Qonaq Kitabı
Müavin mana ol Sübhan olursa

Müavin mana ol Sübhan olursa,

Bədəndə ruhi-qüdsi can olursa,

 

Tutam ömrüm kimi zülfün ucun bərk,

Nigara, vəslinə dərman olursa.

 

Çü cövhər dür saçam ol dəm gözümdən,

Xəyalin lütf edüb mehman olursa.

 

Necə etsün qərarı can saçınla

Ki, sir nə əhdü, nə peyman olursa.

 

Sən ol sultani-cansan, ey diləfruz

Ki, qapında sığar, min xan olursa.

 

Nə qəm, sən Xosrovin min cani-Şirin

Səri-zülfində sərgərdan olursa.

 

Yüzün nuri edər şəksiz hidayət,

Saçın küfri mənə iman olursa.

 

Səadət bulur ol dəm nəhsi-əkbər,

Qapunda, ey Günəş, dərban olursa,

 

Şu fəttan eyninin eyninə gəlməz,

Ucundan dəmdə yüz min qan olursa.

 

Rüxün şəminə qarşı canı hər dəm,

Nola pərvanəvəş büryan olursa.

 

Rüxün, zülfün görüb oldum müsəlman,

Olur min illik ol rühban olursa.

 

Əgər dünyadəvü üqbadə sənsən,

Həmin cana əzimüşşan olursa.

 

Oxur can müshəfini bigüman, ol

Xətü xalın kimə bürhan olursa.

 

Görən şol vəchi-zibanı, nigara

Nola gər valehü heyran olursa.

 

Nə sultansan ki, qapunun gədası

Durur, min Xosrovü Xaqan olursa.

 

Erəm ruzi-visalə, ey məhi-növ!

Şəbi-hicranına payan olursa.

 

Dü aləmdə qəni ola fəqirin,

Qapundan fəzl ilə ehsan olursa.

 

Qamu dərdü fəraqindən həmin bəs,

Bu aşiq dərdinə dərman olursa.

 

Həyati-cavidan bula Həbibi,

O qaşın eydinə qurban olursa.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info