Qonaq Kitabı
PAPAQ

Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzə Pir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lığın içərisində sərçə kimi daşdan-daşa hopbana-hopbana gedirdim. Ara-sıra daş bilib hopbandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım-maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum.

—Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.

—Mənəm, ay qardaş. Hər kimsən yaxın gəl, mənə kömək elə…

Mən bir fikirləşdim, gedim görüm. Birdən getdim, olmadı belə, oldu elə. Bir qənbərqulu çıxdı. Sonra bu xəlvət küçədə mənim hara imanım yetişəcəkdi? Milis yox, qaravulçu yox, dərimə saman təpərlər. Hələ ikicə gün qabaq bir allah bəndəsini küçənin tən ortasında uzatmışdılar. Harayına o məhəllənin zaslujnı qaravulçusu olan çolaq Qaştandan başqa bir zürriyyət çıxmamışdı. Qayıtmaq istəyirdim, ancaq doğrusu bir azca kişiliyimə kəsir gələrdi. Çünki səs arvad səsi idi. Arvad məni haraya çağırsın, mən getməyim?!.. Ancaq orası var ki, arvadın özündən də bir azca şübhəli idim. Kim bilir olmadı belə, oldu elə… Xülasə, qiryət mənə pərçim oldu…

Çəkmələrimin qaytanlarını sarıdım belimin qayışına, pencəyimin ətəklərini sancdım şalvarımın nifəsinə (1), papağımı sancdım pencəyimin qoltuq cibinə… Qorxdum, birdən iş qaçmağa müncər olar, papağım düşər. Özü cəhənnəmə, biabır olaram. Genə şapka-mapka olsa, dərd yarı idi. Mənimki xalis Buxara dərisindəndi. Deyərlər, qiryəti qoydu qaçdı. Nə isə, əyildim, yerdən mükəmməl bir daş götürdüm və qaraltıya tərəf getməyə başladım. Bir az qalmış dayandım, diqqətlə baxdım. Kölgə durduğu yerdə yırğalanırdı. Özü də doğrudan da, çadralı bir arvada bənzəyirdi. Ancaq dalında bir qarzinka, qoltuğunda da nə isə adam cəmdəyinə bənzəyən bir şey vardı. Ancaq qaranlıqda seçilmirdi. Nə isə bir dəli şeytan mənə dedi: qayıt. Çünki bu arvad düz arvad isə, gecənin bu vaxtında burada nə gəzir. Özü də qarzinkə ilə… Yaxında klub yox, kino yox, yığıncaq yox… Məhərrəm də deyil ki, məsciddən qayıdan olsun. Bulvardan da qayıdan ola bilməz. Özünki bu məhlədən tramvay xəttinə çıxmaq üçün yol olmadığından arvad-arvaddır, kişilər də şəhər içinə yenə bilmirlər. Yüz min bəla ilə işə gedib ölə-ölə qayıda bilsələr, odur ki, var. Daha klub, yığıncaq kimin yadına düşər. Bir də hələ tutalım ki, bu arvad dəli olub, məsələn, kartinadan gəlir. Yaxşı, bəs bu qarzinka nədir? Bir fikirləşdim ki, bəlkə oğurlayıb. Bu mümkün işdi. Milis yox, qaravulçu yox. Ancaq bəs qucağındakı çəmədan nə idi… Yenə bir dəyim qayıdım, nə lazım helə-belə gedim-getməyim. Böyük Səlyan (2) küçəsinin tininə çatdım. Hələ bura çatmışdım ki, bir də nə gördüm: başuva dönüm, yuxarıdan qəbiristan tərəfindən bir qaraltı, ardınca da 20-25 müsəlman ölüsü qaçırlar. Müsəlman ölüsü olduğunu da ondan bilirəm ki, hamısı ağ kəfəndə idi. Ölülər yaman çaxnaşmışdılar.

—Adə qaç, gəldi! Adə tut, qoyma. Adə qaç! – deyə qaça-qaç idi.

Mən əvvəl fikirləşdim ki, sahibi-salavatəleyh zühur edib. Ona görə də bütün qəbiristanlığın ölüləri qəbirdən baş qovzayırlar. Sonra gördüm yox, qaraltının əlində parıldayan bir şey qaçır. Ölülərin də yüyrüşü cəhad hücumuna bənzəmir. Onlar da qaçırlar. Gördüm hamı qaçır, dedim daha dayanmaq vaxtı deyil. Asta qaçan namərddir – deyə tüpürdüm dabanıma – qaç ki, qaçasan. Aşağıdan bir nəfər də gəlirdi. Gördü biz qaçırıq o da qayıtdı, başladı qaçmağa… Bir ürəyimdə fikirləşdim ki, xub biz qaçırıq-qaçırıq, bəs bu axmaq oğlu axmax niyə qaçır. O ki, heç bilmir nə var, nə yox. Bəlkə heç qaçmalı bir şey yoxdur. Ancaq yenə ürəyimdə fikirləşib gördüm ki, doğrudan da, kişinin haqqı vardır. Nə lazım, birdən bu ölünün xoşuna gəlmədi. Tutub atanı yandırar… səsi də heç yerə çatmaz… Nə isə, hamımız qaçırdıq.

