Qonaq Kitabı
MOLLA QASIM

Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər.

Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.

Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı. Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq, həkimsiz, dərmansız yaşayırdılar.

Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı. Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv etmərik, çünki bu dünyada əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi.

Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib, döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.

Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə, borcluları deyərdilər;

- A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.

- Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz toxuyurlar. Bunlardan gətirin borclarınıza hesab edək, - deyə Molla Qasım onları məzəmmət edərdi.

Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi.

Onun məqsədi yene də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi:

- Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın.

Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi: əcəli yetən adam öləcəkdir, istər həkimi loğman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz.

Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi.

Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyərdi.

Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi:

- Bilməyirəm, mən olmasaydım, sən bu vəhşi camaatın içində, necə yaşaya bilərdin?

Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.

- Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanını hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb, özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vahimə götürmüş birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yəqin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:

- Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz bir az rahat ol, ye, iç, sonra gedərsən.

Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.

Qonaqlar:

- Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, - deyə salamladılar.

Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən şey vardı, o da hamı məni tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi:

- Zeynal kişi, təama şüru edin, ancaq ürəyinizdəki sözü demə. Bunu eşitcək, Molla Qasım, sənin sözün yadıma düşdü. Yəni hər şeyi başladıqda bismillah deməli. Mən bismillah decək, hamı yox ol. Gördüm boz qatırın üstündəyəm.

Heyvan bir kolun qabağında dayanıb dincini alır. Bunu gördükdə qan-tər məni basdı. Heyvanı rahat qoymayıb qamçıladım. Bir azdan sonra bu cin məkanından uzaqlaşdım. İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur.

Molla Qasım:

- Zeynal kişi, cin-şəyatin biz bəni-adəmin düşmənidir. Hər cildə girib bizləri haqq yoldan çıxarmaq fikrindədirlər. Ancaq gərək allahdan uzaqlaşmayasan, onda heç şey edə bilməzlər - deyərdi.

* * *

Hekayəmizin qəhrəmanları belə ömr sürməkdə ikən Azərbaycanda Şura hökuməti quruldu. Sair kəndlər kimi Güllücə kəndində də kənd şurası düzəlib yeni şura yaşayışı başlandı. Qızlar və oğlanlar üçün məktəblər açıldı, böyüklər üçün də savad kursları. Kəndliləri yeni quruluşun qanunu ilə aşna etmək üçün və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular.

* * *

Xanənişin olmuş Molla Qasım bir dəfə öz dostu Zeynal kişi ilə belə yığıncağa getmişdi. Natiq din və məzhəbdən bəhs etdi:

- Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır. Din yoxsullar üçün bir tiryəkdir ki, onları həmişə qəflətdə saxlayıb, oyanmaqlarına mane olmuşdur. Ruhanilər, hökmranların, sərvətdarların min dürlü zühnünə davam etdirmək üçün, "yoxsullar səbir edin, böyüklərin ehtiramını saxlayın, onların itaətində olun ki, axirətdə allahın behiştinə nail olasınız, yoxsa əbədilik cəhənnəmin oduna yanarsınız" - deyə yoxsul sinfə bu dünyada cəhənnəm çəkdirib onların zəhmətilə özlərinə behişt qurmuşlar...

Bu nitqi eşitdikdə Molla Qasımın bədəninə titrətmə düşdü. Qorxudan daha məsciddə qala bilməyib evinə gəldi.

* * *

Nağıl etdiyimiz zamandan üç il keçdi. Zeynəb qarı hələ ümidini kəsməmişdi. Hey tas qururdu ki, Şura hökumətini yıxsın, amma bolşeviklər tilsimə düşməyib gün-gündən möhkəmləşirdilər. Güllücə kəndini indi tanımaq belə olmurdu. Bataqlı küçələri düzəldib, gecələr elektrik ilə işıqlanırdı. Cavanlar tərəfindən teatr tərtib olunmuşdu. Qadınlar üçün klub açılmışdı.

El yaylağa köçən zaman idi. Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. Zeynəb qarı da gilas və ərik qaxı qurudurdu. Bu halda dərvaza döyüldü. Zeynəb qarı gedib açdı. Bir cavan kəndli yedəyində iki at qapının dalında durmuşdu.

Zeynəb qarı soruşdu:

- Nə istəyirsən?

- Zeynəb nənə, molla əmi evdədirmi?

- Bəli, evdədir, içəri gəl.

Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu:

- Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?

- Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.

Molla Qasım istehza ilə dedi:

- Siz bolşeviklər allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.

- Molla Qasım, mənə qalsa elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə meyit namazı qılsan da, qılmasan da təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.

Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:

- Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi allah bəndəsi arvaddan belə kafir oğul törəsin?

Qənbər gülərək cavab verdi:

- Ay Zeynəb nənə, mən kafir öləndə, nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.

Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:

- Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.

Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:

- A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu ədalətsizlik olar və sən də deyirsən ki, allah adildir, zalım deyil.

Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qaranlıq yerdə qazılmış qəbrə çatdılar.

Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.

- Kərim, mollanın atını tut, - deyə Qənbər atdan düşdü.

Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:

- Molla duasını oxuyunca, biz də başdaşını gətirməyə gedək.

Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çömbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarını altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar. Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı. Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdılar. Xeyli səydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb, meyit rənginə dönmüşdü. Qənbər soruşdu:

- Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?

Molla Qasım zəif və titrək səslə dedi:

- Ölü xortlamış, ayağa qalxmaq istəyirdi... məni boğdu... sonra bilməyirəm nə oldu... Məni tez Zeynəbə yetirin...

Bunu eşitdikdə, kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar.

- Bizim etiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yol göstərici olmuşdun? - deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.

Molla Qasım dedi:

- Mənə inanmayırsınız, qəbrə girin baxın.

- Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, - deyə Qənbər qəbrə endi.

Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basdıqda meyitin baş tərəfi dikəldi.

- Gördünüzmü, - deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.

Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:

- İndi mənə inanırsınız.

Qənbərəlini meyitin baş tərəfinə soxaraq, Rəhim və Kərimə dedi:

- İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə meyitə əl dəydikdə ləngərlənəcəkdir.

Bunu eşitdikdə Kərim gülüb dedi:

- Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.

Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qan ərini belə gördükdə qışqırıq saldı.

- Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, - deyə Qənbər onu sakit etdi.

* * *

Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar:

- Molla Qasım, qaç xortdan gəldi.

Molla Qasımın azarı getdikcə artırdı. Axırda el dağdan enən zaman, ağartının qızğın alver vaxtı Güllücə kəndinin sabiq mollası, həkimi, taciri, ağsaqqalı və sairə vəzifə sahibi Molla Qasım vəfat etdi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info