Qonaq Kitabı
Dur uru, ey saqi, billah, xoşxiram

Dur uru, ey saqi, billah, xoşxiram,

Cami-Cəmdən nuş edüb sərxoş həram.

 

Ləli-yaquti rəvani lütf edüb,

Sun əlümə ödəvüz bəzmi-müdam.

 

Gün yüzünlə zülfi-şəbrəngün, a dost,

Virdimü zikrim olubdur sübhü şam.

 

Ey qəmərrux, şəmsi-can, saqi, saqın,

Puxtə olmuş aşiqini etmə xam.

 

Səbzəvü abü hərifü sazü mey,

Budürür əsbabi-işrət, vəssəlam,

 

Hazır ikən dur içəlüm durmadan

Kim, gedər Cəm taxtdan uşanur bu cam.

 

Söhbəti bir xas edəlim yar ilə,

Müttəli olmasın ana heç avam.

 

Cəhd qıl, sənligi səndən zail et,

Şol müsəffa ab ilə sən, ey qulam.

 

Ey Həbibi, hali olma bir nəfəs,

İç şərabı il on iki ay tamam.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info