Mən bilirdim ki, bu məhlə başlı-başına saxlayır, yaşayır… Çığıra-çığıra aşağı tinə çatdım. Palçığın içində yekə bir istəkan sınığı ayağımı kəsmişdi. Daha qaça bilmədim. Onsuz da özüm bir o qədər qorxacaq deyiləm. Odur ki, tinə çatdım, dayandım. Özümə toxtağ verirdim. Adamlar hələ də daldan qaçırdılar. Beş-altısı gəlib qabağımdan keçdi. Tinə sıxılıb ixtiyarsız dayanmışdım. Bir nəfər qara paltarda, əlində ətqiyməkeşi bunların dalınca yüyürürdü. Mən nəfəsimi çəkməyirdim. Nə var, nə olurdu? Anlaya bilmirdim. Bircə onu gördüm ki, corablarımın ikisi də çiynimdən düşmüş, çəkməmin də bir tayı yoxdur. Ancaq yaxşı ki, papağım yerindəydi… Əyilə-əyilə tini buruldum. O biri küçəyə sürünə-sürünə, yıxıla-yıxıla özümü yetirdim. Küçəmizə, dalanımıza bir azca qalmış bir də gördüm qara bir kölgə, dalında yekə bir kisə dalanımıza tərəf gəlir. Dalan qapısına çatdı, dayandı. Kisəsini yerə qoydu. Başladı o yan bu yana göz gəzdirməyə. Mən qorxudan dinməz dayanmışdım.

Bu adam kim idi? Kisəsində nə idi? Hələ bunu düşünürdüm ki, birdən bu adam dalanımıza baxdı və orada nə gördüsə, bilmirəm, ancaq tez kisəni yerə qoydu və dörd ayaq mənə tərəf götürüldü. Bunu görər-görməz mən də götürüldüm. Yenə də qaç ki, qaçasan. Ancaq hadisələr məni igidləşdirmişdi… Çox qaçmayıb bir azdan dönüb geriyə baxdım. Adam tini burulub sağ tərəfə qaçırdı. Mən dayandım, ancaq kisənin qorxusundan dalana yaxınlaşa bilmirdim. Doğrudan da, gecənin bu vaxtında bu zəhrimar kisə çox əsrarəngiz idi. Özü də nəhs kimi dalanın ağzına salınmışdı. İndi gəl bunun yanından keç görüm, necə keçirsən. Ax, bircə bilsə idim gecənin yarısında bu kisədə nə ola bilər… Çox dayandım. Ay da göyün ortasında dayanmışdı. O mənə baxırdı, mən ona. Ancaq nə o danışırdı, nə də mən. Lakin dalanımızda nə isə bir boğuşma kimi olduğunu açıq hiss edirdim. Kisə yiyəsi də burada nə isə gördüyü üçün qaçdı. Igid hər yerdə özünü göstərər. Odur ki, mən də bütün cəsarətimi toplayıb bir addım-bir addım divar dibi sürünməyə başladım. Hələ dalan ilə tuşlaşanda bədənimə bir titrəmə düşdü. Bütün damarlarımda qan bilmirəm dondu, yainki qaynadı. Mən biləni qaynadı. Çünki üçüncü dəfə olaraq dabanlarıma tüpürüb geri götürüldüm. Ərz edirəm, çox da qorxacaqlardan deyiləm ki, qaça da bilməyim. Qaçdığım da ona görə idi ki, bayağkı ölülərdən bir dəstəsi də bizim qapımızda idi. Oradan böylə səslər gəlirdi:

—Arvad, aç də! Yeyirəm səni?

Bir arvadın səsi gəlirdi:

—Vay, uşağımı öldürdülər!

—Aç! Yeyirəm səni?..

Hələ mən dalana tuşlaşanda gördüm içəridən üst-üstdən beşatılanlar işləməyə başladı. Daha dayanmağın heç yeri deyildi. Geri götürüldüm. Hələ götürüldüyümü gördüm ki, birdən yekə bir şey üstümə atıldı. Bərk qışqırdım və yerə yıxıldım. Ancaq yıxılmaq vaxtı da deyildi. Əlim tutulu olduğu üçün vuruşa da bilmirdim. Yenə qaçmaqdan başqa çarə yox idi. Bu dəfə də qaçdım. Yenə də bayaqkı döngəyə çatıb dayandım. Bu dəfə vəziyyətim daha çətin idi. Çəkmənin o biri tayı da düşmüşdü. Əməkdar qaravulçu çolaq Qaştan balağımın birini nifəsindən cırıb yanımdan sallamışdı. Ombama da əl gəzdirmişdi. O biri balağım yenə də çırmanmış idi. Ancaq papağım yerində idi. Bərk yorğun idim. Dizlərim kəsilirdi. Baxdım ki, çolaq Qaştan ilə vuruşarkən mənim əlimi tutan nə imiş. Gördüm bayaq qarzinkalı arvadın köməyinə getmək istərkən yerdən… götürdüyüm daşdır ki, vuruşmada o qədər özümü itirmişəm ki, yadımdan çıxıb daşı suxarı zad hesab edib əlimdə saxlamışam.

