Qonaq Kitabı
ANAN TƏLİM EDƏN DİLDƏ

Mənə lütf eylə, ey saqi, gətir o cami-sərşari

Ki, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.

Nə püstəm var, nə badamım, nə tüxmi-şur, nə neytaqim,

Məzə olsun məni-biçizə yarın ləli şəhvari.

De gəlsin məclisə mütrüb, əlində sazü mizrabi,

Çalıb tarü dəfi, şad eyləsin mən aşiqi-zari!

Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə,

Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari.

Nə məllakəm, nə tüccarəm, nə xani-mərdümazarəm,

Mətaim şerdir ancaq, onun da yox xiridari.

Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə,

Mənim tək şairin, əlbət, olar kasad bazari.

Dünən şer ilə bir namə apardım şahi-İranə,

Dedi: "Torki nə midanəm, məra to beççə pəndari?"[1]

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir,

Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!

Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə!

Gəzər bir ərməğan tək dəftərin Çini və Tatari.

 

[1] - Türkcə (azərbaycanca) bilmirəm, məni sən uşaq sayırsan?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info