Qonaq Kitabı
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha

Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,

Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,

 

Ləlü-ləbi-yaqutuna can necə təşnə olmasın,

Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha.

 

Yüzünə Zöhrə, Müştəri, Mehr ilə Mah ögünməsin,

K-ol günəşin bir zərrəsi min mahtab olur, şəha.

 

Mehrinlə kinən odunu canım içində yaxalı,

Eynül-yəqin yerin yüzü eynimdən ab olur, şəha.

 

Ol dəm ki, sən nuş edəsən cami-səfayi Cəm kimi,

Ləlinə cam erdügünə bağrım kəbab olur, şəha.

 

Nəzr etdügün bir busəyi dərviş içün etsən əda,

Vallahi kim, andan sana min-min səvab olur, şəha.

 

Ləlündürür ehya edən hər dəm o bicismi, vəli,

Sərxoş gözündən sayru can məsti-xərab olur, şəha,

 

Abi-zülali-vəslinə şol rəsmə təşnədir bu can,

Kim gözlərimə bu cəhan eyni-sərab olur, şəha.

 

Bağrım qanını gözlərin hər dəm, Həbibi, tökdügü,

Budur ki, rəngin ab ilə ol xoş xizab olur, şəha.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info