Özümə gələ bilmirdim. O qarzinkalı arvad kim idi və nə köməkbazlıq idi? Yanımdan qaçan əli bıçaqlılar və ağ kəfənli ölülər kim idi? Hələ dalanımızdakı boğuşma, hələ atılan beşatılanlar… Kimi öldürürlərdi? Hələ dalanımızın lap ağzında atılan, ayaq üstündə duran o əsrarəngiz kisə… Nə isə, daşı altıma qoyub oturdum və papağımı pencəyimin qoltuq cibindən çıxarıb Hamlet kimi qabağıma qoydum və düşünməyə başladım:

—Olum, ya ölüm! Budur əsl məsələ. Nə etməli? Oğul-uşaqdan əl çəkib onları ölülərin əlində, o boğuşmanın içində qoyub şəhər içinə enmək və orada tin başı dəstə ilə durub  “Hüseyn kürd” (3) nağılını danışan milisionerlərin nağıllarına qulaq asmaq və yaxud canımı dişimə tutub o əsrarəngiz kisənin yanından keçmək, ya evə yol tapmaq, ya da biryolluq ölmək… Əvət, ölmək və biryolluq bu palçığın, bu çamurun üzündən, bu işıqsız, kooperativsiz, klubsuz, yolsuz, mostovoysuz, səkisiz, milissiz və qaravulçusuz küçələrin əlindən xilas olmaq…

Neçin şəhərin döşənmiş küçələrində yer tapmayan və bu zavallı məhləyə sığışan minlərlə ən yoxsul türk, rus, erməni işçi və əməkçilərinin, vodniklərin, qazan təmizləyənlərin, daş yonanların, qruzçiklərin, həmmalların və sairənin bu ağır halına baxan yoxdur? Neçin bunların Bakı şurasında danışan bir nümayəndələri yoxdur ki, onların dərdlərini Bakı şurasına bildirsin və desin ki, komunxoz lığlı küçələrdə qənbər üstündən asfalt salanda bizim də bu küçədə palçığın içinə beş-altı daş atmayır, heç olmazsa, adamlar daşdan-daşa hoppanaraq gedə bilsinlər. O, komunxoza desin ki, bu məhlədə yaşanyanlara da müalicəxana, məktəb, klub və sairə lazımdır. Heç olmazsa, uşaqların şəhərdəki məktəblərə gedə bilməsi üçün onlara kiçicik bir yol lazımdır… Vadavoznı (4) küçədə Tarayevin evinə az  qala parketlə yol çəkmək üçün daş tapılarkən, bu 10 il ərzində bir sajen daş alıb bu zavallı küçələrə döşəmək və minlərlə məktəbə gedən çocuqları, işə gedən işçiləri, çörək və sairə almaq üçün yekə bir dağı aşıb çıxan işçi arvadları bu əziyyətlərdən qurtarmaq üçün 3 manat 14 şahı pul tapa bilmir… Malakan bağının (5) tinində sökülmüş daxmanın daşı 2-3 gün gecə təmizləndiyi üçün orada yaşayanlar yazmadıqları qəzet, çığırmadıqları iclas qoymadılar.

Qəzetlərdə komunxozun qoparağını qopartdılar. Əgər bu məhlənin də Bakı şurasında bir nümayəndəsi olsa idi ya bəlkə varsa, ağzına isti su alıb dinməz oturmasaydı, ya şura üzvlərindən, vəzifəlilərdən bir neçəsi bu məhlədə yaşasaydı, onda o nə edərdi? O, sadə və doğru sözlər ilə komunxozun bütün zavlarını, zam.zavlarını göz yaşlarında boğar, bu işi ləngidənlərin və 10 ilə bu küçələr üçün plana bir qəpik də salmayanların rəhmətlik atalarını qəbirdən çıxardıb dallarına sarıyardı ki, daha onlar şikayətə gedənlərə “bu neçə ildə necə yaşamışsınız ki, indi bir neçə il də dayanmaq istəmirsiniz” – deyə bilməzdilər. O nümayəndə onlara deyərdi ki, qabaqlar uşaqlarımız məktəbə getmirdilər, adamlar ayaqyalın gəzirdi və ümumiyyətlə mənim də, onun da rəhmətlik babalarımız töylədə malqara ilə bir yerdə yatırdı.

İndi hər şey dəyişmiş, inqilab olmuş, adamlar töylələrdən çıxmış, adam olmuşdur. Palçıqlı ayaq ilə girilməyəcək evlərdə yaşayırlar. Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı? Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?!

Ayaq dedim, öz ayağım yadıma düşdü. Şoğəribin qanı dayanmırdı ki, dayanmırdı. Gördüm işi bir az da uzatsam, başıma şaxta vuracaq, doğrudan da, Hamlet kim dəli olacağam. Odur ki, durdum ayağa, dəvəlbərazimi yığışdırdım. Papağımı təzədən bükdüm, qoydum cibimə. Qalstukumu açdım, sarıdım ayağımın yarasına… Ancaq Hamlet kimi hələ də qərara gəlməmişdim. Hansı tərəfə gedəcəyimi bilmirdim.

