Qonaq Kitabı
NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ HƏLVAYİ-HÜRRİYYƏT

 

Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,

Yesəm bir löqma ondan, söyləsəm oxqay, hürriyyət!

 

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında

Tökülüblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

 

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,

Urullar təllə, dağdan da aşır balayi-hürriyyət.

 

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,

Dedim, yaran, nolur verməz mənə bir payi-hürriyyət!

 

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!

Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?

 

Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,

Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”[i]

 

Kəmali-yəs ilə məhrum olub, bir yanda əyləşdim;

Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.

 

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,

Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət.

 

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,

Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

 

Oxurkən xətti məlum oldu kəştibanı qərq olmuş,

Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət.

 

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,

Görüb əmvacı kəştidən ucaldı: “vay, hürriyyət!

 

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,

Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 yanvar 1907, â„– 3) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur.

Jurnalda şerdən əvvəl C.Məmmədquluzadənin “Həmşəri” adlı felyetonu verilmişdir.



[i] Rədd ol, bu qısa əl ilə xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün İrana məxsusdur? Sən özün hürriyyətin gözəl dilbərinə naməhrəmsən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info