Qonaq Kitabı
EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR...

 

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cürətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr, yazmağa adət, itə ismət, bata iffət... aman, ey vah! Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı, üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynayaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başıçəkməz də məlamət...

 

Budur aləmi-nisvan!

Budur hali-müsəlman!

Gərəkdir edə məhdud

Öz övladını insan!

 

Sən, əmma, hələ qanma!

Inanmırsan, inanma!

Fərəhlən əməlindən,

Utanmırsan, utanma!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 yanvar 1907, â„– 3) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info