Qonaq Kitabı
SONA XALA

..On doqquzuncu ildə, mayın axırında, yay tətili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli "Ş" şəhərini yenidən bir də görmək şövqü mənə isti və tozlu yolun əziyyətini unutdurdu. Günəş dağlar arxasına keçərək qayib olduqda mən də şəhərə varid oldum.

* * *

Səhər saat 9-da Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.

- Xoş gəlmisən, oğlum, nə əcəb bizi yad etdin? Buyur, buyur, - deyə məni içəriyə saldı.

- Bəşir evdədirmi?

- Xeyr, bazara gedibdir, bu saat gələr. De görüm, çayı harada içəcəksən? Bağçada, ya balkonda?

- Sona xala, zəhmət çəkmə, çay içmişəm.

- Onda sən sevgili bağçana buyur, mən də bu saat gəlirəm. - Bunu deyərək, Sona xala otağa girdi. Mən də bağçaya getdim.

Həqiqət bu bağçanı mən çox sevirdim. Bu gözəl bağçanı bir qədər seyr etdikdən sonra Yasəmən xiyabanında qoyulmuş skamyada oturdum.

* * *

Sona xala, yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkək təbiətli, uca qamətli, iri cəsədli bir qadın idi. Hər kəsin çirkin əməlini şax üzünə deyərdi. Bunun belə xasiyyətini bilib, ondan çəkinərdilər. Sona xalanın Bəşirdən başqa övladı olmamışdı. Bu tək oğluna nəhayət dərəcədə məhəbbət bağlamışdı. Sona xalanın bircə dərdi vardı, o da oğlunu evləndirmək idi. Bəşir isə bu işdən boyun qaçırırdı, çünki orta təhsil görmüş bir cavan, oxumamış qız almaq istəmirdi. Oxumuş qız da o zaman yox idi.

Sona xala əlində bir padnos, içində bir stəkan çay, mürəbbə, qaymaq, yağ, yağlı fətir, qolunda süfrə bağçaya daxil olaraq, şüşəbənd otaqda masaya süfrə salıb məni oraya təklif etdi.

- Ye, oğlum, naharımız bir az gec olacaqdır. Bəşiri göndərmişəm bazardan turac alsın, plov bişirəcəyəm... Ona kimi ac qala bilməzsən.

Burada Sona xala öz yaşayışından söhbət açıb, bu çağacan Bəşirin evlənməməsinin ondan ötrü böyük bir dərd olduğunu da yanıqlı-yanıqlı söylədi.

- Yaxşı, Bəşir indi nə bahanə gətirir, daha ali məktəb təhsilindən əl çəkdi ki.

- Həmin dediyini yenə deyir: mən oxumuş, açıq gəzən azərbaycanlı qızı alacağam. Mən belə qızı haradan tapım? Mollanın qorxusundan hansı müsəlman cürət edib qızını oxuda bilər? Hələ açıq gəzmək kənarda qalsın... Bu ildən də Bəşir bir söz araya atmış, deyir: mən yeni "peyğəmbərin" zühurunu gözləyirəm, o gələr, müsəlman qadınlarının çadralarını başlarından atar, onlara oxumağı əmr edər, hüququnu erkəklərlə bərabər edər, onda mən də özüm üçün qız bəyənib sevərəm, alaram. Buna biz arvadlar deyərik: "Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər".

Bu halda qapı döyüldü. Sona xala cəld ayağa qalxaraq:

- Yəqin Bəşirdir. Mənim başım plov bişirməyə qarışacaqdır, sən calış onu yola gətir. - Bunu deyərək Sona xala getdi.

Bəşir mənim adımı eşitcək qaçaraq yanıma gəldi. Öpüşdük, görüşdük.

- Nə gözəl oldu gəldin, məktubundan belə görünürdü ki, yayda müalicə üçün sulara gedəcəksən. Bu xəbərdən çox məyus olmuşdum.

Bilmirdim bu yayı nə tövr keçirəcəyəm. Bəşirin solğun bənizinə baxdıqda dedim:

- Əzizim, sənin də sular müalicəsinə ehtiyacın vardır. Bəşir gülümsünərək dedi:

- Mənim azarımın dərmanı yoxdur...

- Demək, yeni "peyğəmbərin" zühurunu gözləməli.

Bəşir bunu eşitcək əvvəl təəccüblə üzümə baxdı, sonra güldü:

- Görünür, anamla uzunca söhbət etmisən, -dedi.

- Bəli, özün də bilirsən nə barədə, hər hiyləni işlədib indi də zavallı qadını yeni "peyğəmbərin" zühuru ilə aldadırsan.

Bəşir dedi:

- Bu fikir mənim deyil, bu günlərdə burada görüşdüyüm səyahətçi bir almanın düşüncəsidir; belə ki, bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaylara tamaşa edirdim. Bir də gördüm yanımda səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki əski imarətə baxır. Bir qədər baxdıqdan sonra üzünü mənə tərəf çevirib azərbaycanca soruşdu:

- Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfindən bina olmuş? Oraya getməyə yol varmı?

