Qonaq Kitabı
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər

Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,

Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.

 

Sən ol insani-kamilsən, ola, ey surəti-rəhman

Ki, daim hüsninə səcdə süruşü mehrü mah eylər.

 

Əmin olan həvadisdən, dü aləmdə o aşiqdir

Ki, sən məşuqi-qeybinin eşigin ol pənah eylər.

 

Səadətli ayağınun tozu hər başa kim qonsa,

Əlini erdürür ərşə, adın sahib-külah eylər.

 

Bu xaki cismimi mehrin odunun yeli yaqdıqca,

Gözüm seylab olur ol dəm, həm ahim kuhi kah eylər.

 

Qamu şahmat olur şaha fərəs filiylə fərzin sür,

Qaçan kim baydaqi-xalin rüxün nətində şah eylər.

 

Müənbər zülfinə müşki-xəta öygənmək etdikcə,

Yanar fikri-xətasının oduna çün günah eylər.

 

A Şəmsəddini-canpərvər, titirər gög, qamu əxtər,

Həbibi eşqin odundan k-o dəm dərd ilə ah eylər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info