Qonaq Kitabı
MƏN BİLMƏZ İDİM BƏXTDƏ BU NİKBƏT OLURMUŞ

 

Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,

İzzət dönüb axır belə bir zillət olurmuş,

Çərxin, əcəba, seyri də min babət olurmuş,

Milllət ayılıb talibi-hürriyyət olurmuş,

Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!

Yalqız, nə deyim, getdi mənim millət əlimdən,

Torpaq başıma, çıxdı bütün izzət əlimdən!

 

Təbrizdə gər olmuş idim cümə imamı,

Gizlin ki, deyil, yaxşı bilir mətləbi hamı,

Pul ilə satın almış idim mən bu məqamı,

Uydurmuş idim kəndimə bilcümlə əvamı,

Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,

Xud, mən nə bilim sübh dönüb şam olacaqmış,

İranda da hürriyyəti-islam olacaqmış?!

 

Tədric ilə salmışdım ələ bunca dehatı,

Bir parça çörək nökəri etmişdim elatı,

Artırmış idim məzrəəni, ilxını, atı,

Rəncbər eləmişdim özümə çöllünü, tatı,

Dərkar idi xeyrimdə ümumin hərəkatı,

Birdən-birə getdi hamı kərrü fərim, ey vay!

Çıxdı boşa sərvət qazanan əllərim, ey vay!

 

Təbrizdə rahət yeyib, asudə doyardım,

Möminləri hər töhmətə olsaydı qoyardım,

Hər axmağı, xamı quzu cildində soyardım,

Həq söz deyənin canın alıb, çeşmin oyardım,

Neylərdim edərdim, necə rəng olsa boyardım,

Səd heyf, gözəl hökmi-şəriət tələf oldu!

Qanuni-əsasi də bir əngəl kələf oldu!

 

Bilməm arılar mənzilinə kim çöp uzatdı,

İllərcə təğafüldə yatan xəlqi oyatdı,

Fitnə ağacın əkdi, evim qəmlərə batdı,

Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,

Əhli-qərəz öz istədiyi mətləbə çatdı;

Əhkami-şəriət dəxi bir kar görərmi?

Bundan sora bir buğda da anbar görərmi?

 

Lal olsa nolur Mirzə Cavadın[i] dili, ey kaş!

Ta ağzın açıb eylədi hər gilzi sözü faş!

Bir yanda yığıb Mirzə Hüseyn[ii] başına yoldaş,

Çığ-mığ edib axır başıma saldıla bir daş,

Təbrizdə ta oldu bərəngixtə pərxaş,

İndi həsəbülxahişi-əhli-həsəd oldum,

Bir dadrəsim olmadı, xaric-bələd oldum!

 

Divanə edibdir məni Təbriz xəyalı,

Məclisdə təvazödəki nimxiz xəyalı,

Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı,

Sədri düyünün buyi-fərəhbiz xəyalı,

Qəndablə pür kaseyi-ləbriz xəyalı;

Bir də o gözəl günləri, ya rəb, görərəm mən?

Bu xam xəyalı edib axır ölərəm mən?!

 

Ya rəb, nola bir də edəm ol şəhri ziyarət,

Naz ilə xüramə gələm – arxamda cəmaət!

Gördükdə məni yol verə bu əhli-vilayət,

Tə`zim edə, baş endirə, qol bağlaya millət,

Bir kimsədə bir söz deməyə olmaya cürət,

Əyanları dindirsəm edə fəxrü mübahat;

Heyhat və heyhat və heyhat və heyhat!!!

Get yat və get yat və get yat və get yat!!!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, â„– 34) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 

İlk dörd nəşrdə şerdən əvvəl belə bir qeyd vardır: “(Məşrutəçilərin məcburən Hacı Mirzə Həsən imamcüməni ixraci-bələd etdiklərində imamcümənin zəbani-halı)”.

 

Hacı Mirzə Həsən – Təbrizin nüfuzlu mollalarında idi. Əvvəlcə məşrutəyə tərəfdar olmuş, sonra İranda irtica qüvvətlənməyə başladığı vaxt əncümənin şəriətə zidd olması haqqında təbliğat aparmışdı. Buna görə də xalqın tələbi ilə Təbrizdən qovulmuşdu. Şer bu münasibətlə yazılmışdır.




[i] Mirzə Cavad – Təbrizdə əncümən üzvü idi. Inqilabi nitq və çıxışları ilə tanınmışdı.

[ii] Mirzə Hüseyn – O zaman Təbrizdə əncümənin fəal üzvlərindən olmuşdur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info