O əsrarəngiz kisə mənim ürəyimə yaman qorxu salmışdı. Orada hər şey ola bilərdi. Oğurluq mal… ola bilərdi. Qoçaq bir oğlanın çarşafını atan və kluba gedən xalası qızı ola bilərdi (genə dirisi olsa idi, dərd yarıydı, bir o qədər də qorxmazdım). Hər şey ola bilərdi. Çünki bu bərilərdə böylə şeylər görünməz deyil… Ancaq məni ən çox qorxudan mənim bilməməzliyim idi. Kisənin böylə əsrarəngiz olması mənim ürəyimi vahiməyə salmışdı… Özümü çox danlamış və iradəmi bir yerə toplamışdım. Allahyana, bir də ona tərəf getmək istədim. Bir də gördüm yuxarıdan, qəbiristanlıq tərəfdən bir qaraltı mənə tərəf gəlir. Nəhs kimi bunun da dalında dolu bir kisə vardı. Doğrusu, can boğazıma yığılmışdı. Qaçmaq fikrində deyildim. Istəsəydim də, ayağım yenə ağrıdığı üçün qaça bilməyəcəkdim. Odur ki, dayandım. Qəti bir səslə:

—Kimsən? – dedim… Gələn dillənmədi. Saymazcasına, adi addımlarla gəlirdi. Mən daha qəti bir səslə:

—Adə hey, eşitmirsən? – dedim. – Kimsən?

Qaraltı mənimlə tuşlanmışdı. Sakit bir hərəkətlə başını qaldırıb üzümə baxdı. Qaranlığın içində gözləri avtomobilin fanarı kimi işıldayırdı. Bütün görkəmində bir yırtıcılıq hiss edilirdi. Doğrusu, öz aramızdır, bir istədim yenə də qaçım. {ünki bu cəhətcə mən məşhur Koroğlunun fikrindəyəm. Məncə də igidliyin yüz şərti vardır. Bunlardan doxsan doqquzu qaçmaqdır, biri də gözə görünməmək… Ancaq mən bu dəfə də qaçsaydım, yüz tamam olacaqdı.

O baxdı, mən də baxdım. Sağ ayağımı tinin o biri küçəsinə atıb qaçmaq yerini tədarük etdikdən sonra üçüncü dəfə olaraq daha sərt bir səslə soruşdum:

—Adə, sənə deyirəm eyy… Eşidirsənmi, kimsən?

Qaraltı insafən çox sakit, lakin azacıq sərt bir səslə:

—Sənə nə var? – dedi. Mən o saat özümü yetirdim və o saat vəziyyəti başımda fikirləşdim: Tutalım ki, lap hələ oğrudur, quldurdur. Ancaq oğru olanda nə olar. Kişinin sözü ki, hesabidir.

—Əbləh, qurumsaq, sənə nə var kimdir? Görüm, sən milisionersən, qaravulçusan ki, gəlib-gedəndən həqq-hesab soruşursan? Ancaq daha qanun yeri deyildi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Daha dinməsəydim, deyəcəkdi ki, qorxdu. Odur ki, bütün iradəmi toplayıb:

—Necə mənə nə var? Bir bilməyim ki, gecənin bu vaxtında sən kimsən ki, bu xəlvət küçədə bu kisə ilə gedirsən və haradan gəlirsən? – dedim. Öylə də qəti dedim ki, guya indi Ərdəhanın toplarından bir neçəsi vardır. Çərtən kimi bombardıman başlanacaqdır. Kişi saymazcasına başını aşağı salıb yenə də çox sakit bir səslə:

—Qəbiristanlıqdan gəlirəm, – dedi və heç vecinə almadan yoluna davam edib yanımdan ötdü.

Dedim bəlkə kişi öz rəhmətlik babasının sümüklərini Kərbəlaya göndərmək istəyir. Ancaq ismi-əleyhsiz olduğu üçün gündüz utandığından gecə çıxarıb aparır. Qaraltı hələ ötməmişdi ki, birdən gördüm yuxarıdan yenə də ağ kəfənli bir ölü yüyürür və qışqırır:

—Adə dayan hey! Sənə deyirəm dayan! Alə tut onu. Tut onu! Dayan sənə deyirəm!

Baxdım ki, yanımdan ötən qaraltı heç vəziyyətini pozmadan gedir. Odur ki, mən başladım şübhəyə. Ölünün əmri kimə idi? Kim dayanmalı idi: mən, ya o qaraltı? Kim-kimi tutmalı idi? Mən onu, ya o məni? Iş qorxudan keçmişdi.

—Adə, kimə deyirsən? – dedim.

—O gedən kimdir, ona deyirəm. Adə həyətdən çıxan, kimsən, dayan? – Ölü yaxınlaşdı, gördüm ölü ölü deyilmiş. Bu yazıq bizim qonşumuzdakı invaliddir ki, bir tuman, bir köynəklə oğrunun dalınca çıxıbdır. Işi anladım. Yanımdan keçən oğru imiş. Odur ki, səmimi, yavaşca yumşaldım. Nə lazım, xətası çıxar. Olmadı belə, oldu elə…

—Vətəndaş oğru, a vətəndaş oğru. Bircə zəhmət çək dayan, – deyə bu dəfə çox nəzakətlə qaraltıya müraciət etdim. Ancaq onu artıq görmədim. O, tini burulmuşdu. İnvalid yanıma gəldi. Məlum oldu ki, vətəndaş oğru onun butkasını açıb, beş-altı şahılıq soğan-kartofunu kisəyə doldurmuş, lakin bunu az görüb həyətə girmiş və oradakı qoyunu da açmaq istəmiş, ancaq invalid oyanıb onun dalınca düşmüşdür. Iş orasındadır ki, bu invalid qaçsaydı, onu tuta bilərdi. Ancaq qorxusundan ona yanaşa bilmirdi. Odur ki, çox təkidlə mənə deyirdi.

