Qonaq Kitabı
BAKI PƏHLİVANLARINA

 

Könlüm bulanır küçədə cövlanını görçək,

Nitqim tutulur hərzəvü hədyanını görcək.

 

Canım üzülür əldəki qalxanına baxcaq,

Qəlbim alışır beldəki patranını görcək.

 

Baxdıqca revolverinə əndamım olur süst,

Bağrım yarılır xəncəri-bürranını görcək.

 

Təfriq edəməm: məstmi, huşyarmısan sən, -

Məstanərəviş, məşyi-pərişanını görcək.

 

Düşdün lotuluq məşqinə, islamə uyuşma,

Öldür nərədə olsa müsəlmanını görcək.

 

Qoy börkünü kəc qaşının üstündə, fırılda,

Kəndin kimi bir lotiyi-meydanını görcək.

 

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,

Yum gözlərini xaneyi-viranını görcək.

 

Əmrədlər ilə keyfini çək bağda, çəməndə,

Bir baxma da ətfali-ciyərqanını görcək.

 

Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”,

Vellən gecə-gündüzdə xuramanını görcək.

 

Var-yoxunu sərf eylə barışnalara, ancaq

Söy həmsəri-məzlumeyi-nalanını görcək.

   Gül, gül ki, cəvansən,

   Əyyaşi-cəhansən,

   Sərxoşlara cansən,

   Hala güləcəksən.

   Vəqta ki, qocaldın,

   Rişi döşə saldın,

   Pis günlərə qaldın,

   Onda biləcəksən!..

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 oktyabr 1906, â„– 28) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 

Bu şer Füzulinin:

“Könlüm açılır zülfi-pərişanını görgəc,

Nitqim tutulur ğönçeyi-xəndanını görcək”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info