bizdə bir Maniyi-müxtəre müvəccid, aşiqi-səyyahımız. Dövlətli, adlı adamlarımız yox deyil, alimlərimiz var, ara-sıra mərhəmətə, cuşa gəlib elm və mərifətin lüzumu barəsində minbərdə, qəzetlərdə köhnəlmiş, min kərə söylənmiş fikirləri, sözləri təkrar edirlər. Çox gözəl! Amma iş yapmağa, görməyə ixtiyarları, qüvvətləri olan böyüklərimizdən yalnız boş fikir, quru söz gözləmiyiriz. İndi həzrəti Adəm dövründə deyillər. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncülük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır.

Öz vicdanlarında düşünsünlər ki, 15-20 il məmuriyyətlərində insaniyyətə, millətə nə iş görmüşlər?

Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “İnsan yaşamaq üçün yeyir” qaydasını pozub “insan yemək, pul cəm etmək üçün yaşayır”a çevirirlər.

Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzet oxumağa deyil, onunla söyləməyə, danışmağa belə haya edirlər. (Vəsübhan allah!!!)

Bir çox qəzetə oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Mənim də adımı çəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar: həmiyyətli qonşusundan, yoldaşından araya alıb yarım gözlə oxumağı adət etmişlər. Hasilə bu gün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy göstərirsiz. Aşağıdakı beytlər tamam bizim üçün söylənmiş:

Ləhv ilə ləhəb oldu bizdə kargər

Əslimizdə yox nəsihətdən əsər.

Qüvvəti-dil bizdə düruq lafu lağ,

Bizdə şur mədədir, hökm-bəlağ.

Rəncimiz izafi-əfzun istəriz,

Əql üçün daruyi-əfyun istəriz.

Bununla bərabər, aramızda iş görən fazillərimiz, məktəblərə, xəlayiqə kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilən oxuyanlarımız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu nə üçün rədd edəlim? Divar, torpaq qonşularımız bu gün bizim istədyimiz, xeyir, möhtac olduğumuz məsifət və mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılam inəyi mənzilində, məzəllətində qalmışız.

İlahi, bizim millətimizin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə böylə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz. Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də insanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bu gün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibrət almaqdır. Həzrəti Mövlananın (1) dediyi kimi,

İndi şükür olsun bizə, pərvərdigar

Verdi əslafi-üməmdən etibar.

Aqil oldur kim bilib keyfiyyəti

Qeyrin əhvalından aldı ibrəti.

Üstuxanü-pəşmü-giryani-sələf

Oldu pındi-hissədarani-sələf.

Əhli-ibrət sahibi-xibrət olur,

Yoxsa halı qeyriçün ibrət olur.

Bəli, tədbirsiz təvəkkül, səysiz qədr ilə boyun büküb durarsaq, halımız qeyrilərə şəksiz ibrət olacaq. İnsaf ilə fikr edəlim. Mücərrəb olan bir işi, bir keyfiyyət ki, təbiəti-zəmaneyi hüsuli qəti və mühəqqəqdir, daha bundan inad və israf ilə özümüzü fəlakətlərə, bəlalara salmağın nə yaraşığı var. Görünmüş və görürük ki, istər islam, xaçpərəst, istərsə möcüzi-sayib olsun, salamat və rahata yetmək üçün mütləq qədim islamların indiki avropalıların keçdikləri körpü ilə keçəcəkdir, daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var. Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropa vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, üləma onları istifadə etməkdədir. Daha bunlara baxmayıb, 15-20 il zəmanənin iqtiza və icadı ilə yazılan cameyi-qəvaidi əzbərləmək ilə, ərəb saçına oxşayan qarışıq, xırda haşiyələrlə hökmü, əsabəti çoxdan köhnəlmiş, qoxumuş xəyal və cəfəngiyyatdan ibarət olan cəfər, nücum, rəməl... və s. Ilə vaxt keçirmək, iqtifa etmənin nə manası var.

Keçmiş islam mədəniyyətinin keyfiyyət hüsulunu tədqiq əsərlərini yada gətirib bu günkü halımız ilə qiyas edə bilməz isək yenə hər kəsdən əvvəl babalarının mərtəbəsinə varmağa çalışan Misir islamları ilə vəhşi cərgəsinə düşmüş Ərəbistanın, Fasın, Sudanın hallarını, bir az daha irəli gedərək bir millət, bir məzhəb, bir qardaş olan Yaponiya ilə Çinin hallarını qiyas edəlim. Xeyr, xeyr. Bunun üçün o qədər uzağa getmək də istəməz. Yanı başımızdakı dükan yoldaşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülərin halına, işlərinə, bir də bizim halımıza, səfalətimizə yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətlə çoban, yuxulayan, həqir, fəqir, cahil, qafil... qalmışız. Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyləməyən dərman bulmaz. Qızdırma üçün hər zaman şəkər, qəndiyyə içmək yerinə bir az da xinə içəlim. Şükr allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz. Çinlilər belə Avropanın bir dəfə vurduğu zərbə ilə oyanmağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanır, ürəyimiz dağılır, namusumuz ayaqlar altına alınır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bu günkü dərəkəmiz, nədir qonşularımız arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deyə şişiriz. Amma bir kərə fikr edəlim ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaçpərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkdə bu dərəcə inad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalım!..Utanalım!..

Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz “Tərcüman”ımız min həftədir fəryad edir, qayət hakimanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır. Həftədə bir dəfə bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət allah üçün pək böyük, çox-çox alidir. Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitabları var. Heyf ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməyəlim. Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstərmirlər. Qəzet oxumağı günah hesab edən, məzhəbləri bilinməyən bəzi nadan natiq mollalarda, kişilərdə işim yox, bunlar həqiqətdə deyilən:

 Mərdome-moqəddəs ra xub şənasəd, hatef

Kafərəm mən əgər in tayifə dindaranənd.

Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr Xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec də olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət və millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək vermək vəziifeyi-milliyyə və insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verəcəkmiyiz?

 

Faiq Nemanzadə

“Şərqi-Rus”  (2) qəzeti, 4,6,11 aprel 1903, â„– 3,4,5.

 

 

(1)  Mövlana - Şərq ədəbiyyatının klassik şairi, fars və türk dillərində gözəl əsərlər yaratmış, mövləvilik təriqətinin əsasını qoymuş Cəlaləddin Rumi (1207-1273)

 

(2)  “Şərqi-Rus” – Əsrimizin ilk Azərbaycan qəzeti. 1903-1905 –ci illərdə Məhəmmədağa Şahtaxtinski (1846-1931) tərəfindən Tiflisdə nəşr olunurdu. Qəzetin rəsmi redaktoru M.Şahtaxtinski olsa da, əsas mühərrirləri C.Məmmədquluzadə və Ömər Faiq idi ki, onlar gələcək əməl dostluğunun ilk təməl daşlarını burada qoymuşdular.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info