Qonaq Kitabı
AY MİLLƏT!

Gözlərizi yummayın, ey dustan,

Bir nəzər eylün qərə çaydanuza,

Başuzi yorğanə çəkib yuxlasaz

Düşmən edər qəsd genə canuza.

 

Gəh yarısız başüzi, gəh çərtisiz,

Bu nədi, qardaş, düşünün bir özüz,

İndi ki, vardır sizin ağlar gözüz,

Ağlayın öz hali-pərişanuza!

 

Şam üsərasın salısız yadə siz,

Pəs gəlisiz nalövü fəryadə siz,

Rəhm edin, ey qovm, bu arvadə siz

Ac idi, möhtac idi ehsanuza.

 

Altı min övrət gözü qürbətdədir,

Sübhü məsa rəncü müsibətdədir.

Şam üsərası bu vilayətdədir.

Pəs niyə olmur səbəb əfğanuza?

 

Qissəyi-qürbət əridib canini,

Beh qoyub o, süfreyi-binanini,

Köynəyini, şalini, tumanini,

Rəhm edin, ey qovm, öz üryanuza!

 

Dövrəni ifriti-cəhalət alıb,

İş tapa bilmir, gədə, millət qalıb.

Ay kişilər, gör necə yanğun salıb

Fəqrü zərurət odu İranuza!

 

İndi bu ki, göydə uçar başyaran,

Başını şəst ilə açar başyaran,

Hərmələni görsə qaçar başyaran,

And ola o kəlleyi-nadanuza!

 

İndi deyirsiz: Ağa, qurbanuvam,

Nasiri-ətfali-pərişanuvam,

İştə qəmə, bəndeyi-fərmanuvam

İzni verin, qan eliyək qanuza!

 

Saymışam ağzızdakı dəndanızı,

Siz o deyilsiz, verəsiz canızı!

Batıracaqsız hamı tumanızı,

Şimri-ləin gər gələ-meydanuza.

 

Çün yığışar bir yerə tüccarınız,

Söhbət edər gör necə dindarınız,

Gör haralarda gəzər əfkarınız,

Bir qulaq as söhbəti-əyanuza!

 

Ay kişilər, heç bilisiz neyliyək?

Jonları[1] qəddarə ilə peyliyək,

Tazə dəbstanları sədd eyliyək,

Çün sovurur rəxnələr imanuza!

 

Firqeyi-əhrardı din düşməni,

Yaxşıdır onlardan urus-erməni,

Qırxdırın, ey qovmi-vəfa, kəlləni,

Bağ salın lifəli tumanuza!

 

Cəm olun, ey qovm, verin səs-səsə,

Qoymayın açsınla təzə mədrəsə,

Şərə müğayirdi fizik, həndəsə,

Köhnə kitabları yığın yanuza!

 

Dərs verin oğluza Əbvabdən,

Ya çəkin əl məscidü mehrabdən,

Eyləyin, ey qovm, həzər babidən,

Qoymayın onları dəbistanuza!

 

Bir para qız namə yazır-bərməla,

Yollur onu Tiflisə, İstambula,

Qorxuram həq göndərə əbri-bəla,

Yağdıra daş bağuza, bostanuza!

 

Qızlar oxur şəhridə alman kimi,

Şəhri görüm həq edə Dilman kimi,

Qız nədi kağız yaza oğlan kimi,

Tüf sizə, həm də o qələmdanuza!

 

[1] - Yeni fikirliləri



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info