—Adə, yüyür tut onu! Oğrudur köpək oğlu.

Mən nə hayda, bu na hayda.

—Özün yüyürüb tutsana… İnvalid olsan da, səs çıxara bilmirsən, daha yüyürməyə nə var? Ancaq mən bilirdim ki, o getməyəcək və getməyinə də nə lazım. Olmadı belə, oldu elə. Itələdi bıçağı… onda nə olsun? Bu işin özü boş işdir.

Ancaq mənə bir xeyri dəydi. Bilmirəm oxucular anladılar-anlamadılar. Ancaq mən o saat şəhadət barmağımı dişlədim. Ey dili-qafil. Olmaya bayaqkı ölülər də nöyzənbillah ölü deyilmiş? Helə tuman-köynəklə bayıra çıxan adamlar imiş. Ancaq bunlar tuman-köynəklə bizim qapımızda nə gəzirdilər və beşatılanları atan kimdi?

Səlyanski küçədən birinci Xrebtovı küçəyə burulub qoşunun damına çıxdım. Oradan dalanımız görünür. Dama çıxmaq bir o qədər qorxulu deyildi. Çünki buralarda iki gündən bir oğrular küçədən dama, damdan həyətə boş atdanıb dolu qayıdırlar. Heç birinin gözünü də füləyən yoxdur. Mənə kim nə deyəcəkdir? Yəni kim var bir söz desin də! Yenə də dalan qələbəlik idi. Qarmaqarışıq danışırdılar. Diqqətlə qulaq asdım. Birinin səsini tanıdım. Bu, bizim qonşulardan biri idi. Özü də xalis diri idi. Qaçmaq yerini tədarüklədikdən sonra yavaşcadan qışqırdım:

—Məşədi Mehdiqulu, sənsən?

—Bəli! Oho, Sancaq bəy, sənsən?

—Bəli.

—Sən hara, ora hara?

—Çıxmışam da.

—Necəsən, kefin, əhvalın?

—Çox sağ ol, çox razıyam.

—Yaxşı, bir de görək haçan gəlmisən?

—Üç gündür…

—Hə… bir de görək bu gecənin yarısında… Uşaqlar salamatdırmı?

—Çox sağ ol…

—Yaxşı, bir de görək… uşaqların anası ikicanlı idi. De görüm zad oldu, ya yox…

Məşədi Mehdiqulu üst-üstdən sorğu-sual yağdırırdı… Nə isə, mən ürəkləndim, divardan aşdım birbaş dalana. Ancaq yenə də fikrim o əsrarəngiz kisənin yanında idi.

Baxım ki, bu adamlar hamısı məhlə adamlarıdır. Özləri də bizim qapımız deyil, qonşumuzun qapısına toplaşmışlar. Məlum oldu ki, qonşu evdə Əlinin pişiyi Vəlinin kasasını sındırıb və bunun üstündə Əli və Vəli və qardaşları vuruşmalı idi. Bu adamlar da qonşumuzdakı evdə olan telefon ilə danışmağa və rayondan kömək çağırmağa gəlmişlər. Odur ki, bayaq “Arvad, qapını aç” – deyə səs gəlirmiş. Arvad da gecə keçdiyindən qorxub qapını açmaq istəməmişdir. Gələnlər tələsdiklərindən qapını əvvəl yavaş, sonra yumruq ilə, axırda bayırdan götürdükləri qənbər ilə döyürmüşlər.

Qaranlıq gecə, səssiz küçə, yumru qənbər, taxta alaqapı. Yaxşı ki, mən beşatılan səsi bilmişəm. Özgəsi olsa idi, top səsi bilərdi. Vuruşanlar qabaqca işi yumruqdan başlamışlar. Bundan iş aşmayanda əl atmışlar ağaca “taraqqataraq-taraqqataraq,” bundan da bir fayda çıxmır. Binanüma qoyurlar qabaqca bıçağa, sonra dəhrəyə. Axırda Əli böyük bir məharətlə bıçağı dürtür Vəlinin qarnına və yavaşcadan dızıxıb aradan çıxır. Bir də adamlar baxıb görür ki, Vəli uzanıb yerə. Qarnından da qan fantan vurur. Adamlar daha qorxudan bıçaq vurana yaxın dura bilməyirlər. Ancaq oradan çıxandan sonra neçinsə düşürlər onun qardaşının üstünə: vur ki, vurasan! O da görür ki, iş qurum-qolaysızdır, atasını yandıracaqlar, qapır ət dəhrəsini, qabağına gələnə bir dəhrə.

Adamlar pərən-pərən olurlar, üz qoyurlar qaçmağa. Bu da onların dalınca. Hələ yaxşı ki, mənim əqlimə gəlib bayaq divarın dibinə sıxılmışam. Yoxsa böyük tikəm noxuddan da xırda doğranarmış. Nə var ki, əlini tutan yox, ayağını tutan yox… Məni görən kimi, adamlar tez yığışdılar başıma. Ay Sancaq yoldaş, gəl bir sən irayona danış, bəlkə bir şey çıxa… Məlum oldu ki, iş yumruq davasına müncər olanda rayona zəng çalıb milis çağırırlar.

