Qonaq Kitabı
Məgər badi-səba zülfin ucundan key pərişandır

Məgər badi-səba zülfin ucundan key pərişandır

Ki, başü canü dil hər dəm ayaq altında rizandır.

 

Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,

Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.

 

Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,

Pərişanhalü aşiftə, nizarü zarü giryandır.

 

Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,

Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.

 

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqin

Ki, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.

 

Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,

Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.

 

Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,

Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info