Mən onun tarixini söylədim və səyyahı oraya apardım. Mənimlə dost oldu. Ömrümün çoxunu Şərq aləminin səyahətində keçirmişmiş. Mənə çox şeylər söylədi. Onu da hər şeydən artıq heyrət və dəhşətə salan Şərq qadının cəhalət zülmətində boğularaq, bəşər hüququndan məhrum qalması idi.

Səyahətçi deyirdi:

- Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüş. İndi də vəhşi halında yaşayan bir çox tayfalar var, lakin heç bir millət öz qadınını islam qadını kimi torbaya salıb günəşin işığından məhrum etməmişdir. Məncə hürr yaranmış Şərq qadınını bu haldan xilas etməyə yeni bir peyğəmbər zühuru lazımdır. İndi, əzizim, eşitdin ki, bu mənim hiyləm deyil, alman aliminin fikridir. Bu söhbətdən sonra evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. Mən dedim:

- Nümunə üçün özündən başla, bir cavan qız al, tərbiyə ver, çadrasını at, özünlə açıq gəzdir. Bilirəm, çox çətinliklərə düçar olacaqsan, lakin davam etmək lazımdır.

Bəşir bir qədər fikirdən sonra dedi:

- Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. Qoy sən deyən olsun, görək axırı nə göstərər.

Bu halda Sona xala gəldi. Suallı nəzərlə üzümə baxdı. Mən dedim:

- Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən?

- Hər nə istəsən, oğlum, qorxuram Bəşir sözündən qaça.

- Heç vaxt qaça bilməz, burada ikilikdə qət etmişik. Sənə söz verirəm ki, bu yay Bəşirin toyunu etməmiş buradan getməyim. Arxayın ol. Bəşir, bu işə razısanmı?

- Razıyam.

- Sona xala, daha uzağa qoymaq lazım deyil. Sabahdan qız axtarmağa başlarsan.

- Nə çoxdur qız; hansı bir bəyin, dövlətli tacirin qapısına getsəm, çox şadlıqla məni qəbul edəcəklər.

Bəşir dedi:

- Ana, mənim də şərtim var, mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. Arxasız olsa, daha münasibdir, çünki fikrim onu oxudub, tərbiyə verib, açıq gəzdirməkdir. Hərgah bu fikrə mənimlə şəriksənsə, işə başla, yoxsa, heç kəsin qapısına getmə.

Sona xala dedi:

- Bu əmrini çox şadlıqla qəbul edirəm, oğlum, mənə dövlət lazım deyil. Arvadını açıq saxlayacaqsan, ona da bir sözüm ola bilməz.

Sonra üzünü mənə tutub dedi:

- Mənim bu şadlığıma səbəb sən oldun, oğlum, ölənə kimi yadımdan çıxartmaram.

* * *

Həmin yay Sona xala arzusuna çatdı. On səkkiz yaşlı, həlim təbiətli gözəl bir gəlin qayınanası oldu. Bəşir də gənc arvadını özü oxutmağa və tərbiyə verməyə məşğul olaraq, yeni arvadının oxumağa olan həvəsindən, səyindən, zəkasından, hər şeyi tez görüb götürməsindən söylərdi və atəşli deyərdi:

- Milyonlarca belə zəkaları dörd divar içərisinə salaraq, hənuz açılmamış qönçə kimi saralıb-soldurub qəbrə göndərən insanlara lənət və nifrət etməyə haqlı deyilmiyəm? Bax, keçən cümə Sürəyyanı şəhərin erməni hissəsinə gəzməyə aparmışdım. Zavallı qadın burada doğulub, on yeddi il yaşadığı halda şəhərin bu hissəsini indiyə qədər görmədiyini mənə söylədi.

* * *

Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək, Bakıya qayıtdım. Hər on-on iki gündən bir Bəşirdən məktub alırdım. O, gənc arvadının dərslərində hər anda irəliləməsindən, gələn il onun gözlərini açıb məlumatını artırmaq üçün səyahətə aparmaq fikrindən, özünün və anasının Sürəyyadan artıqca razı olmalarından yazırdı. Ara-sıra arvadını açıq gəzdirmək səbəbinə avam camaat tərəfindən onlara edilən əziyyəti də qeyd edirdi. Get-gedə Bəşirin məktubları bir şikayətnaməyə dönürdü. Avam camaat tərəfindən onların uzərinə açılan mübarizəyə bir daha davam etməyəcəyini və artıq dərəcədə əsəbiləşdiyini məlum edirdi. Son məktubunda:

- Qışın çıxmasını gözləyirəm ki, arvadımı götürüb başqa vilayətə gedim, - deyə şikayətlənirdi.

