Qonaq Kitabı
Müstədam olğıl həmişə, ey gözəl xanım mənim

Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,

Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.

 

Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur,

Həq səni var eyləsün, dövlətli sultanım mənim.

 

Sən fərağət, şadü xürrəm, mən qılıram nalələr

Xoşmidir, dilbər, sana bu ahü əfğanım mənim?

 

Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib,

Dilbəra, vəslindədir, var istə dərmanım mənim.

 

Ey Həbibim, iştə ğori mədhini təkrar edəm,

Bülbüli-şuridənəm, sənsən gülistanım mənim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info