—Kimsən? Adın nədir? Hansı kənddənsən? Anan neçə yaşında ərə gedib? Atan neçə yaşında evlənib? Hələ rayonda adam yoxdur. Gələndə göndərərik, – deyirlər.

Gözləyirlər gələn olsun. İş ağac davasına çatınca, bir də zəng çalırlar. Yenə də rayondan həmin o sözlər:

—Kimsən? Adın nədir? Hansı kənddənsən? Xalan qızı çarşaflı gəzir, çarşafsız? Bibin oğlunun bir arvadı var, iki arvadı? Yaxşı göndərərik…

İş bıçaqlaşmaya çatanda bir də zəng çalırlar – yenə də gələn olmur. Arvadı da qorxudan qapını açmaq istəmir. Odur ki, taraqqataraq beşatılan səsi verir…

Telefonu götürdüm. İkinci rayonu istədim. Genə də anketə başladı.

—Kimsən? Vuruşan kepkalıdır, papaqlıdır? göndərərik…

Tələsik yardıma zəng çaldıq.

—Kimdir? Hansı küçədəndir? Qoyun faytona, gətirin.

—Canım, burada fayton nə gəzir?

—Hansı küçədədir?

—Böyük Səlyan küçəsində.

—Oho?! Yox, yox… Gələ bilmərik. Ora nə fayton yolu yoxdur, nə də maşın yolu.

Vurulan da tir uzanıb yerə, əl-ayağını uzadıb ki, ölürəm. Doğrudan da qan dayanmırdı. Əlinin qardaşı da dəhrəni qapıb qabağına çıxanı şappalayır.

Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi. Baxdım saat hələ indi on tamam olur. Sən demə mənim saatım gündüz birin yarısından yatırmış. Istədim düzəldim, gördüm vurhavurun içində saatın şüşəsi də düşüb, böyük əqrəbi də. Yazılarının da yarısı tökülübdür. Nə isə, saat 10-dan çağırdığımız milis gecə saat 3-də gəldi çıxdı. Bıçaqlanan da dörd saat idi ki, özündən getmiş, qan dayanmırdı. Dəllək Əlimərdan gəldi. Məsləhət gördü ki, bilovu tüpürcək ilə islatsınlar, sonra da bakir bir qızın hörüyünü bilova sürtüb yaraya bassınlar. Axtardılar, bakir qız tapmaq çətin oldu.

Qəssab Ağacan resept verdi ki, mal iliyi ilə qoyun ödünü qarışdırıb qoysunlar… Qoydular, qan dayanmadı. Nöyüt Süleyman dedi ki, bir az nöyüt xılxı ilə sabunu qarışdırıb qoysunlar… Qoydular, dayanmadı. Dabbağ Səməd də gəldi ki, bir az qoyun astarı çəkin. Qalayçı Qurban da dedi ki, bir az qazan qarası ilə qurşun pası qoyun. Qoydular, dayanmadı. Hörümçək qoydular, dayanmadı. Batdaq qoydular, dayanmadı. Dəstərxan qoydular, dayanmadı ki, dayanmadı. Hələ kişinin qarnına təzəcə yorğan təpişdirirdilər ki, bu yandan xəbər çıxdı ki, tələsik yardımın maşını gəlib qalıb }ura küçəsinin altında, yuxarı çıxa bilmir. Biz bir-iki nəfər getdik rayona şahid… Yuxarı qayıdırdıq, gördük beş-altı nəfər adam qıçları öz qaydasilə dizlərinə kimi çırmanmış, çiyinlərində ölü mafəsinə (katafalka) oxşayan bir şey aşağı gəlirlər. Heyrət etməmək olmazdı. Gecənin bu vaxtında hansı axmaqdır ölü basdırır. Düşünürəm ki, yəqin ölünü basdırıb qayıdırlar. Yavaşca birini yaxaladım.

—Bibioğlu, bu mərhumu gecə neçin basdırdınız – deyə soruşdum…

—Ölü basdırmamışıq…

—Mafa doludur, boş?

—Doludur.

—Yaxşı, bəs qəbiristanlıq geridə, bu rəhmətliyi şəhərə neyçün aparırsınız?

Tutduğum adam sorğularımdan çox darıxırmış və çox da qaba cavab verirdi.

—Canım, mafadakı ölü deyil, hələ diridir.

Mən lap çaşıb qalmışdım. Bu yaşa çatmışdım, mafada diri görməmişdim…

—Yoldaş Sancaq, bu hələ bayaqkı məsələdir də… Bu oğlan səni tanıyır. Mafadakı Vəlidir… – deyə Məşədi Mehdiqulu mənə də anladırdı…

—Yaxşı, bəs bunu mafaya niyə qoymuşsunuz?

—Haftavamil palçıqdan gələ bilmir.