Axırda Bəşirin məktubu bilmərrə kəsildi. Mən fikir etdim ki, Bəşir baharı gözləməyib başqa yerə köçmüş, lakin gələn faciəli xəbər məni məyus və pərişan etdi. Belə ki, bir gecə Bəşir arvadı ilə şəhərin Avropa hissəsində düzəldilmiş müsamirədən qayıtdıqları zaman iki cahil cavana rast gəlirlər. Cavanlar nalayiq sözlərlə Bəşirin arvadına sataşmağa başlayırlar, axırda:

- Bu yava matışqanı haraya aparırsan, qoy bir qədər biz ilə gəzsin, - deyə onların önünü alırlar. Bəşir buna səbir etməyib qovğa edir.

Sürəyya qəşş edib yerə düşür. Cahillər isə biçarə Bəşiri xəncər ilə öldürüb qaçırlar.

* * *

Şuralaşmış qırmızı Azərbaycan, sosialist inqilabının ildönümünü təntənəli surətdə bayram edirdi. Neft paytaxtı Bakı, adi boz libasını tərk edərək, zinətli al donunu geymişdi. Evlər, balkonlar, gəmilər hamısı qırmızı bayraq və qiymətli xalılar ilə bəzənmişdi. Hər yan gülşəndə lalələrtək qızarırdı. Saat 8-dən başlamış İttifaqlar öz bayraqları altında, başda musiqi dəstələri, nizamla hürriyyət meydanına tərəf yeriş edirdilər. Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. Bu dəstəni təşkil edən üzvlərin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cürət etməmişdi. Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü.

İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran bayraqdar, ucaboylu, irigövdəli, sadə milli libaslı qoca bir qadın idi. Xeyli qayda və nizam ilə dəstəni aparırdı. Bizim dəstə bu qadınlar dəstəsi arxasınca gedirdi.

Qadının yerişi, əzasının hərəkəti mənə tanış gəlirdi. Bu vaxt qadın üzünü çevirərək:

- Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, - deyə uca səslə komanda etdi.

Qadının üzünü gördükdə Sona xala olduğunu bildim və onun keçmiş faciəli həyatı yenidən xatırımdan birər-birər gəlib keçdi.

* * *

Bəşərin faciəli vəfatından üç ay keçdikdən sonra arvadı Sürəyya uşaq doğarkən vəfat edir, bu isə Sona xalaya yeni bir dağ olur. Biçarə qadın bu hadisədən sonra, yenicə dünyaya gəlmiş qız nəvəsini götürüb başqa qəzada yaşayan qohumugilə köçür. O zamandan bəri Sona xaladan xəbərim yox idi. İndi onunla tezcə görüşməyə ürəyim tələsirdi. Dar küçələrə gəldikdə dəstələr öz hərəkətlərini yatırmağa məcbur olurdular. Bu zaman maskalar geymiş aktyorlar, mənhus çar məmurlarını, ruhaniləri, bəy, xanları, burjuyları təqlid edərək oyun çıxarıb adamları güldürürdülər. İttifaqən, aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə:

- A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən, o əlindəki al bayraq cəhənnəmdə bir qızıl ilan olub, səni müdam sancacaqdır... - deyə zarafat etməyə başladı.

- Kəs səsini, qoca kaftar, siz mollaların zülmündən biz qadınlar, o cəhənnəmi burada çəkmişik, ixtiyarınız mənim əlimdə olsaydı, hamınızı toplayıb bu Kaspi dənizinə atardım! - Bunu deyib Sona xala bayrağını uzadıb mollanın əmmaməsini yerə saldı. Hər tərəfdən qəhqəhələr ucaldı.

- Bu cürətli qadın kimdir? - deyə suallar verilirdi.

- Bu bizim Sona xalamızdır, - deyə qadınlar fəxr ilə cavab verirdilər.

Hürriyyət meydanında, 26 Kommunar qəbirləri yanındakı rəsm-keçiddən sonra nitqlər başlandı. Nitqlər bitdikdən sonra dəstələr yenə də intizam ilə müəyyən yerlərinə tərəf yeriş etməyə üz qoydular. Mən xəbər tutdum ki, Sona xala axşam qadınlar klubunda tərtib olunmus yığıncaqda olacaqdır. Axşam olduqda Sona xala ilə görüşmək məqsədilə qadınlar klubuna getdim. Salona daxil olduqda Sona xalanı kürsüdə nitq söyləyən gördüm. Sona xala deyirdi:

- Bacılar! Sözümü qurtararaq deyirəm: biz indiyə kimi barama içində dustaq yatan ipəkqurduna bənzəyirdik. O əlsiz-ayaqsız, gözsüz qurda topal deyərlər. Axırda o topal qanadlanıb pərvanə olur, baramanı deşib işığa çıxır. Biz dilsiz, ağızsız topalları da, əsarət zəncirini qırıb işıqlığa çıxaran Oktyabr inqilabı yaşasın, bir də yaşasın!

Sürəkli alqışlar ilə Sona xala kürsüdən endi. Mən onunla görüşdüm, dərdini mənə söylədi. Axırda bir ah çəkərək dedi:

- Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info