Qonaq Kitabı
ALLAHIN NEMƏTLƏRİ

Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdanə,

Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.

Çubuq, siqar və qəlyan verib, həm bəng, həm əfyun,

Şərabü çayü qəhvə, meykədə, həm şirəkeşxanə.

Yaratmış mehriban allah hər əsnafə belə bir daş,

Səqət, Təbrizi, Zəngani düsəd [1], bəh-bəh bu ovanə!

Təsuci, Xungəri, Dilmani, Tehrani təalallah....

Və səngi Ərvənəq, put afərin olsun o rəhmanə.

Və Şah əbdul Əzimü, Kazimeynü Kərbala, Məkkə,

Xorasan, Samirə, Bağdad, Mədinə, Şamşahanə.

Yaratmış bir peyəmbərlə bərabər bir sürü imam

Və bir dəccal, həm bir Sahibzaman biz əhli-İranə.

Pazəhri, qırmızı, ağ, göy, yaşıl, sarı, qərə səqqəl

Səri üryan, miyanbirçək bənaguş, anladın, ya nə?....

Orucluq, mahi-matəm, ərbəinü, ruzi aşura,

Kəfən, qəddarə, meydan, təbl, istehzayi-biganə.

Dəxi etmiş nələr ehsan xüsusən bizlərə xaliq?

Fəqanu naləvü zəncirü sillə, qəlbi viranə.

Bizə etmiş fəqət əşki-bəsərlə rozəxan ehsan,

Nə türkə eyləmiş ehsan, nə əfqanə, nə yunanə.

 

[1] - İranda hər şəhərin özünəməxsus çəki daşı olmasına işarədir



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info