Nərdivan-filan da tapılmadı. Məhəlləmizdə də bircə məsciddən başqa heç bir müəssisə yoxdur. Ümidimiz yenə də oraya gəldi. Mafanı götürdük. Yaralını qoymuşuq içinə, havtavamilə aparırıq. Mən mafanı görəndə qabaqcadan bir fatihə verib əlhəm-qulhuvəllah oxumuşdum. Onu da qaytardım, oxudum abadanlıq şöbəsində işləyənlərin bidərət ölülərinə. Özüm də yönəldim evə tərəf. Ancaq onu gördüm ki, altıncı Təzə Pir küçəsilə }ura küçəsinin ortasında mafa yolun bir tərəfində durub, maşın o biri tərəfdə… Orta qurşağa kimi palçıqdır. Nə maşın bu yana keçə bilir, nə mafa o yana… Şofer çıxıb maşının kuzasına, ferşil dırmaşıb maşının damına, maşın özü də batıb palçığa çıxa bilmir… Vəligilin adamları bu yandan fışğırır, şofernən ferşil də o yandan. Burada mənim yadıma Əsli-Kərəm əhvalatı düşdü… Əsli balqonda qalıb, Kərəm balqonun altında…

Mən gördüm bunların işi uzun çəkəcək, özüm də çox yorğunam. Odur ki, genə dəniz kimi dayanan çamurun içindən sərçə kimi daşdan-daşa hoppanaraq evə tərəf üz qoydum. Hələ tək qalan kimi genə o əsrarəngiz kisə yadıma düşdü… Dalana necə yaxınlaşacağımı bilmirdim. Başımda qiyamət qopmuşdu. Hələ dalana bir azca qalmış təzədən dəhşət məni bürüdü. Yenə də bir kölgə… yenə də dalanda bir kisə xəfəki-xəfəki, əyilə-əyilə divar dibilə sürünürdü. Ancaq daha qaçmağa taqətim qalmamışdı… dayanmışdım. Kölgə yaxınlaşdıqca daha aydın görünürdü. Təəccüblü burasıdır ki, kölgənin başında çarşaf vardı. Arvad idi, kişi idi, onu bilmirəm. Ancaq çarşafı açıq-aydın seçilirdi. Birdən arvad başını götürüb məni görcək, kisəni yerə buraxıb daban aldı. Mən daha canımdan bezmişdim…

—Arvad dayan – deyə bağırdım. Arvad dayandı. Nə o mənə tərəf gəldi, nə mən ona tərəf.

—Arvadsan, kişi? – dedim. Arvad bir qədər baxdı və birdən gözlərini mənə zilləyib birbaş üstümə yeriməyə başladı. Mən müvazinəmi itirdim. Hələ qaçmaq istəyirdim, birdən ona baxdım. Gözlərimə inanmadım. Bu arvad mənim qoca nənəm idi…

—Nənə, bu nə əhvalatdır? – Nənəm danışmadı.

—Bu kisədə nə vardır? – Nənəm başını aşağı dikdi və yoluna düzəldi. Mən, doğrusu, qorxudan kisəyə yaxın düşmədim və nənəmin ardınca gedərək təkrar-təkrar soruşurdum.

—Axı bu kisədə nədir? – Nənəm mənim israrımdan təngə gəlib çox acıqlı bir səslə dedi:

—Ay balam, sənin təbiətin birtəhərdir. Allaha inanmırsan, peyğəmbər deyənə qulaq asmırsan. Mən bu sirri sənə aça bilmərəm.

Mən maraqdan boğulurdum. Bu nə sirr idi ki, onu göylərin ildırımından, gecələrin qaranlığından başqa kimsə bilməməli idi? Dalana yaxınlaşdıqca mən ayaqlarımı yavaşıdırdım. Çünki bayaqkı əsrarəngiz kisə də yadımdan çıxmamışdı. Qorxudan dalana yaxınlaşa bilmirdim.

—Yaxşı, nənə, axı o kisələrdən biri də bizim dalanın ağzına salınmışdır. Nənəm hiddətindən partladı.

—Bilirəm, köpək uşağı, bilirəm o kisə kimindir. Sabah onu qəzetə verməsəm, atamın qızı deyiləm. O istəyir bizə hayıf versin…

—Axı kisədə nədir?

—Heç nə!

Mən əgər sabah o kisəni onun ölüsünün goruna saldım, mən də oldum Kərbəlayı Səməndərin qızı… Nənəm bərk acıqlanmışdı. Mən kisəyə yaxınlaşmamaq üçün yavaş-yavaş gedirdim. Nənəm axsaq ördək kimi yanlarını basa-basa qabaqda yeriyirdi. Kisəyə çatdı, boğazından yapışdı. Görünür, dalına almaq istəyirdi. Gücü çatmadığı üçün o… acıqlı-acıqlı üzünü mənə tutub:

—Gəl bu kisəni qoy dalıma, – dedi.

Mən yaxın gəlmək istəmirdim. Nənəm oturdu. Kisəni belinə saldı. Durdu ayağa və bu dəfə üzüyuxarı löhləməyə başladı.

Mən dalan qapısını sərbəst görüb tez özümü dürtdüm içəri. Ancaq nə olursa olsun, bu gecə bu əsrarəngiz kisənin məzmunu və macərasını öyrənməli idim. Həyət qapısını açdım. Gözüm içəri sataşınca birdən-birə duruxdum qaldım. Neçinsə, işıqlarımız yanmırdı. Evimizdə bir çaxnaşma vardı. Heç böylə olmazdı. Gediləcək bir yer olmadığından külfət hamısı axşamdan “küftə-bozbaş,” kəlləni atıb yerə, bir də səhər durur. Yolsuzluqdan tiatroya gedən yox ki, oradan qayıtsın, məktəbə gedən yox ki, dərs əzbərləməyə otursun. Məktəb yaşında iki qulbeçəniz var. Yaxında məktəb və aşağıdakı məktəblərə enmək üçün yol olmadığından heç biri məktəbə gedə bilmir və getmir.

