Qonaq Kitabı
CAVABLAR CAVABI

 

Elm ayineyi-surəti-hal idi, nədən bəs,

Əcsamdə ərvahə misal idi, nədən bəs,

Elm ilə vətən nikməal idi, nədən bəs,

Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,

Millət ümənasi bu gözəl rütbəyi dandı?

Əfsus, “Həyat”1 isə məmat oldu, qapandı!

 

Elm idi əgər bəxş edən insanə şərafət –

Millət nə səbəbdən ona göstərmədi rəğbət?

Islam ülumunda gər olsaydı ləyaqət

Rusi oxumuşlar bə neçin etdilə nifrət?

Bu nifrəti hər gündə görüb axır utandı,

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

 

Mey nəş`əsini zövq bilər, cam nə bilsin?

Ruh anladığı ləzzəti əcram nə bilsin?

Ustadın işin, işlədiyin xam nə bilsin?

Elmin, hünərin qiymətin islam nə bilsin?

Getsin qabağa qonşular, islam dayandı,

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

 

Qoy qonşular alsın hələ min dürlü fəvaid,

Qoy qonşular etsin hələ təzyidi-cəraid,

Sən söylə, qəzetdən nə olur bizlərə aid,

Ancaq ikini bir elə, qoyma ola zaid,

İslamdə bilmək, oxumaq çünki ziyandı,

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

 

Əğyarlər imdi sənə faiqmi, deyil ya?

Islamını məhv etməyə şaiqmi, deyil ya?

Ibzali-himəm millətə layiqmi, deyil ya?

Ancaq əməlin qət`i-əlaiqmi, deyil ya?

Çün qət`i-əlaiq odu hər güşədə yandı,

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

 

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,

Millət düyünün açmağa hümmət gərək olsun,

Min elm deməkdənsə həmiyyət gərək olsun,

Sözdən nə bitər, işdə həqiqət gərək olsun!

Həqsizliyi hər gündə görüb axır usandı,

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

 

Ağrıtma əbəs başını, meyl etmə ülumə,

Yox vəq` qoyan elmə, kəmalatə, rüsumə,

Hər kəs cibini güdmədədir baxsan ümumə,

Xərc etsə edər dolma-badımcanə, lühumə;

Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!

Əfsus, “Həyat” isə məmat oldu, qapandı!..

 

 

“Həyat” qəzetinin bağlanması münasibəti ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (6 oktyabr 1906, â„– 27) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info