Qonaq Kitabı
EY ƏZİZİM, XƏLƏFİM...

 

Ey əzizim, xələfim,mayeyi-izzü şərəfim, ruhi rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömrü-giranmayəmi, yalqız demirəm dinimi, imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, təlim edərək, sərvqədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nuru, olan sevgili övladını tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü məarif deyilən boş, əbəs, insanə cəfəng işlər ilə fikrini, həm əqlini, vicdanını məhdud qılıb, ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, küçədə, bazardə öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığıntək dolanıb, gəzməyinə razı olub, mən səni bir sənətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudaya ki, olubsan belə qüvvətlil, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda dutulmaq da var, əmma onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökümət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin künci-fərağət, sənə bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan, qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qönçə-dəhən, sim-bədən, rəşki-çəmən, zülfi-səmən, gözləri ahuyi-xütən, göpgözəl, appağ, o ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan...

 

Bu əməldən ucalarsan,

İvan namin alarsan,

Amilyanov olarsan,

Nə qədər olsa da ömrün,

O yerlərdə qalarsan!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 fevral 1907, â„– 6) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info