Qonaq Kitabı
ZİYAFƏT VƏ FƏLAKƏT

Oxurdu mərsiyəxan, mən baxırdım heyrətlə,

Vururdu başə cəmaət, kəmali-şiddətlə.

Rəfiq qovzadı başın, dedi: əyil aşağı!

Dedim: niyə? Dedi: həmrəng ol cəmaətlə.

Rəva deyil baxasan xarici kimi xəlqə,

Gərək məlul olasan sən də bu müsibətlə.

Xülasə, mərsiyə bitdi, çəkildi "Ya allah!"

Götürdük əl tərəfi-kibriyayə millətlə.

Döşəndi süfrə yerə, xonçeyi-pilov gəldi,

Qarınlar oldu çırağan o dadlı nemətlə.

Yanırdı pinc o məclisdə, xəlq tərlər idi,

Veleyk qar yağır idi eşikdə şiddətlə.

Yığıldı süfrə, tamam oldu məclisi-işrət,

Əyağə durdu cəmaət yerindən izzətlə.

Əbasini götürən eylədi "Xudahafiz!"

Yola salırdı qonaqçı bizi nəzakətlə.

Fənarilər yaxılıb, kuçə çün işıqlandı,

Dedim rəfiqə: bax indi o yanə diqqətlə!

Baxıb, nə gördü-pərişanü binəva bir cəm

Ayaqyalın, bədən üryan, durubla zillətlə.

Nə rəng vardı, nə qan üzlərində, dəmbəstə,

Baxırdı xəlqə o binur gözlər həsrətlə.

Dedim rəfiqə: görürsən o tifli-məsumi,

Dodaqları göyərib, cənk edir təbiətlə?

O övrətə nəzər et, əyləşib buz üstündə

Başı açıq, donacaq bu gecə o halətlə.

Rəva deyil baxasan xarici kimi ona sən,

Əbavi salmayasan başına məhəbbətlə.

Ciyər kəbab edici haldır bu hal, ey dust,

Necə gedib yatacaqsan evində rahətlə?

Rəfiq yumdu gözün, tərlədi xəcalətdən,

Başın aşağı salıb keçdi, getdi sürətlə.

Dalınca səslədi Möcüz: rəfiq, dur, getmə,

Gərək ki, titrəyəsən sən də bu cəmaətlə!

Bu yarəli bacılar mərhəm istəyir səndən.

Hara qoyub gedisən, xəlqi min cərahətlə?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info