Qonaq Kitabı
AĞALAR!

Biri deyər: gərək fala baxıla!

Biri deyər: gərək dua yazıla!

Biri deyər: gərək evi yıxıla,

Bu kişini gəlin yıxaq, ağalar!

 

Səhər tezdən kişi gedər işinə,

Pinti arvad çarşab salı başına,

Fatma xala gələr, düşər peşinə,

Nə xoş olar dua yazmaq, ağalar!

 

İki arvad küçələri dolanır,

Çərşabları zığ-çamura bulanır,

Falçı qardaş xanımlara sulanır,

Boynu yoğun, şələpapax, ağalar!

 

Əvvəl bir az danışarlar, deyərlər,

Çubuqlaşıb qəndü nabat yeyərlər,

Ondan sora mis-tas yerə qoyarlar,

Gəlin bir az fala baxaq, ağalar!

 

Arvad gərək əlin çəksin tasına,

Falçı baxar əlinin hənasına.

Belə arvad, ərin gəlsin yasına!

Yaxşı bilək, qəşəng buxaq, ağalar!

 

Qətbaşılar dövrəsinə düzülür,

Falçı baxar, xumar gözlər süzülür,

Başın əyər, dodaxları büzülür,

Səslər gəli tarax-tarax, ağalar!

 

Kafir həblər tas içinə tökülü,

Kimin başı, kimin qarnı sökülü,

İfritlərin cümlə qanı tökülü,

Kimisi də olu dustax, ağalar!

 

Bir tümən pul beş qətbaşı verilü,

Ər-arvadın qarabaxtı durulu,

Evdə genə əcinnələr dirilü,

Genə o aş, o ispanax, ağalar!

 

Fatma xala hər gün gələr bulara,

Yeyər, içər, əlin silər duvara.

Gedəcaxla sabah mala, bazara,

Sora görax, nə yapacax, ağalar.

 

Sabah olar gedər mala, yozana,

Beş qran da verər dua yazana.

Başa gəlməz, qalu arvad azana,

Axşam oldu, yanar çırax, ağalar!

 

Molla yazan duaları bitürü,

Yarı gecə qonaxları ötürü,

Fatma xala qapıyacan gətirü,

Xanım girər gözdən irax, ağalar!

 

Kişi gəlib, odun qoyub ocağa,

Qaranlıxda yağı töküb çırağa.

Xanım gəlir, kişi durur ayağa,

Sizə zəhmət, ona dayax, ağalar!

 

Kişi vurar, arvad çəkər havarı,

Parçalanıb köynəyinin kənarı.

Qana batıb zəncirəsi, navarı,

Qurtaracax, görax nə vax, ağalar?

 

Baş yarılıb, çomax gəzir havada,

Macal olmub çarşabını çıxada.

Səni tarı, təsirə bax duada,

Durun gedax, biz də alax, ağalar!

 

Fatma xala nağıl elər ərinə;

-Biz yaxçılıx etdux bu gün birinə!

Boğuşdura hər gün yarı-yarına,

O dünyada görməz duzax, ağalar!

 

Bu əsnada nagəh qapı açılır,

Pinti arvad gəlir, qanı tökülür.

Fatma xala bunu görüb, əkilir,

Başımıza nə kül tökax, ağalar?

 

Lənət eylər arvad dua yazana,

Fatma xala hanı, bassın qazana?

Xəbər verin gəlsin falı yozana,

Yuxlamasa, olsa oyax,ağalar!

 

Sözün kəsib, pişik qaşdı eşiyə,

Təsir etdi bu sözlər çox kişiyə.

Bir söz deyim; Möcüz əyər yaşıya,

Ona çatmaz heç bir yanşax, ağalar!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info