Qonaq Kitabı
NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ

 

Ey nəfs, fərz bildiyim üçün niyayişin,

Daim edəm gərək gecə-gündüz sitayişin;

Dinim və məzhəbim, əməlimdir nümayişin,

Şimdi nədir bu yolda mənə, söylə, xahişin?

İfayi-əmri-vacibül-izanın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Gər olmasam bir işdə rəis, - eylərəm fəsad,

Mehrü vəfanı tərk edərəm, başlaram inad,

Səyimlə əlfiraqə dönər vəzi-ittihad,

Bir parə şəxslər mənə etməzsə inqiyad,

Mən özbəyəm, itaəti-fərmanın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Bir şəxsin olsa əqli əgər min mənim qədər –

Heç olmaram riza ola təhsin mənim qədər!

Görsəm ki, xəlq edir onu təyin mənim qədər,

Bir hiylə eylərəm, edəməz cin mənim qədər...

Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Təhti-rəyasətimdə rəvan olmayınca kar,

Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar,

Bir əmri-xeyri istər edə kim ki, intişar –

Cürətlə eylərəm onu filfövr tarimar,

Şəxsi qərəzlə cümləni heyranın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,

Min çılpaq olsa da, birinə camə vermərəm,

Öz şənü cahımı bütün islamə vermərəm,

Dərdi-vətənlə mən səni talanə vermərəm,

Əhli-diyarı zülm ilə giryanın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm,

Əmsalın ehtiramına artır təhəssürüm,

“Mən”, “mən!” deməklə cümlə bilir var təkəbbürüm,

Olsa nolur neçə büləhayə təşəkkürüm,

Onlarla vəsli-rişteyi-peymanın eylərəm,

Məndən əmin ol, aləmi qurbanın eylərəm!

 

Bir gün gəlir, olar da bilərlər xəyanətim,

Məndən tənəffür ilə qaçarlar cəmaətim,

Onda yəqin qopar başıma öz qiyamətim,

Artar qəmim, gedər fərəhim, izzü şövkətim,

Əhdi pozub əgərçi mən üsyanın eylərəm,

Ey dad, haray! Nə növ ilə samanın eylərəm?!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1907, â„– 39) “Mir`at” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info