Qonaq Kitabı
“HƏYAT”IN KOP-KOPUNA CAVAB

 

Bu tufl ki, nuri-bəsərü şireyi-candır,

Tabi tənü arami-dilü ruhi-rəvandır,

Min zəhmət ilə bəslədiyin tazə cəvandır,

Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!

   Qoy küçədə naz ilə xuram eyləsin oğlun!

   Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!

 

Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir,

Aludeyi-qəm etməyə mail bəhəvəsdir,

Bunca ki, gedib məktəbə, bildikləri bəsdir,

Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir;

   Qoyma o dağılmışda məqam eyləsin oğlun!

   Sübhün belə viranədə şam eyləsin oğlun!

 

Məktəbdə gedib dərs oxuyanları görürsən,

Nitqi çəkilən tazə cəvanları görürsən,

Qət`ən quruyub cismdə qanları görürsən,

Arifsən, özün yaxşı-yamanları görürsən,

   Qıyma ki, gedib fikrini xam eyləsin oğlun!

   Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun!

 

Bavər edəməm elmdən olsun fərəh aid,

Elm artıq olursa, həm olur qəm mütəzaid,

Istərsən əgər oğlun edə kəsb fəvaid,

Həm sərvəti zaid ola, həm miknəti zaid,

   Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!

   Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!

 

Biçarə kişi, qanmağa başın hələ keydir,

Axır mənə bir söylə görüm, elm nə şeydir?

Bilmək nə gərək kim, bu əlifdir, bu da bəydir?

“Həvvəz”, sora “hütti”, bu nə heydir, o nə heydir?1

   Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun!

   Bəy xanlar ilə dəxl-kəlam eyləsin oğlun!

 

Gop-gop2 kimi bifaidə əhli-qələm olma,

Ol Başıqapazlı3, vəli Bidərdü4 Qəm5 olma,

Qızdırmalı6 ol, Təşnələbü7 Didənəm8 olma,

Molla Mozalanlara9 uyuş, möhtərəm olma,

   Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun!

   Kəsbin buraxıb, şerə dəvam eyləsin oğlun!

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr, 1906, â„– 23) “Hop-hop” imzası ilə çap olunmuşdur.

C.Məmmədquluzadənin “Niyə mən dərsdən qaçdım?” adlı felyetonu, M.Ə.Sabirin “Ol gül ki, sənə xaliq edər lütf bir övlad” və “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” misraları ilə başlanan şerləri “Molla Nəsrəddin” jurnalında (19, 26 may və 16 iyun, 1906, â„– 7, 8 və 11) çap ediləndən sonra “Həyat” qəzetinin 1906-cı il 25 avqust tarixli 190-cı nömrəsində “Gop-gop” imzası ilə həmin əsərlərə həm nəsr, həm də nəzm ilə cavab verilmişdir. M.Ə.Sabir “Həyat”ın Gop-gopuna cavab” adlı şerini məhz bu münasibətlə yazmışdır.

Jurnalda Sabirin şerindən əvvəl “Həyat”ın “Gop-gopuna” cavab (“Həyat”, â„– 190) adlı bir felyeton da çap olunmuşdur.

 

1. Ərəb əlifbasında iki cür H vardır: biri “həvvəz” hayı, o biri isə “hütti” hayı. Şair bunlara işarə edir.

2. Gop-gop – “Həyat” qəzetində işlənmiş gizli imzadır.

 

“Molla Nəsrəddin jurnalında işlənmiş gizli satirik imzalardır:

3. Başıqapazlı

4. Bidərdü

5. Qəm

6. Qızdırmalı

7. Təşnələbü

8. Didənəm

9. Mozalanlara



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info