Qonaq Kitabı
KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

 

Qarı nənənin sözlərini sanma çərəndir,

Canım, gözüm, ay qız!

Hər kəlməsi min lə`li-Yəmən, dürri-Ədəndir,

Anla sözüm, ay qız!

Çox ömr eləyib, çox da hünər etmişəm isbat

Bu dari-cəhanda.

Min hiylələri qatlamışam sinəmə qat-qat

Bu xeyli zəmanda.

Min il sənə nəqlin eləsəm məkri-nisani,

Qurtarmaz, azalmaz.

Doldursam əgər məkrlə ətrafi-cəhani,

Bir boş yeri qalmaz.

Cadu da əlimdən bacarıb cin də qurtarmaz,

Əfsunuma bah-bah!..

Mən eylədiyim məkri şəyatin də bacarmaz,

Vallah və billah!

Xoştaleimişsən ki, bu gün feyzi-hüzurum

Oldu sənə qismət.

Qan sözlərimi, indi sən, ey gözdəki nurum,

Qoyma keçə fürsət.

Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, -

Aqil olur olsun;

Bir ər ki, vəfadar ola, aləmdə tapılmaz, -

Cahil olur olsun;

Zinhar, vəfa etmə tələb ər dediyindən,

Sərvəqt ol, amandır!

Asudə xəyal olma bu şohər dediyindən,

Üç-dördün alandır.

Qırx il edəsən bir kişi əmrində itaət,

Mənzurda bilməz;

Vəqta ki, qocaldın alacaq başqa bir övrət,

Baxmaz sənə, gülməz.

Ər dərdü qəmin çəkmə, sən öz halına ağla,

Canı bəcəhənnəm!

Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,

Qıl könlünü xürrəm.

Tainki ayıqdır, həzər et ər dediyindən,

Ər zülmü yamandır!

Çün yuxladı, əl qat cibinə zər dediyindən,

Öz rəngini yandır.

Fürsət ki, olur rəngini vur hər gecə məxfi,

Fərrarəlik öyrəş!

Ta bilməyə şeytan da götürdün necə məxfi,

Əyyarəlik öyrəş!

Çün sübh çayın içdi kişi, çıxdı kənarə,

Bidərdü qəm oldun;

Açıldı başın, indi qıl öz dərdinə çarə,

Banu hərəm oldun;

Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın,

Gülqənd var evdə;

Artıq nə qalarsa, ona da xüşgəbər alsın,

Hərçənd var evdə.

Göndər uşağı, Şahbacını eylə xəbərdar –

Gəlsin hələ-həlbət,

Gəldikdə gətirsin neçə övrətləri zinhar,

Qur məclisi-işrət.

Mindir ocağa qazqanı, qaynat samavarı,

Çal nayı, qavalı;

Mehmanlara hazır elə min dürlü naharı;

Ver külçə, qoğalı,

Həm qaymağı, balı.

Ər fə`ləlik etsin,

Hər gün işə getsin;

Olma ona həmqəm,

Canı bəcəhənnəm!

Sən çəkmə məlali,

Qur məclisi-ali,

Pozma bu cəlali,

Ay başı bəlali!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 noyabr 1906, â„– 31) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info