Qonaq Kitabı
UŞAQLARA

 

Ey millətin ümmidi, dilü canı, uşaqlar!

Validlərinin sevgili cananı, uşaqlar!

 

Madərləriniz etdi sizə mehrü məhəbbət,

Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət,

Validləriniz xərcinizə etdi kəfalət,

Əlminnətü-lillah, sizə yar oldu səadət,

Olduz hərəniz bir evin oğlanı, uşaqlar!

Asudə gəzin indi bu dünyanı, uşaqlar!

 

Siz sərv kimi sərgəş olub boylə boy atdız,

Illik beçə tək banlıyaraq xəlqi oyatdız,

Şad oldu pədər, madəriniz – bu boya çatdız,

Bəsdir sizə gəhvareyi-naz içrə ki, yatdız,

Indi buraxın balışı, yorğanı, uşaqlar!

Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!

 

Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz,

Hərcayi gəzib, hər yeri seyran edəsiz siz,

Cəngü cədəlü qarətü talan edəsiz siz,

Hər cildə girib, aləmi viran edəsiz siz,

Gündə atasız bir neçə patranı, uşaqlar!

Ta öyrənəsiz şiveyi-də`vanı, uşaqlar!

 

Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,

Tə`lim alasız hər nə ki, aləmdə betərsə,

Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,

Mail olasız hər işə kim, fitnəsə, şərsə,

Adət qılasız hərzəvü hədyanı, uşaqlar!

Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!

 

Vəqt oldu vurub yıxmağa müştaq olasız siz,

Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,

Həm validə, həm validəyə ağ olasız siz,

Dincəlmiyələr ta nə qədər sağ olasız siz,

Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!

Ta uf deməyə qalmıya imkanı, uşaqlar!

 

Hər istədiyin olmasa hasil pədərindən,

Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən,

Söy ağzına cür`ətlə, çəkinmə hünərindən,

Biçarə xilas olmaq üçün şurü şərindən,

Çıxsın canı, satsın qabı-qazanı, uşaqlar!

Neylər dəxi ol sərvətü samanı, uşaqlar!

 

Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,

Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu,

Göz nuri hesab eylədiyi dərdi-sər oldu,

Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;

Nə ölmədi ta kim, qutara canı, uşaqlar!

Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, â„– 32) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info