Qonaq Kitabı
ƏLƏMAN, SƏRKƏŞ OLUB...

 

Ələman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusən məni-biçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşu xüruş eyləyirəm, sanki səmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bidətə elm adını, tərğib və təhris eləyirlər bizi ol əmri şəniə, yenə bunlar nə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu təmam eyləyib, az-çox nə ola kəsbi-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu naqqal şüəralər, hədərəndən-pədərəndən, nə bilim, boymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar, necə hörmətli “qərib” olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə əmalımızı, halımızı, cümlə bu əfalımızı şerlə təğyir və təbdil eləmək fikri-şəniində olub, bizləri hər bidətə ifğal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balanın yasına, bax bircə, sən allah, buların verdiyi fitvasına: yəni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, bir pak və pakizə müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, axırı bir doktor olub, milləti-islamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarını çarə bilib, mömini-dindarın edə qarnını murdar, və halonki gözü sürməli, saqqalı hənalı, əli təsbihli, allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan, bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübbi-biyan verməyən ol həzrəti-hacül-hərəmeynin gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, təsiri də artmaqda olub, naxoşu hər dərdü mərəzdən qutarıb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənai-mərməki, ya həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..

 

Alan olmaya əzvay,

Gedə qış, gələ həm yay,

Ötə il, dolana ay,

Sata bilməyə mumyay,

Iş oldu bu da, hay-hay!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 dekabr 1906, â„– 39) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info