Şübhəm daha da artdı. Nənəmin kisəsini də bu işin üstə əlavə etdim və yəqin elədim ki, evimizdə fövqəladə bir hadisə üz vermişdir. Tez özümü içəri yetirdim. Gördüm aralıq çox məxşuşdur. Uşaqlar hərəsi bir küncə sıxılıb ağlayırlar. Bibim qızı evin ortasında oturub qışqırır, qaynatam quranın ağzını açıb bütün imamları və həddən artıq həzrəti Abbası çağırır. Bir nəfər də rus arvadı evin o küncündən bu küncünə, bu küncündən o küncünə qaçıb əllərini öpür. Mən duruxdum. Ancaq çox keçməmiş məsələ aydınlaşdı. Bəlli oldu ki, bibim qızı nəhs kimi küçənin yarısında başlayıb ki, doğuram. Əri deyib arvad, bu gecə vaxtı sənin üçün həkimi hardan tapaq, mama haradan tapaq və tapsaq da bu palçıqda haradan gətirək. Yat, sabah doğarsan. Arvad razı olmuyub. O deyib, bu deyib. Axırda kişi hövsələdən çıxıb əl atıb lapatkanın sapına…

Ancaq yaxşı ki, lapatkası yoxuymuş. Arvada bir… iki… aləm qarışıb bir-birinə. Bizim arvad da vəziyyəti böylə görüncə boğaz arvadı gətirib evimizə. Qonşumuzdakı Sərfinaz xala gəlib başlayıb işə. Hə çalışıb-vuruşub uşaq olmayıb ki, olmayıb. Axırda görüblər ki, arvad tələf olacaq, istər-istəməz qaynatam dayımın uzunboğaz çəkmələrini geyib enir şəhərə. Bir mama tapıb ötürür faytona. Şura küçəsində faytonçu bunları düşürür. Çünki ondan yuxarı on minlərlə işçi yaşasa da, küçə yolu yoxdur…

Şura küçəsində yeni çəkilmiş tramvayla fırtınadan salamat gəlirlər. Oradan yuxarı düşürlər dərə-təpəyə hopbana-hopbana gəlirlər. Axırda Səlyan küçəsinin tinində mama keçə bilmir. Qaynatam mamanın çamadanını alır dalına, özünü də çəkmə-corabı batmasın deyə alır qoltuğuna. Ancaq küçənin ortasında palçığa ilişir qalır ki, bu yerdə də mən onlara rast gəlmişəmmiş. Nə isə qaynatam yıxılır. Mama da özü aşır. Mamanın çəkməsi, corabı palçıqda qalır. Qaynatamın da ombası burxulur.

Çamadan da düşür evə gələndə. Məlum olur ki, lantset, pinset və bütün karəsti hamısı dağılıb, çamadan da palçıq ilə dolmuşdur. Indi də uşaq çəp gəlib. Həkim lazımdır. Mama döyür başına. Heç kəs də qorxudan gedə bilmir. Odur ki, qaynatam həkim dalınca getməkdənsə, Quran dalınca getməyi daha münasib görmüşdür. Içəri girən kimi qulbeçəniz ağlaya-ağlaya yanıma qaçdı. Ev yiyəsi də axsaya-axsaya yanıma gəlib iki kağız verdi ki: ay başına dönüm, bu kağızlar çastdan gəlib. Bir gör nə istəyir. Bu qoca dul arvad öz əllərilə palçıqdan kərpiç basıb üç dənə otaq kimi tikə bilmişdir ki, onun da ikisini bizə verib, birinə də özü sığınmışdır. Ev ortağı belə 250 manata başa gəlmişdir.

Kağızlara baxdım, gördüm arvadı qaravul pulu vermədiyi üçün 28 manat, zibil pulu da vermədiyi üçün 5 manat cərimə etmişdir. Arvad eşidəndə yazığın rəngi qaçdı. Mən arvada nə isə demək istəyirdim ki, nənəm əlində iki boş kisə içəri girdi. Kisələr yenə yadıma düşdü. Lap daha özümdən çıxmışdım ki, arvad sözə qatışıb bu sirri açdı. Bilirsinizmi kisədəki nə imiş? Kisədəki zibil imiş. Zibil arabası zibil aparmadığından gecələr kişilər, arvadlar zibili kisəyə doldurub, bu onun qapısına tökür, o bunun qapısına. Nənəm də zibili dul arvad üçün pay daşıyırmış. Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı yenidən çıxarıb qoyum qabağıma və əməlli-başlı bir düşünüm. Birdən əlim süstlədi və gücsüz yanıma düşdü. Baxdım… Papaq düşmüşdü.

 

(1) Nifə – lifə sözünün təhrif olunmuş şəkli, şalvarın bel hissəsində bağ yerinə deyilir

(2) İndiki Mikayıl Müşfiq küçəsi

 (3) Ehtimal ki, Hüseyn Kürd Şəbüstərinin illüstrasiyalı “Nağıllar” (Tehran, h. 1926-cı il, fars dilində) kitabı nəzərdə tutulur 

(4) İndiki Almaz Ildırım küçəsi

(5)  İndiki Xaqani bağı 

 

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info