Qonaq Kitabı
BARIŞNALARA DAİR

 

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,

     Ahu nəzərin var.

Vey sərv, nə xoş can alıcı qəmzələrin var,

     Həm işvələrin var.

Aldatdı cəvanlarımızı nazü kirişmən,

     Firuzeyi-çeşmin.

Xurmayı saçında nə bəla təlxi-bərin var,

     Zəhrin, şəkərin var.

Başdan ayağa şəhd kimi safsən, ey şux,

     Şəffafsən, ey şux!

Əmma məkəsi-nəhl kimi niştərin var,

     İncə kəmərin var.

Əbnayi-vətən vəqf eləyir vəslinə canın,

     Həm ruhi-rəvanın.

Hətta qocalardan da necə bəxtəvərin var,

     Yaxşı xəbərin var.

Etdin saçını “qufravat”, urdun üzə “rumyan” –

     Cövlan elə, cövlan!

Bir ev nə münasib sənə, hər evdə yerin var,

     Hər yerdə ərin var.

Ancaq demə tacirlərə eşqin əsər etdi,

     Divanəsər etdi.

Amillərə tüccardən artıq əsərin var,

     Fəthin, zəfərin var.

Məktəblilər içrə deyil az söhbəti-ruyin,

     Keyfiyyəti-muyin.

Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,

     Aşıftələrin var.

Qafqazlı müsəlmanlar edərsə səni qaib,

     Fikr etmə əcaib.

Iranlı müsəlmanları tək əbdi-dərin var,

     Min dərbədərin var.

Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,

     Didarına müştaq.

Məsciddə dəxi bir neçə xunincigərin var,

     Şuridəsərin var.

Bilməm nə füsun eylədin, ey fitneyi-əyyam,

     Uydu sənə islam?!

Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,

     Dildadələrin var.

Aşiq arayıb aləmi seyr eylədin əmma,

     Xeyr eylədin əmma;

Bir zövci-həlal ilə dolaşsan zərərin var.

     Xövfin, xətərin var.

Hər xami təmə aşiq ilə ülfətin olmaz,

     Ünsiyyətin olmaz;

Varın yox edən sərxoşa əvvəl nəzərin var,

     Sonra həzərin var.

Gövhər saçılır, zər saçılır yar yolunda,

     Dildar yolunda.

Ey bəhr, sanırsan sənin ancaq gühərin var?

     Vey kan, zərin var!

Hop-hop, demə bixud ki, mən uydum o nigarə,

     Bax əhli-diyarə.

Ey qafil, özündən sənin ancaq xəbərin var!

     Xunabi tərin var,

     Dərdin, kədərin var,

     Çox dərdi-sərin var,

     Bu köhnə başında

     Tazə xəbərin var!

 

     Millət belə batdı,

     Ümmət elə yatdı,

     Xud, söylə, ay axmaq,

     Daşı kim oyatdı?

     Dinmə, xətərin var!

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr, 1906, â„– 25) “Hop-hop” imzası ilə çap olunmuşdur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info