Qonaq Kitabı
QƏLƏM

Nevisəndeyi-sərgüzəşti-cahan [1]

Qələmdir, qələm, barəkallah qələm!

Səfiri-kəbiri-Ənuşirəvan [2]

Qələmdir, qələm, barəkallah, qələm!

 

Qələm hökmfərmadi hər əsrdə,

Qələm əhlin əyləşdirər qəsrdə,

Əziz eyləyən Yusifi Misrdə

Qələmdir, qələm, barəkallah, qələm!

 

Odur Rüstəmi rakibi-Rəxş [2] edən,

Odur heykəli-Nadiri nəqş edən,

Şəh Əbbasə nami-niku bəxş edən

Qələmdir, qələm, barəkallah, qələm!

 

Yazar gündə minlərcə fərmani-səxt,

Əyər baş ona sahibi-tacü təxt,

Süpəhdarü sərdarü salari-bəxt

Qələmdir, qələm, barəkallah, qələm!

 

 Qələm yazdı çün qətl fərmanini,

Urus çarının tökdülər qanini,

Edən xəl həm türk sultanini [4]

Qələmdir, qələm, barəkallah, qələm!

 

Qələmdən sual eylərsən: Məmdəli [5]

Neçin təxtidən düşdü, oldu dəli?

Səbəb kimdir? Söylər bə sövti-cəli:

Qələmdir, qələm, barəkallah, qələm!

 

Edəmməzdik aləmdə seyrü səfər,

Qələm etməsəydi bizi baxəbər.

Nigarəndeyi-nəqşeyi-bəhrü bər [6]

Qələmdir, qələm, barəkallah, qələm!

 

Əgər olmasaydı cahanda midad,

Kim eylərdi Xəyyami, Sədini yad?

"Suxəndani-şirin zəmanü bilad" [7]

Qələmdir, qələm, barəkallah, qələm!

 

Əgər olmasaydı cahanda qələm,

Deyilməzdi dünyada nami-əcəm,

Ələmdari-Firdovsiyi-möhtərəm [8],

Qələmdir, qələm, barəkallah, qələm!

 

Ölüb Şeyx Məhmud [9] cənnətməkan,

Qalıb "Gülşəni-raz" ondan nişan.

Onu şöhreyi-şəhr edən, dustan,

Qələmdir, qələm, barəkallah, qələm!

 

Əcəl bağlayıb Sabirin gözlərin,

Qoyub yalqız oğlanların, qızların,

Diri saxlayan "Hop-hop"un sözlərin

Qələmdir, qələm, barəkallah, qələm!

 

Dedim çün hanı hafiz, ey dəhri-şum?

Nolub Şəms Əttar, Mollayi Rum?

Dedi: neylisən, indi  bəhrül-ülum,

Qələmdir, qələm, barəkallah, qələm!

 

Gömüb Xosrovu, Hatifi gurkən,

Biçib Ləliyə, Saibə həm kəfən,

Bu şairlərin namin əhya edən

Qələmdir, qələm, barəkallah, qələm!

 

Cahan qaldı, yaran, nə Xaqaniyə,

Nə ibni-Yəminə, nə Qaaniyə,

O ki, dal çevirməz bu idvaniyə,

Qələmdir, qələm, barəkallah, qələm!

 

Gedib dəhridən Ürfiyü Ənvəri,

Verib can həm o Camiyü Cövhəri

Bu gün onların varisi-əkbəri

Qələmdir, qələm, barəkallah, qələm!

 

Cahanda əgər olmayaydı midad,

Sənaini aya kim eylərdi yad?

Baba Tahirə yavəri-xoşnəhad

Qələmdir, qələm, barəkallah, qələm!

 

Əsir eyləyib Eyrəci ruzigar,

Nizamini, Xacuini biqərar,

O ki ölməz hərgiz, yaşar bişümar,

Qələmdir, qələm, barəkallah, qələm!

 

Dedim ağlaya-ağlaya: ey qələm,

Hanı Səbzüvari, hanı Möhtəşəm?

Dedi: Möcüz, əssaə həyyül-üməm,

Qələmdir, qələm, barəkallah, qələm!

 

 [1] Dünya hadisərini yazan.

[2] Ənuşirəvanın böyük səfiri

[3] Rəxş adlı əfsanəvi ata mindirən

[4] Osmanlı sultanı Əbdülhəmid

[5] Məmmədəli şah

[6] Torpaq və suların xəritəsini çəkən

[7] Zaman və məkanın şirin söz ustası

[8]Hörmətli Firdovsinin bayraqdarı

[9] XIII əsrin böyük Azərbaycan alimi Şeyx Mahmud Şəbüstəri



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info